Lavrovun “iradə” söhbəti, erməni parlamentindəki aqressiya və gözlənilən böyük savaş


Ermənistanın yeni parlamentinin konstruktiv olacağı ilə bağlı ümidlər dəfn olundu; XİN başçılarının Paris görüşü ilə eyni vaxtda işğalçı ölkədəki daşnaklar Qarabağda toplaşdılar; Fazil Mustafa: “Azərbaycan Ermənistanın istənilən vəziyyətində torpaqları qaytara bilər, lakin...”

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün keçirildiyi saatlarda Moskvadan Qarabağla bağlı növbəti açıqlamalar yayıldı. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasındakı növbəti görüşdən fövqəladə nəticə gözlənilmirdi. Lakin təmas xəttində son vaxtlar səngiyən gərginliyin artmaması üçün bu görüş vasitəçilər üçün zəruri idi.

Maraqlıdır ki, uzun müddət məsələnin həlli mövzusunda daha çox susmağa üstünlük verən Rusiya xarici işlər naziri Sergey Lavrov bu dəfə nikbin açıqlama verib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi İrəvan və Bakının iradəsi ilə və ATƏT-in Minsk Qrupu həmsədrlərinin timsalında beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə həll oluna bilər. Ancaq hər kəsə bəllidir ki, Qarabağ məsələsində həlledici söz sahibi Rusiyadır. Hətta Qərb dövlətlərinin rəhbərləri də dəfələrlə etiraf ediblər ki, münaqişənin açarı Rusiyadadır. Bu mənada şimal qonşumuz tərəflər arasında balans yaratmaqdansa, işğalçını yerində oturtmaq istiqamətində addım atsa, məsələyə qısa müddət ərzində nöqtə qoyular.

Görünür, hələlik Rusiya məsələnin həllində maraqlı deyil. Nikol Paşinyan hökumətinin zamanında isə Kremlin Qarabağ məsələsinin hansısa tərəfin üstünlüyü ilə həllinə imkan tanıyacağına inanmaq inandırıcı deyil. Əgər Moskva belə bir niyyətdə olsaydı, ona dost olan Köçəryan, yaxud Sərkisyan dönəmlərində ciddi addım atardı. Bu mənada S.Lavrovun son açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin “İrəvan və Bakının iradəsi ilə” həlli barədə məqam bir az da acı gülüş doğurur. Bakıdan fərqli olaraq, İrəvanın iradəsi yoxdur və tarixi təcrübə bunu sübut edir. İşarəni Moskvadan gözləyən ölkənin “iradəsindən” bəhs etmək təəccüblüdür.

Mariya Zaxarova ile ilgili görsel sonucu

Yeri gəlmişkən, S.Lavrov rəhbərlik etdiyi qurumun sözçüsü Mariya Zaxarovanın anti-Azərbaycan bəyanatının üstündən sükutla keçərək, “Rusiya-Azərbaycan əlaqələri kifayət qədər sabit və mərhələli inkişaf edir” - deyib. Bunu Zaxarovaya cavab saymaq olardı. Lakin onun Azərbaycanda həbs edilmiş erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov-Qalstyanla bağlı danışması, danışıqlar nəticəsində erməninin Rusiyaya qaytarılacağına ümidini ifadə etməsi diqqətdən yayınmır. S.Lavrov bu məqamda Rusiya vətəndaşı Dilqəm Əsgərovun artıq 5-ci ildir (!) Dağlıq Qarabağ separatçılarının əlində girov saxlanmasının üstündən keçib ki, bu da elə Zaxarovanın mövqeyinə yaxın münasibətdir. Ona görə də əksər müşahidəçilərimiz bu fikirdədir, belə ikili standartın olması şəraitində Qarabağ məsələsində ədalətli addım gözləməyə dəyməz.

*****

Ermənistanda fəaliyyətə başlayan yeni parlamentdə artıq gərginliyə də start verilib. Üstəlik, Ermənistanın ictimai rəyində Paşinyanı Qarabağ məsələsində daha radikal olmağa yönəlik çağırışlar səslənir ki, bu da dinc yolla həllə olan inamı heçə endirir. “Baş nazir Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı planı budur ki, münaqişə üzrə danışıqlarda Ermənistan tərəf kimi iştirak etməsin. Seçicilər də ona səs verərkən bunu nəzərə almışdılar”.

Stepan Danielyan ile ilgili görsel sonucu

Teleqraf.com xəbər verir ki, bu iddia ilə erməni politoloq Stepan Danielyan çıxış edib. Ekspert hazırkı mərhələdə danışıqların Ermənistan və Azərbaycan arasında aparıldığını, lakin Paşinyanın bu formatı dəyişdirməyə cəhd etdiyini bildirib: “Danışıqlar davam edir, lakin bu proses konkret məsələlər üzərində getmir. Əgər söhbət Qarabağın statusundan gedirsə, demək, hazırkı Ermənistan hakimiyyəti seçiciləri aldadıb. Qarabağ məsələsi digər yerinə yetirilməyən vədlərdən çox fərqlidir. Məsələn, Şarl de Qoll seçkilərdən əvvəl fransız hərbi qüvvələrinin Əlcəzairdən heç vaxt çıxarılmayacağı vədini verdi. Amma seçildikdən sonra tamamilə əks addım atdı. Yəni Nikol de Qoll, Qarabağ isə Əlcəzair deyil”.

Ruben Rubinyan ile ilgili görsel sonucu

“Cəmiyyətin mövqeyi məlum olanadək Ermənistanın xarici siyasəti dəyişməyəcək”. Bunu isə Ermənistan parlamentinin “Mənim addımım” blokunun deputatı Ruben Rubinyan deyib. O, indiki məqamda Nikol Paşinyan hökumətinin əvvəldən mövcud olan xarici siyasəti dəyişdirmək məsələsini nəzərdən keçirmədiyini açıqlayıb. Rubinyan yeni hakimiyyətin Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ilə bağlı siyasətinin dəyişməyəcəyini də bildirib: “Baş nazir danışıqların Vyana və Sankt-Peterburqda tərəflər arasında keçirilmiş görüşlərdə əldə edilən anlaşmalar üzrə davam etdiriləcəyini bildirib. Hesab edirik ki, münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olmalıdır”.

Qeyd edək ki, Vyana (Avstriya) və Sankt-Peterburq (Rusiya) görüşləri 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyev və dönəmin Ermənistan başçısı Serj Sərkisyan arasında keçirilmişdi. Əlavə edək ki, “Mənim addımım” blokuna hazırkı baş nazir Nikol Paşinyan rəhbərlik edir.

Parisdə danışıqların aparıldığı gün daşnakların Azərbaycan ərazisində toplanması da işğalçı ölkənin islah olunmağa meylli olmadığını təsdiqləyir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, partiyanın 3-dən artıq ölkəsindən 100-ə qədər daşnak Qarabağda yeni büro üzvlərini seçəcək. Yanvarın 16-dan 24-nə qədər davam edəcək toplantıda millətçi partiyanın gələcək perspektivləri də müzakirə olunacaq. Hazırda Daşnaksütyun Partiyasının bürosuna 4-ü Ermənistandan, 2-si Livandan, 2-si ABŞ-dan və hərəyə 1 nəfər İran, Fransa və Kanadadan üzv var. Əslində həmsədrlər danışıqların pozulmasına yönəlik bu addımı pisləməliydi. Ancaq onları belə məsələlər narahat etmir...

Ermənistan parlamentinin 16 yanvar tarixli iclasında isə “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” fraksiyalarının deputatları arasında qarşıdurma olub (Virtiualaz.org). “İşıqlı Ermənistan” fraksiyasından deputat Arman Babacanyan çıxışında Ermənistan hökumətinin xarici siyasətini tənqid edib. Bildirib ki, son illər Ermənistanın xaricdəki səfirləri vəzifələrinə əsasən şübhəli bioqrafiyaya və kriminal keçmişə malik olan adamlar təyin olunurlar. Onun sözlərinə görə, Ermənistanın Ukraynadakı keçmiş səfiri Andranik Manukyan buna misaldır.

“Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan isə Babacanyana cavab verib, onu “Azərbaycanın tezislərini təkarlamaqda” günahlandırıb. “Cənab Babacanyan, yəqin fərqində deyilsiniz ki, mən üç il Ermənistanın Ukraynadakı səfiri Andranik Mankyanın müşaviri olmuşam. Həmin tezislər ki, siz onları indi burada səsləndirdiniz, informasiya məkanına əsasən Azərbaycanın tərəfindən atılıb. Sizi nə məcbur edir ki, bu tribunadan neoazərbaycan tezislərini təkrar edəsiniz?” - o bildirib.

“İşıqlı Ermənistan” fraksiyasının deputatları bu vaxt yerlərindən Abovyana etiraz ediblər, prosesə “Çiçəklənən Ermənistan” fraksiyasından deputatlar da qoşulublar. Nəticədə zalda “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyanla  “Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri  Qrant Mədətyan arasında qarşıdurma olub. Digər deputatların və spiker Ararat Mirzəyanın müdaxiləsindən sonra tərəflər sakitləşiblər.

İşğalçı ölkədəki seçkilər ərəfəsində belə rəy yaranırdı ki, yeni hökumət və yeni parlamentin olması şəraitində Qarabağ müzakirələrini daha normal şəkildə aparıb nəticə əldə etmək olar. Lakin artıq ilk iclaslardan göründüyü kimi, Ermənistanda güclü şəkildə anti-Azərbaycan mövqeyi formalaşıb və bu mövqe yalnız “müharibə partiyası”nın, yaxud Qarabağ klanlının mövqeyi deyil.

Deputat Fazil Mustafa ile ilgili görsel sonucu

Deputat Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, bu cür müzakirə və mübahisələr Ermənistanda hər zaman olacaq:“Çünki Qarabağ məsələsi ətrafında siyasi spekulyasiyalar uzun illər bu ölkədə aktual olacaq. ”Azərbaycanın tezisləri", “Azərbaycanın maraqlarına işləmək”, “Torpaqları Azərbaycana geri qaytarmaq” məzmunlu ittihamlar siyasi leksikonda tez-tez rast gəlinir və bu da daha vətənpərvər görünmək yarışında vacib komponentlərdən sayılır. Fikrimcə, ermənilər kənardan daha sistemli ağılla idarə olunan cəmiyyətdir, parlament, sadəcə, forma olaraq diqqət mərkəzindədir. Bu cür mübahisələr adi prosedur məsələləri ilə bağlıdır və müntəzəm olaraq baş verəcək".

Xatırladaq ki, 90-cı illərdə Azərbaycanda mübarizə parlament müstəvisinə keçəndən sonra ərazi itkilərimiz başlamışdı. Eyni vəziyyət Ermənistan üçün yarana və ya Azərbaycan bu şansdan istifadə edib torpaqları qaytara bilərmi? F.Mustafa: “Torpaqların qaytarılması üçün Ermənistan cəmiyyəti içindəki durumun dəyişməsi əsas faktor deyil. Beynəlxalq güclərin siyasətindəki dəyişiklik daha vacib şərtdir. Azərbaycan Ermənistanın istənilən vəziyyətində torpaqları qaytara bilər, lakin bölgədə maraqlı olan dövlətlərin hansı təzyiqləri ilə qarşılaşacağını proqnozlaşdırmaq elə də çətin deyil. Ermənistanda indi tədricən ”daşlar" yerinə oturmağa başlayır, xaotik durum bir qədər arxada qaldı, lakin meydan hərəkatı ilə dövlət idarəetmə üsulu arasında təzadlar ara-sıra özünü büruzə verməlidir. Yəni 90-cı illərlə müqayisə yanlış nəticələr çıxarmamıza gətirib çıxara bilər. Çox fərqli dövrlərdəyik".

Bu arada Qarabağda çoxsaylı cinayətlər törətmiş “Yerkrapa” könüllülər ittifaqının rəhbəri Manvel Qriqoryanın yenidən həbs olunmasını tələb edənlər növbəti bəyanatlarla çıxış ediblər. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, davamlı aksiya keçirən şəxslər baş nazir Nikol Paşinyanla görüşmək istəyir. Onların tələbləri barədə mətbuata aksiyanın təşkilatçılarından biri, Djivan Abramyan bildirib.

“Nikol Paşinyandan başqa hakimiyyət nümayəndələrindən heç kimlə görüşmək istəmirik. Cənab Paşinyan, elə edin ki, üç gün ərzində bizim qrup sizinlə görüşsün. Bizim sizə sözümüz var” - Abramyan bildirib. O, növbəti aksiyanın da anonsunu verib. Deyib ki, növbəti yürüş Arşakunyants prospekti istiqamətində ola bilər. Abramyan prospektdə hərəkətin dayandırılmasını da istisna etməyib.

Xatırladaq ki, N.Paşinyana ultimatumla çıxış edən aksiya iştirakçıları M.Qriqoryanın həbsini tələb edirlər. Onu da qeyd edək ki, M.Qriqoryanın hazırda Dağlıq Qarabağda olduğu iddia olunur. Paşinyana verilən vaxt başa çatıb. Gözləyək, görək qarşı tərəfin mövqeyi necə olacaq...

Üstəlik, R.Köçəryanın həbsdən buraxılması istiqamətində cəhdlər göstərilir. N.Paşinyan cəmiyyətin müxtəlif spektrlərindən gələn təzyiqlərin fonunda Qarabağ güzəştinə çətin ki, getsin. Bunu yəqin həmsədrlər də bilir, sadəcə, status-kvonu saxlamaq istiqamətində fəaliyyətlərini davam etdirirlər. Belə olan halda erməni ekspertlərinin “Yazda Azərbaycan hücuma keçəcək” tipli açıqlamaları reallaşa bilər...

Tarix: 17-01-2019, 10:20
Xəbəri paylaş





Xəbər lenti