Bəyanat: Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün müsbət siqnal görür


Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün müsbət siqnal görür.

Trend-in məlumatına görə, bu barədə Avropa Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində son hadisələrlə bağlı bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, son aylarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan danışıqlar, o cümlədən sonuncusu yanvarın 16-sı Parisdə keçirilən ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında XİN rəhbərlərinin görüşləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyiş üçün müsbət siqnaldır.

Vurğulanır ki, Avropa İttifaqı onların nəticələrinin, o cümlədən xarici işlər nazirlərinin əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin vacibliyi barədə yaxınlarda əldə etdikləri razılaşmanın tam reallaşdırılmasını, həmçinin danışıqların aktivləşdirilməsinə yönəlmiş addımlara baxılmasını səbirsizliklə gözləyir:

"Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərinə və təkliflərinə, o cümlədən Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi, həmçinin münaqişə ölkələrinin vətəndaş cəmiyyətində etimadın möhkəmləndirilməsi üzrə tədbirlər vasitəsilə tam dəstəyini davam etdirir. Hamı Cənubi Qafqaz regionuna öz potensialını reallaşdırmağa kömək edəcək möhkəm sülhdən qazanacaq".

Xatırladaq ki, yanvarın 16-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə E.Məmmədyarov və Z.Mnatsakanyan arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Tarix: 19-01-2019, 06:49
Xəbəri paylaş





Xəbər lenti