Açıq KARTLAR, 20-25 dəqiqəlik MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb.İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumu işinə başlayıb. Almaniya kansleri Angela Merkellə Fransa Prezidenti Emmanuel Makron Aaxen şəhərində Alman-Fransız İş Birliyi və İnteqrasiya Razılaşmasına imza atıblar. İsrailin Suriyaya hava hücumunda 12 İran əsgəri öldürülüb.
Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada tələbələrlə görüşündə deyib.
Qafqazdakı vəziyyətə toxunan nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyi üçün təhdiddir: “Qarabağ münaqişəsi nizamlanmadan Qafqazda sabitlik mümkün deyil. Həmçinin bizim üçün Ermənistanla münasibətlərin tənzimlənməsi də mümkün deyil. Biz 2019-cu ildə də bu məsələ ilə bağlı davamlı iş görəcəyik”.
M.Çavuşoğlu vurğulayıb ki, erməni lobbisi dünyada Türkiyə əleyhinə aktiv fəaliyyət göstərməyə davam edir.
ABŞ prezidenti Donald Tramp baş nazir təyin edilməsi münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda Ermənistandakı siyasi dəyişikliyi salamladığını, həmçinin, tezliklə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunacağına ümid etdiyini bildirdi. Rusiya KİV-i Trampın məktubunda deyilən sözlərin əslində Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədinin olduğunu iddia edirlər.
ABŞ Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və Qarabağda müharibəni başlatmaq istəyir. Rusiya bir neçə media orqanı bu tezislə çıxış edir. Rusiya KİV-i ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan kəşfiyyat-analitik mərkəzinin proqnozunu xatırladır.
Ermənistan hakimiyyəti təbii qaz üzrə daxili tariflərin saxlanılması haqqında “Qazprom”la razılaşdı. Bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumun kuluarlarında deyib.
“Ölkə daxilində qazın tarifi dəyişməyəcək və biz son razılığa gəlmək üçün “Qazprom”la danışıqları davam etdirəcəyik. Qazın uzunmüddətli qiymətini uyğunlaşdırmaq bizim üçün çox əhəmiyyətlidir. Hazırda Avrasiya İqtisadi İttifaqı çərçivəsində qazın və energetikanın ümumi bazarlarının yaradılması haqqında müzakirə gedir”, - baş nazir qeyd edib.
Suriyada 2015-ci il noyabrın 27-dən etibarən hər hansı hücumun hədəfi olmayan ABŞ son bir həftə ərzində iki dəfə hücuma məruz qaldı. Bundan başqa, İsrailin Suriyada ötən ilin mayından bu yana İranın hərbi nöqtələrinə qarşı ən genişmiqyaslı hücumunu həyata keçirdi. Ekspertlər bu hücumların ABŞ-ın Suriyadan çəkilmə qərarı ilə birbaşa bağlantısının olduğunu bildirirlər.
Suriyada hökumət gücləri və İran tərəfindən dəstəklənən qruplar Rusiya və Türkiyə arasında imzalanan Soçi razılaşması ilə təhlükəsiz zona elan edilən İdlib vilayətinə hücum edib. İdlibin cənubu top atəşinə məruz qalıb.
Mülki müdafiə mənbələri ölü və yaralananlar haqqında məlumat olmadığını bildiriblər. Hazırda Soçi razılaşmasına uyğun olaraq Türkiyə İdlib vilayətində nəzarət-müşahidə məntəqələri qurub.
Yanvarın 21-də gecə saatlarında Suriyada İsrail tərəfindən məhv edilən Rusiya istehsalı “Pantsir-S1” zenit-raket kompleksi İsrailin “SkyStriker” pilotsuz uçuş aparatı ilə vurulub. Bu barədə “İzvestiya” nəşrində hərbi ekspert Vladislav Şurıqin yazıb.
Ötən gecə İsrailin Suriyaya hava hücumunda 12 İran əsgəri öldürülüb. Bu haqda Londonda yerləşən Suriya İnsan Hüquqları Təşkilatının (SOHR) xəbərində deyilir.
Rusiya hələ “Avanqard” hipersonik kompleksinin Silahlı Qüvvələrdə meydana çıxmasından əvvəl ABŞ-la müharibəyə hazır idi. Bu haqda TVS telekanalın efirində politoloq və şərqşünas Yevgeni Satanovski bildirib.
ABŞ və Rusiya arasında silahlı konfliktin baş vermə ehtimalını qiymətləndirən ekspert 2018-ci ilin martında ABŞ-ın Suriyanı növbəti raket zərbəsi ilə hədələməsini, ardınsa Rusiya prezidenti Vladimir Putinin xəbərdarlığını xatırladıb.
“Prezident dedi ki, Suriya üzrə zərbələr zamanı bizim hərbi qulluqçularımız məhv olarsa, onda dənizdə üzən və havada uçanlar bütün platformalara zərbələr endiriləcək, batırılacaq və düşürüləcək”, - Satanovski deyib.
Politoloq bildirib ki, artıq ABŞ-ın zərbəsindən sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş qərargahın başçısı Valeri Qerasimovla söhbət edib: “Mən sonra bu iki insandan soruşdum: biz həqiqətən buna hazır idik? “Bəli” hər ikisi dedilər. “Nə qədər vaxt lazımdır?”, - soruşdum. “Dəqiqələr, 20, bəlkə də 25”, - cavabını aldım”, - Yevgeni Satanovski yekunlaşdırıb.
İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumu işinə başlayıb. Forumun əsas mövzusu bu il "Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal arxitekturanın formalaşması"dır.
Davos forumuna 110 ölkədən 3 mindən çox iştirakçı toplanıb. Forumda 60-dan çox dövlət başçısının iştirak edəcəyi gözlənilir. ABŞ Administrasiyasının nümayəndə heyəti "şatdaun"a görə Davosa getməyəcək.
Bu gün Almaniya kansleri Angela Merkellə Fransa Prezidenti Emmanuela Makron Aaxen şəhərində Alman-Fransız İş Birliyi və İnteqrasiya Razılaşmasına imza atıblar. Yeni razılaşma 22 yanvar 1963-cü ildə Almaniya kansleri Konrad Adenauerlə Fransa Prezidenti Şarl de Qoll arasında imzalanan Yelisey razılaşmasının əsasında hazırlanıb. Yeni razılaşmanın 7 başlıq, 28 maddə və 16 səhifədən ibarət olduğu vurğulanıb.
Almaniya kansleri Angela Merkel Yelisey razılaşmasının 56-cı ildönümündə Berlinin Fransa ilə iş birliyini artırmaq məqsədiylə imzaladığı Alman-Fransız İş Birliyi və İnteqrasiya sazişinin Avropa ordusunun yaradılması istiqamətində ilk addımlar olduğunu bildirib.
ABŞ-ın və Koreya Xalq Demokratik Respublikasının kəşfiyyatları artıq 10 ildir əlaqədə idilər. Bu haqda “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən bildirib.
Xəbərə görə, iki ölkənin kəşfiyyatı 2009-cu ildən “məxfi konsultasiyalar” keçirirdi və onların arasında xüsusi əlaqə kanalları mövcud idi. Son 10 ildə Amerika kəşfiyyatının nümayəndələri Şimali Koreyadan olan həmkarları ilə görüşürdülər.
Ömər Dağlı


Tarix: 22-01-2019, 21:47
Xəbəri paylaş





Xəbər lenti