Erkən seçki yenə gündəmdə


Erkən seçki yenə gündəmdə

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi yenidən gündəmə gəlib. 

Bu məsələ əslində ötənilki prezident seçkilərindən sonra aktuallaşıb. Bir sıra siyasi təşkilatlar, millət vəkilləri fikir səsləndirib, mediada, sosial şəbəkələrdə rəylər yazılıb. Yayıylan xəbərlərə  görə,  Milli Məclisə növbədənkənar seçkilər bu ilin aprel ayında keçirilə bilər. 

Hakim YAP da məsələyə münasibət bildirib. 

"Biz növbədənkənar parlament seçkiləri ilə bağlı yayılan xəbərləri sadəcə, müzakirə kimi qəbul edirik. Hazırda növbədənkənar parlament seçkisinin keçirilməsinə hər hansı ehtiyac yoxdur”,- deyə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Qeyd edək ki, bir sıra müxalifət partiyaları da növbədənkənar seçkilərin tərəfdarı kimi çıxış edir. Hətta seçkilərin tezliklə baş tutacağı haqqında fikirlər səsləndirilir. Növbədənkənar seçkilərlə bağlı yayılan məlumatlar isə hələlik rəsmi səviyyədə nə təsdiq, nə də təkzib edilir. Bu da, müzakirələrin davamlı olmasına, müxtəlif fikirlərin yayılmasına rəvac verir. Maraqlıdır, növbədənkənar parlament seçkiləri keçirilə bilərmi? 

“Erkən seçkiyə ehtiyac yoxdur”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat  Fərəc Quliyev “Cümhuriyət” qəzetinə açıqlamasında növbədənkənar parlament seçkilərinə ehtiyac olmadığını deyib: 

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında proqnoz vermək çətindir. Əslində, bizə fərq etməz. Keçirilərsə, iştirak edib özümüzü yoxlayarıq. Amma hazırda növbədənkənar parlament seçkilərinə ehtiyac olduğunu düşünmürəm. Bunun əsasları yoxdur. Onsuz da parlament seçkilərinə az qalıb. Amma hər hansı bir səbəbdən növbədənkənar seçkilər keçirilərsə, iştirak edəcəyik. Bu məsələni əlaqədar təşkilat, strukturlarla dəqiqləşdirmək lazımdır, çünki dövlət işidir. Amma konstitusiyada bu, müəyyən olunmayıb, bunun mexanizmi yoxdur”.

“Parlamentdə passivlik var”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə növbədənkənar parlament seçkilərinə ehtiyac olduğunu deyib. E.Şahinoğlu hesab edir ki, hazırkı parlament islahatlarla ayaqlaşa bilmir: 

“Dövlət başçısı iqtisadi islahatları sürətləndirib. Böyük işlər görülür. Əlbəttə ki, yayılan söz-söhbətlər də əsassız deyil. Parlament də gərək bu istiqamətdə fəaliyyətini artırsın. Doğrudur, parlamentdə bir neçə deputat fəaldır, cəmiyyətdə baş verən hadisələrə mövqe bildirir, qanunvericilik təşəbbüsü ilə çıxış edirlər. Amma açıq etiraf etmək lazımdır ki, bunu çoxluq haqqında demək olmaz. 

Məsələn, 125 millət vəkili var, onların hamısının şəklini masanın üzərinə qoysalar, ən yaxşı halda onlardan 25-ni tanıyaram. Çoxunu küçədə görsəm bilmərəm ki, millət vəkilidir. Parlamentdə passivlik var. Düşünürəm ki, bu səbəbdən növbədənkənar parlament seçkilərinə ehtiyac duyula bilər. Amma bütün hallarda 2020-ci ildə parlament seçkiləri keçiriləcək. Lakin bugünkü parlament islahatlarla ayaqlaşa bilmir. Buna görə də növbədənkənar parlament seçkilərinə ehtiyac var”.


Cebhe.info

Tarix: 26-01-2019, 17:19
Xəbəri paylaş





Xəbər lenti