Qarabağda son nöqtənin qoyulacağı TARİX, 20-25 dəqiqəlik MÜHARİBƏ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Ermənistan KİV-i Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə “Bolton planı”nın olduğuna dair iddia ortaya atıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib. ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampa Birləşmiş Ştatları NATO-dan çıxarmağı qadağan edən qanun layihəsini qəbul edib. NATO və Gürcüstan Rusiyanın Qara dəniz regionunda hərbi potensialını artırmasından narahatdır. İsrailin Hərbi-Hava Qüvvələri Suriyaya aviazərbələr endirib. Ukrayna Ali Radasının deputatı Kuban və Qafqazı Rusiyanı Qafqaz və Kubanı güc yolu ilə almaqla hədələyib.
Azərbaycan, Dağlıq Qarabağ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.
Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüşündən danışıb.
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bir araya gəldiyi görüşün detallarını açıqlayıb.
Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil.Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada tələbələrlə görüşündə deyib.
Qafqazdakı vəziyyətə toxunan nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyi üçün təhdiddir: “Qarabağ münaqişəsi nizamlanmadan Qafqazda sabitlik mümkün deyil. Həmçinin bizim üçün Ermənistanla münasibətlərin tənzimlənməsi də mümkün deyil. Biz 2019-cu ildə də bu məsələ ilə bağlı davamlı iş görəcəyik”.
M.Çavuşoğlu vurğulayıb ki, erməni lobbisi dünyada Türkiyə əleyhinə aktiv fəaliyyət göstərməyə davam edir.
ABŞ prezidenti Donald Tramp baş nazir təyin edilməsi münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda Ermənistandakı siyasi dəyişikliyi salamladığını, həmçinin, tezliklə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunacağına ümid etdiyini bildirdi. Rusiya KİV-i Trampın məktubunda deyilən sözlərin əslində Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədinin olduğunu iddia edirlər.
ABŞ Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və Qarabağda müharibəni başlatmaq istəyir. Rusiya bir neçə media orqanı bu tezislə çıxış edir. Rusiya KİV-i ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan kəşfiyyat-analitik mərkəzinin proqnozunu xatırladır.
“ABŞ prezidenti Donald Trampın Nikol Paşinyana təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi haqqında dediyi sözlər əslində tələbdir. Məlumdur ki, münaqişə yalnız Azərbaycan ərazilərinin qaytarılması ilə mümkün ola bilər”. Bu barədə rusiyalı ekspert Dmitri Verxoturov deyib.
Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın rolu azaldılıb. Əvvəl “Lavrov planı” haqqında danışılırdısa, indi “Bolton” planından söhbət gedir. Bu fikirlər Ermənistanın “Yerkramas” nəşrində dərc olunan “Böyük oyunun kiçik detalı” başlıqlı məqalədə qeyd edilib.
“Martda liderlər Qarabağ münaqişəsi üzrə razılaşmanı imzalaya bilərlər”. Bu barədə rusiyalı politoloq Modest Kolerov Ermənistanın “Joxovurd” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, sənəd çoxdan mövcuddur, sadəcə olaraq mart ayında imzalanacaq.
Qeyd edək ki, rusiyalı politoloq Stanislav Tarasov isə iyun ayına qədər Qarabağ üzrə razılaşmanın imzalanacağını iddia etmişdi.
Ermənistan
Ermənistan xarici siyasətdə qəfil dönüşlər etməyə hazırlaşmır. Bunu “Avronyus” televiziyasına müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Türkiyə, İran, Yaxın Şərq
Suriya ərazisindəki terrorçu qrupların fəaliyyətlərinə son verilməsi ilə bağlı məsələlər müzakirə olundu. Xüsusilə, İdlibdə təhlükəsizlik bölgəsinin yaradılması məsələsində razılaşmanın necə tətbiq edildiyindən danışdıq. Bunu Rusiya Prezidenti Vladimir Putin yanvarın 23-də Moskvada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşdən sonra mətbuat konfransında bildirib.
"Rusiya və Türkiyənin İdlib bölgəsində sabitliyin təmin olunması üçün hansı əlavə addımları atacağı barədə məlumat mübadiləsi aparmışıq. Suriyada bütün tərəflər arasında dialoq qurulması lazımdır. Bütün tərəflər səmimi bir istək göstərməlidir", - Putin söyləyib.
ABŞ qoşunlarının Suriyadan çıxarılması bu ölkədəki vəziyyəti stabilləşdirəcək. Bu sözləri Rusiya lideri Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
“Əgər həqiqətən belə bir plan icra edilsə, o zaman bu, müsbət addım sayılmış olacaq”, - deyə Kreml rəhbəri bildirib.
Türkiyənin Suriyada əsas məqsədi İŞİD terror qruplaşmasına və PKK ilə bağlılığı olan YPG dəstələrinə qarşı mübarizə aparmaqdır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Putinlə görüşdən sonra baş tutan mətbuat konfransında çıxışı zamanı deyib.
"Bizim əsas vəzifəmiz Suriyanı İŞİD-dən və YPG-dən təmizləməkdir. Bu, bizim borcumuzdur. Bu məlumatı mən Rusiya tərəfinə çatdırdım. Biz terrorçuluğa qarşı mübarizədə koordinasiyanı gücləndirəcəyik".
Ərdoğan qeyd edib ki, bəzi terror təşkilatları Rusiya və Türkiyə əməkdaşlığını pozmağa çalışırlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampa zəng edib. Ərdoğan telefon danışığı zamanı vaxt itirmədən Menbiçdə təhlükəsizliyi təmin etməyə hazır olduqlarını bildirib.
İki lider həmçinin İŞİD-in sağ qalmış üzvlərini məhv etmək və yenidən ortaya çıxmasının qarşısını almaqla bağlı razılığa gəliblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasındakı telefon danışığında Suriyanın şimal-şərqində 2 ölkənin də təhlükəsizliklə bağlı qayğılarını aradan qaldıracaq həll yollarının axtarılması ilə bağlı razılıq əldə olunub. Bu barədə Ağ Ev sözçüsü Sara Sanders açıqlama verib.
ABŞ-ın Suriyanın şimalında təhlükəsiz zona üçün Türkiyəyə təklif etməyi düşündüyü 3 ayrı planın detalları məlum olub.
Kiprin yunan hissəsi ilə razılaşaraq adanın qərbində təbii qaz axtarışları aparan İtaliya, Fransa, İngiltərə, Almaniya və Malta bayraqlı 7 gəmi Türkiyənin döyüş gəmiləri tərəfindən bölgədən uzaqlaşdırılıb. Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.
Yanvarın 21-də gecə saatlarında Suriyada İsrail tərəfindən məhv edilən Rusiya istehsalı “Pantsir-S1” zenit-raket kompleksi İsrailin “SkyStriker” pilotsuz uçuş aparatı ilə vurulub.Bu barədə “İzvestiya” nəşrində hərbi ekspert Vladislav Şurıqin yazıb.
İsrail onun üçün təhlükə yaradan istənilən ölkəyə cavab zərbəsi vurmağa hazırdır. Bunu Suriyaya aviazərbələrdən sonra İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Bizə zərər verməyə çalışan hər kəsi vuracağıq. Kim bizi məhv etməyə hədələyirsə, baş verəcəklərə görə tam məsuliyyət daşıyacaq”, - Netanyahu “Ramon” aeroportunun açılışı mərasimində çıxışı zamanı bildirib.
İsrailin Hərbi-Hava Qüvvələrinin Suriyaya aviazərbələri tələfata səbəb olub. Bu haqda Rusiya Milli Müdafiə İdarəsindən bildiriblər.
İsrailin Suriyada İran İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) aid hədəfləri vurmasından sonra İran Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Əziz Nəsirzadə Təl-Əvivi təhdid edib. İranlı general İsraillə döyüşmək və onları məhv etmək səbrsiz olduqlarını bildirib.
“Hava qüvvələrindəki gənc insanlar tamamilə hazırdır, sionist rejimlə döyüşmək və onları Yer üzündən silmək üçün səbrsizik”, - Nəsirzadə söyləyib.
Moskva İsraili Suriya ərazisinə zərbələri dayandırmağa çağırır və regionda düşmənçilik atmosferinin artmasının nəticələri haqqında xəbərdarlıq edir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Biz bu məsələ üzrə mövqeyimizi dəyişdirmədik. Suveren dövlətin ərazisinə zərbələrin vurulması təcrübəsi, indiki halda Suriyadan söhbət gedir, dayandırılmalıdır”, - Zaxarova brifinqdə deyib.
Rusiyanın xarici siyasət idarəsinin nümayəndəsi qeyd edib ki, Moskvanın qiymətləndirməsinə görə, regionda düşmənçilik atmosferinin gərginləşməsi İsrail də daxil olmaqla Yaxın Şərq dövlətlərindən heç birinin milli maraqlarına cavab vermir.
İran öz karbohidrogen ehtiyatlarının satışı üçün əlavə kanallardan istifadə edir. Bu haqda ölkə prezidenti Həsən Ruhani hökumətin iclasında bildirib.
“Xoşbəxtlikdən, karbohidrogen ehtiyatlarının ixracı üçün müxtəlif yollar var və onlardan fəal istifadə edirik. Biz ABŞ-ın sanksiyalarından yayınırıq”, - prezident deyib.
Ruhaninin sözlərinə görə, bütün ölkələr bilir ki, amansız və qanunsuz sanksiyalar hər hansı şəxs, dövlət təşkilatı və ya müəssisəyə qarşı deyil, İran xalqına qarşı yönəlib. Prezident əlavə edib ki, Tehran İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 4 layihəsini təsdiqləməklə ABŞ-ın maliyyə və bank üzrə planı zərərsizləşdiriləcək.
Əfqanıstanda Vardak mərkəzi əyalətində hərbi bazaya Taliban hərəkatının hücumu nəticəsində 126 hərbçi həyatını itirib. Bu haqda “Röyters” agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.
“Tolo News” telekanalının məlumatına görə, hücum edənlərdən 3-ü məhv edilib, 4-cü döyüşçü isə avtomobildə partlayıcı qurğunu işə sala bilib.
ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri
Avropa İttifaqı Skripal insidentinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri və onun müavininə qarşı tətbiq olunub.
Rusiya Avropa Şurası ilə münasibətlərin inkişafı üçün bütün variantları, o cümlədən qurumu tərk etməyi nəzərdən keçirir. Bu sözləri Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Bizim üçün siyasi motivli diskriminasiya qəbuledilməzdir. Bu gün biz mümkün fəaliyyətlərimiz baxımından bütün imkanları, o cümlədən Avropa Şurasından çıxmaq imkanını nəzərdən keçiririk”, - diplomat bildirib.
Rusiya hələ “Avanqard” hipersonik kompleksinin Silahlı Qüvvələrdə meydana çıxmasından əvvəl ABŞ-la müharibəyə hazır idi. Bu haqda TVS telekanalın efirində politoloq və şərqşünas Yevgeni Satanovski bildirib.
ABŞ və Rusiya arasında silahlı konfliktin baş vermə ehtimalını qiymətləndirən ekspert 2018-ci ilin martında ABŞ-ın Suriyanı növbəti raket zərbəsi ilə hədələməsini, ardınsa Rusiya prezidenti Vladimir Putinin xəbərdarlığını xatırladıb.
“Prezident dedi ki, Suriya üzrə zərbələr zamanı bizim hərbi qulluqçularımız məhv olarsa, onda dənizdə üzən və havada uçanlar bütün platformalara zərbələr endiriləcək, batırılacaq və düşürüləcək”, - Satanovski deyib.
Politoloq bildirib ki, artıq ABŞ-ın zərbəsindən sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş qərargahın başçısı Valeri Qerasimovla söhbət edib: “Mən sonra bu iki insandan soruşdum: biz həqiqətən buna hazır idik? “Bəli” hər ikisi dedilər. “Nə qədər vaxt lazımdır?”, - soruşdum. “Dəqiqələr, 20, bəlkə də 25”, - cavabını aldım”, - Yevgeni Satanovski yekunlaşdırıb.
İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumu keçirilib. Forumun əsas mövzusu bu il "Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal arxitekturanın formalaşması" olub.
Davos forumuna 110 ölkədən 3 mindən çox iştirakçı toplanıb. Forumda 60-dan çox dövlət başçısı iştirak edib. ABŞ Administrasiyasının nümayəndə heyəti "şatdaun"a görə Davosa getməyib.
Yanvarın 22-də Almaniya kansleri Angela Merkellə Fransa Prezidenti Emmanuela Makron Aaxen şəhərində Alman-Fransız İş Birliyi və İnteqrasiya Razılaşmasına imza atıblar. Yeni razılaşma 22 yanvar 1963-cü ildə Almaniya kansleri Konrad Adenauerlə Fransa Prezidenti Şarl de Qoll arasında imzalanan Yelisey razılaşmasının əsasında hazırlanıb. Yeni razılaşmanın 7 başlıq, 28 maddə və 16 səhifədən ibarət olduğu vurğulanıb.
Almaniya kansleri Angela Merkel Yelisey razılaşmasının 56-cı ildönümündə Berlinin Fransa ilə iş birliyini artırmaq məqsədiylə imzaladığı Alman-Fransız İş Birliyi və İnteqrasiya sazişinin Avropa ordusunun yaradılması istiqamətində ilk addımlar olduğunu bildirib.
Yanvarın 22-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə Yaponiyanın baş naziri Sindzo Abe arasında sülh müqaviləsinin imzalanması üzrə danışıqlar olub. Yaponiyanın baş naziribildirib ki, Cənubi Kuril adalarının bir hissəsinin Tokioya veriləcəyinə təminat olarsa, o, Rusiya ilə sülh müqaviləsi bağlamağa razıdır. Abe burada söhbətin Şikotan Xabomai adalarından getdiyini bildirib.
Onun fikrincə, hazırda İturupa Kunaşira adalarının Yaponiyaya verilməsi real görünmür.
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampa Birləşmiş Ştatları NATO-dan çıxarmağı qadağan edən qanun layihəsini qəbul edib. Qanun layihəsi Demokratlar Partiyası tərəfindən təqdim edilib. Səsvermədə 357 nəfər qanun layihəsinin lehinə, 22 nəfər əleyhinə çıxıb. Sənədin müəllifi, demokrat konqresmen Cim Panetta qeyd edib ki, "NATO-ya dəstək haqqında" qanun layihəsi prezidentə bu addıma görə büdcə vasitələrindən istifadəni qadağan edir.
Qeyd edək ki, ABŞ 1949-cu ildə NATO-nu yaradan 12 ölkədən biri olub.
Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmaqla bağlı ABŞ-ın dəlilləri kasaddır. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov 9M729 raketi üzrə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni pozmur. Rusiyalı diplomat qeyd edib ki, Vaşinqton müqavilədən çıxamaq haqqında qərarının qəti olduğu barədə ikitərəfli diplomatik kanallarla Moskvaya xəbərdarlıq edib.
Qeyd edək ki, son illərdə Moskva və Vaşinqton müqavilənin pozulmasında bir-birini daim ittiham edir.
ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə riayət edilməsi üzrə tələblərin yer aldığı sənədi Rusiyaya verib. Bu haqda ABŞ dövlət katibinin beynəlxalq təhlükəsizlik və silahlara nəzarət üzrə müavini Andrea Tompson bildirib.
Qeyd edilir ki, sənəd yanvarın 15-də Cenevrədə Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilə ətrafında vəziyyət üzrə danışıqlarda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkova verilib.
ABŞ Prezidenti Donald Tramp Çinə münasibətdə öz sərt mövqeyindən imtina etməyə hazırlaşmır. Bu məlumatı “Röyter” agentliyi ABŞ Prezidentinin müşavirlərinə istinadən yayıb. Rəsmi Vaşinqton hələ də Çin məsələsində onu narahat edən problemlərin həll edilmədiyini bildirib.
Məlumata görə, Tramp administrasiyası təkcə ticarət disbalasının ortadan qaldırılması yox, ümumilikdə Çin iqtisadiyyatının strukturu ilə bağlı dərin məsələlərin həllinə də diqqətini yönəldib.
ABŞ-ın xüsusi xidmət orqanları ən mürəkkəb və müxtəlif təhdidlərə qarşı durur. Bu haqda ABŞ kəşfiyyatının yeni strategiyasının təqdimatında Milli Kəşfiyyatın direktoru Daniel Kouts bildirib.
Sözügedən təhdidlərin bir hissəsi keçmiş rəqiblərdir: Rusiya, Çin, Koreya Xalq Demokratik Respublikası və İran. Bundan başqa, bir çox qeyri-dövlət subyekti və terror təhlükəsi qeyd edilib. Bunlara hibrid, asimmetrik hərbi, iqtisadi və siyasi sferada olan təhdidlərdir.
ABŞ-ın “New American Journal” nəşri “Rusiya tək atəşsiz Amerikanın öhdəsindən gəldi” adlı məqaləsini dərc edib. Məqalədə jurnalistlər ABŞ-ın gələcəyini çəkiblər və super dövlətin qürubunu təsvir ediblər.
Ukrayna
Dövlət başçısı olacağı halda, Donbasda atəşin dayandırılması haqqında Rusiya tərəfiylə razılaşmağa çalışacaq. Bunu “Ukrainskiy Pravda” qəzetinə müsahibəsində Ukrayna prezidentliyinə namizəd, şoumen Vladimir Zelenski bildirib.
“Hər şeydən əvvəl istəyirəm ki, atəş dayandırılsın. Bu razılaşma, düşünürəm ki, çox da çətin deyil. Fikrimcə, razılaşmaq olar. Birinci, öldürməyi dayandırmaq lazımdır. İnsanlarımızı qorumaq əhəmiyyətlidir”, - o deyib.
Prezidentliyə namizədin sözlərinə görə, Minsk razılaşmalarına ümid bəsləyir. Bununla belə, Zelenski Donbasda döyüşçülərin amnistiyası haqqında istənilən təklifi rədd edib: “Onlar bizim insanlarımızı öldürürdülər. Əlbəttə, heç kəs buna getməyəcək!”
“Bütün əraziləri qaytarmaq üçün hər şeyi maksimal etmək lazımdır”, - o əlavə edib
Ukrayna prezidentliyinə namizəd Anatoli Qritsenko seçkilərdə qələbə qazanacağı halda, Donbasın necə qaytarılacağını açıqlayıb. Bu haqda onun saytında dərc edilmiş seçkiqabağı proqramda deyilir.
Siyasətçi Donbasın Ukrayna hakimiyyətinin nəzarəti altına qaytarılması üçün hərbi variantı da istisna etməyib.
“Donbasın təslimçi qayıdışı olmayacaq. İşğal edilmiş ərazilər “xüsusi statuslar”sız diplomatik, hərbi, iqtisadi, sanksiyalar və xarici partnyorlarla birgə qaytaracağıq. Bunu 5 illik prezident müddəti ərzində həyata keçirmək mümkündür”, - Qritsenkonun proqramında deyilir.
Ukrayna Budapeşt memorandumunun müzakirəsinə qayıtmalıdır. Bu haqda Ukraynanın “Batkivşina” partiyasının lideri, prezidentliyə namizəd Yuliya Timoşenko bildirib.
Ukraynaya Kuban və Qafqazı Rusiyadan güc yolu ilə almalı olacaq. Bunu Ukraynanın “Azov” batalyonunun keçmiş komandiri, Ali Radanın deputatı Andrey Bileskiy ZIK telekanalının efirində bildirib.
Bileskiy Qafqazda və Kubanda yaşayanların Ukrayna tərkibinə “qayıdışı”nda maraqlı olmadıqlarını, buna görə təcavüzkar addımlara müraciət etməli olacaqlarını deyib. Onun sözlərinə görə, Qafqaz “sözsüz ki, Ukrayna ərazisidir” və Kubanda milli Ukrayna şüurunun səviyyəsi kifayət qədər yüksəkdir.
Qeyd edək ki, 2014-cü ilin fevralında Ukraynada Meydan hadisələrindən sonra hakimiyyətə gəlmiş qüvvələr Rusiyaya, xüsusi halda Kuban, Belqorod, Rostov və Kursk vilayətlərinə ərazi iddialarını dəfələrlə dilə gətirib.
Koreya böhranı
ABŞ-ın və Koreya Xalq Demokratik Respublikasının kəşfiyyatları artıq 10 ildir əlaqədə idilər. Bu haqda “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən bildirib.
Xəbərə görə, iki ölkənin kəşfiyyatı 2009-cu ildən “məxfi konsultasiyalar” keçirirdi və onların arasında xüsusi əlaqə kanalları mövcud idi. Son 10 ildə Amerika kəşfiyyatının nümayəndələri Şimali Koreyadan olan həmkarları ilə görüşürdülər.
Ömər Dağlı
Tarix: 27-01-2019, 08:34
Xəbəri paylaş





Xəbər lenti