Qarabağ üzərindən böyük qazanc


Qarabağ üzərindən böyük qazanc

Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsində narkoticarət, insan və silah alveri, təbii ehtiyatların talanması halları mövcuddur və bunu artıq beynəlxalq araşdırmaçılar deyir. 

Bu dəfə britaniyalı araşdırmaçı- yazıçı Harold Keyn (Cane) nəşr etdirdiyi "Narko Qarabağ” ("Narco Karabakh”) kitabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətləri təfərrüatı ilə araşdıraraq ifşa edib. Yeni araşdırmadan da bəlli olur ki, artıq dünya da Qarabağda baş verən qanunsuzluqları bilir. 

Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması, daha dəqiq desək, beynəlxalq güclərin buna maraq göstərməməsinin də kökündə bu kimi amillərin dayanması istisna deyil. Məlumdur ki, dünyanın qara iqtisadiyyatının ən böyük dövriyyəsi məhz narkoticarətdədir. Dağlıq Qarabağın indiki status-kvosunun saxlanılmasının əsas səbəblərindən biri də məhz həmin ərazidə narkoticarətdən əldə olunan gəlirdir. Məlumata görə, narkoticarətin marşrutu belədir: Əfqanıstan-İran-Dağlıq Qarabağ üzərindən Rusiya, Avropa və ABŞ bazarı. Təbii ki, Ermənistanın kriminal rejimi də bu ticarətdən milyardlar qazanıb və bu qazancı itirmək istəməz.

Hərbi-siyasi şərhçi Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə açıqlamasında maraqlı məqamlara toxunub. Ü.Cəfərov qeyd edib ki, beynəlxalq güclər nəzarət olunmayan Dağlıq Qarabağda daim çirkin niyyətlərini həyata keçirib: 

“Əslində, Qarabağla bağlı səslənən bütün fikirlər təhlil olunmalıdır. Budəfəki iddialarla bağlı əlimdə sübut olmadığına görə nə razılaşa, nə də təkzib edə bilirəm. XXI texnologiya əsrində, kosmosdan çəkilişlərin, dronların istifadə olunduğu bir zamanda deyilənləri ermənilərin yaramazlığı kimi ortaya qoya bilmirik. Əraziyə nəzarət imkanımızın olmaması səbəbindən bunu edə bilməsək də, beynəlxalq güclər də susur. Deməli, doğrudan da ortada nəsə qanunsuz məsələlər var, ona görə də beynəlxalq güclər də dirəniş göstərmir. Beynəlxalq mafiyanın olması heç kimə sirr deyil. Şübhə etmirəm ki, həmin narkoticarətdən əldə olunan vəsaitlərdən Rusiyanın, o cümlədən ABŞ, Fransa və digər dövlətlərin hərbi və siyasi rəhbərliyi çirkin niyyətlər həyata keçirir. Yəqin göstəriş verilib ki, fəaliyyət ifşa olunana qədər fəaliyyət göstərin. İfşa olunandan sonra nə baş verəcəyi artıq bizlik deyil. Yəni, o zaman beynəlxalq güclər bunu tənqid edəcək, bir növ yanan ocağa öz odun paylarını atacaqlar. Sözsüz ki, bu illər ərzində Qarabağı viran ediblər. Nəzarət olunmayan ərazidə ermənilər bu günə qədər nə etməyiblər?”

Üzeyir Cəfərov vurğulayıb ki, Dağlıq Qarabağa səfər etdiyi zaman ermənilərin bir çox yalanlarının şahidi olub: 

“ATƏT-in Minsk Qrupunun şəxsi nümayəndəsi Anjey Kasprşikin rəhbərliyi ilə Dağlıq Qarabağa səfər edəndə çox maraqlı mənzərələrin şahidi olduq. Maraqlı məqamlardan biri də o idi ki, biz nə qədər təkid etsək də, bizi Ağdama, digər müəyyən ərazilərə aparmadılar. Sual yaranırdı ki, niyə aparmırsınız? Sonradan Laçında çəkiliş aparanda gördük ki, ermənilərin dediyi kimi, orada məskunlaşma yüksək səviyyədə deyil. Cəmi 3-5 ailə yerləşdirilib ki, xaricdən gələn qonaqlara göstərsinlər və orada ermənilərin yaşadığını desinlər. Halbuki, onlar 20 il ərzində dedikləri kimi məskunlaşma həyata keçirsəydilər, indi gərək işğal olunmuş ərazilərdə yüz minlərlə erməni yaşayardı. Şübhə etmirəm ki, Dağlıq Qarabağ nəzarətsiz ərazi olduğu üçün istər içkiyə və narkotikə meyilli olan erməni zabitləri, istərsə də beynəlxalq narkoticarət mafiyaları oranı diqqətdən qaçırmayıb. Narkoticarət bu gün dünyada ən bahalı ticarətlərin başında gəlir. İşğal olunmuş ərazilərlə bağlı hesabatlarda zaman-zaman ermənilər o yerlərdə narkotik əkib-becərməsi haqqında məlumatlar yer alır. Terrorçular hazırlanır. Bu fikirlər səslənirsə, deməli, bunun hansısa elementləri, sübutları var. Bütövlükdə götürsək, istisna etmirəm ki, Dağlıq Qarabağda narkoticarətlə məşğul olan beynəlxalq güclər də var. Başda ermənilər olmaqla, ruslar, amerikalılar, fransızlar və digər güclər. Onlar uzun illərdir ki, Dağlıq Qarabağda öz çirkin əməllərini həyata keçirirlər”.//Cebhe.info//



Tarix: 28-01-2019, 08:15
Xəbəri paylaş





Xəbər lenti