Bakı və Ankaradan İrəvana müştərək ismarış - “Ya sülhü seç, ya da...”


Ermənistan bu il heç vaxt olmadığı qədər Azərbaycan-Türkiyə müttəfiqliyini öz qarşısında görəcək; azərbaycanlı politoloq: “O vaxt hakimiyyətdə Dəmirəl yox, Ərdoğan olsaydı...”

Keçən həftə Dağlıq Qarabağla bağlı ən yadda qalan hadisə, sözsüz ki, Davosda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti arasında baş tutan görüş oldu. Saat yarım çəkən görüşlə bağlı müxtəlif mülahizə və ehtimallar səslənsə də, bir şey dəqiqidir ki, bu görüş hər şeydən öncə Ermənistanın Qarabağ məsələsində iki əsas münaqişə tərəfindən biri və işğalçı dövlət olmasının növbəti təsbiti kimi yadda qaldı. Eyni zamanda, rəsmi İrəvanın Dağlıq Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara qoşmaq istəyi birdəfəlik basdırılmış oldu.

Əlbəttə ki, 1-2 qeyri formal görüşlə sülh danışıqlarında ciddi donuş gözləmək yanlış olardı. Bəs Davos görüşünün hansısa başqa nəticələri varmı? Analitiklərin bu xüsusda şərh və proqnozlarını təqdim edirik.

*****      

“Biz öz mövqeyimiz göstərdik və lazımi taktiki məqsədlərə nail olduq. İstisna etmirəm ki, Davosda qarşı tərəfə deyilib ki, bu, ya belə olacaq, ya da müharibə qaçılmazdır. Mən hesab edirəm ki, bu siqnal ciddi şəkildə onlara çatdırılıb”. Bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Davos görüşünün mümkün nəticələrini qəzetimizə şərh edərkən söyləyib.

“Azərbaycanın seçimi çox sadədir. Biz siyasi imkanları müzakirə edərkən başa düşürük ki, Ermənistandan bu cür addımları gözləmək düzgün deyil. Əsas məsələ budur ki, işğalçıya nə vaxt zərbə endirək və torpaqlarımızı azad edək? Bu mənada seçim çox sadədir və bunu bizim düşmənlərimiz də yaxşı başa düşür”, - deyə eks-diplomat Azərbaycanın müharibə variantını həmişə “ehtiyatda” saxladığına işarə vurub.

“Bu, artıq Dağlıq Qarabağ nizamlanması ilə bağlı ciddi görüşdür. Düşünürəm ki, İlham Əliyev və Nikol Paşinyan bir çox prinsipial məsələlərlə bağlı artıq kompromis əldə edə biliblər”. “Yeni Müsavat”ın məlumatına görə, bunu isə rusiyalı tanınmış politoloq Sergey Markov “Bakı-Moskva” video-körpüsü zamanı deyib.

Onun zənnincə, yaxın zamanlarda yəqin ki, iki ölkənin rəhbərləri daha detallı danışıqlar aparacaqlar və bu, ictimaiyyətə bəlli olacaq. “Rəsmən bəyan ediləcək ki, hansısa kompromis tapılıb və tərəflər anlaşma imzalamağa hazırdır. Fikrimcə, bu sənədin əsasında Kazan formulu dayanacaq”, - deyə rusiyalı analitik qeyd edib.

Markov hesab edir ki, son danışıqlar yeni yaranmış situasiya nəticəsində mümkün olub. “Ermənistanda artıq daxili siyasi təlatümlər dövrü başa çatıb. Ermənistan rəhbərliyini ultra-patriotik eyforiyanın əsiri edən hakimiyyət uğrunda mübarizə, seçkilər artıq arxada qalıb. Bundan sonra Dağlıq Qarabağla bağlı nizamlama prosesi mümkün oldu. Həmçinin Azərbaycanın uzun illər ərzində tutduğu prinsipial, ardıcıl mövqe də uğurlu danışıqlara çıxışı təmin elədi. Sülh prosesi üçün müvafiq şərtlər yarandı”, - deyə o əlavə edib..

*****

İstənilən halda, Bakı hərb variantını daim göz önünə alır. Şübhə yox ki, müharibə olsa da, olmasa da, Azərbaycanın üstün hərbi qüdrəti sülh danışıqlarında da Azərbaycan üçün mühüm avantaj, düşmənə ciddi psixoloji təsir və təzyiq vasitəsidir. Odur ki, Bakı danışıqlar prosesinin gedişindən asılı olmayaraq, bu il də Azərbaycanın öz hərbi gücünün artırılmasına, o sırada yerli hərbi-sənaye kompleksinin inkişafına böyük diqqət ayıracaq.

Şəksiz ki, bu yöndə qardaş Türkiyə ilə bütün sahələr üzrə əlaqələrin bu il də dərinləşdirilməsi prioritet hədəflərdən biri olacaq. Türkiyə rəsmiləri artıq bəyan ediblər ki, rəsmi Ankara 2019-cu ildə də Ermənistana qarşı prinsipial mövqeyinə sadiq qalacaq.      

“Türkiyə Dağlıq Qarabağın işğalının qarşısını bütün səylərə baxmayaraq ala bilmədi”. Ötən həftəsonu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söylədiyi bu sözlər də Azərbaycan üçün az önəm daşımır və qardaş ölkənin həmişə Azərbaycanın yanında olacağının anonsudur. Eyni zamanda, düşmən ölkəyə sərt xəbərdarlıq ismarışıdır.

Bu da maraqlıdır ki, Ərdoğan Ankaranın Qarabağın işğalına mane ola bilməməsini o zaman Türkiyənin həmin dövrdə yetərincə güclü dövlət olmaması ilə əlaqələndirib. “Türkiyə öz sərhədlərində baş verən hadisələrdən dərs alıb və başa düşüb ki, çox güclü olmaq lazımdır” - Ərdoğan əlavə edib.

Ä°lgili resim

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Ərdoğanın “Türkiyə Dağlıq Qarabağın işğalının qarşısını bütün səylərə baxmayaraq ala bilmədi” açıqlaması acı həqiqətdir. O, Ərdoğanı keçmiş həmkarı Süleyman Dəmirəllə müqayisə edərək deyib: “Ərdoğannın sonrakı iki cümləsi də maraqlıdır. O bildirib ki, Türkiyə həmin dövrdə güclü dövlət deyildi, Türkiyə öz sərhədlərində baş verən hadisələrdən dərs alıb və başa düşüb ki, çox güclü olmaq lazımdır. Əminəm ki, Azərbaycan torpaqları işğal olunarkən Türkiyə prezidenti Süleyman Dəmirəl yox, Rəcəb Tayyib Ərdoğan olsaydı, Ankara işğala seyrçi qalmayacaqdı. Bəlkə də Bakının istəyi ilə Türkiyə ordusu Azərbaycana əməli dəstək verəcəkdi. Ərdoğan Dəmirəl kimi acından ölən Ermənistana buğda da göndərməzdi”.

*****

Məsələ də ondadır ki, artıq Ermənistanın yeni rəhbərliyi işğalçı ölkəyə qarşı təkcə Azərbaycanın deyil, Azərbaycan-Türkiyə cütlüyü və ittifaqının durduğuna, Qarabağ probleminin Türkiyə üçün də eyni dərəcədə önəmli olduğuna sələfləri kimi, əminlik hasil edib. Bu qətiyyəti həmçinin prezident Ərdoğanın “Cənubi Qafqazda baş verənlər türk xalqına qarşı yönəlib” sözlərindən görmək olar.

Ərdoğan deyib ki, bəzi ölkələr Türkiyəyə böyük ziyan vurmaq üçün erməni terrorçularından istifadə edib. Onu da qeyd edib ki, həmin dövlətlər indi də Türkiyə və türk xalqına ziyan vurmağa çalışır. “Bu gün Türkiyə sərhədlərində, eləcə də Cənubi Qafqazda baş verən hadisələr ümumilikdə türk xalqına qarşı yönəlib”, - deyə o, ilk növbədə işğalçı Ermənistanı nəzərdə tutaraq əlavə edib.

Bu bəyanat bir daha rəsmi Ankaranın təcavüzkar Ermənistana münasibətdə hər hansı birtərəfli güzəştə getməyəcəyi barədə qətiyyətli mövqeyinin nümayişidir. İrəvan Türkiyə ilə sərhədlərin açılmasını, münasibətlərin bütün sahələr üzrə normallaşmasını səmimi şəkildə istəyirsə, o zaman nəinki Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutmalıdır, eləcə də saxta “erməni soyqırımı” iddiasından əl çəkməlidir. Türkiyənin bu iki ədalətli şərtini az öncə prezident Ərdoğanın mətbuat katibi İbrahim Kalın aydın şəkildə bəyan eləmişdi. Bakının əsas şərti də çoxdan bəllidir: torpaqlar qeyd-şərtsiz azad edilməlidir.  Odur ki, seçim Paşinyan hökumətinindir.

Siyasət şöbəsi

Tarix: 28-01-2019, 13:02
Xəbəri paylaş





Xəbər lenti