ABŞ Qarabağ məsələsində təşəbbüsü ələ almaq istəyir


 

Siyasi analitikdən Vaşinqtonun planı haqda ilginc açıqlama: “İrəvanla Bakı arasında aralıq sazişi imzalana bilər, bu, daha çox ABŞ planına bənzəyir...”

ABŞ və Avropanın timsalında münaqişənin dinc həlli üçün təşəbbüslərdə artma meylinin olduğu müşahidə edilir. Bu təşəbbüslərin uğurlu olacağı isə, əlbəttə ki, Rusiyanın da mövqeyindən, Kremlin bu prosesə nə dərəcədə qısqanc yanaşacağından asılı olacaq. Qərb paytaxtlarının birində Əliyev-Paşinyan görüşünün baş tutacağı iddiaları da var. Görüşün isə ABŞ-ın təşəbbüsü ilə keçiriləcəyi iddiaları rus politoloqlar tərəfindən bildirilir.

İstisna deyil və ABŞ prezidentinin müşaviri Con Boltonun Davosda İlham Əliyev-Nikol Paşinyan görüşündən dərhal sonra Paşinyana telefon açması da göstərir ki, Vaşinqton, nəhayət, bölgədəki yeni və həssas reallıqları nəzərə alaraq və Rusiya ilə kəskinləşən münasibətlər fonunda Güney Qafqaz uğrunda həlledici mübarizəyə qərar verə bilər. Bundan ötrü əlbəttə ki, Ermənistanın Azərbaycan və Türkiyə münasibətlərinin normallaşması, demək, Dağlıq Qarabağ məsələsində mühüm irəliləyişin olması labüddür.

Bəs ABŞ Qarabağ məsələsində təşəbbüsü ələ ala biləcəkmi? Rusiya buna imkan verərmi? Vaşinqton təşəbbüsü ələ alsa, Azərbaycan və Ermənistan liderlərinin görüşünə nail olunsa hansısa sülh razılaşması mümkünmü?

Ä°lgili resim

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a şərhində bildirdi ki, ABŞ-ın Qarabağ məsələsində aşkar fəallığı artıq uzun müddətdir müşahidə olunur. Paşinyanın hakimiyyətdə gəlməsindən sonrakı dövrdə baş verən bir sıra hadisələr, Amerika rəsmiləri tərəfindən verilmiş bəyanatlar, eləcə də Paşinyanın son dövrdəki davranışları bu ehtimalı irəli sürməyə əsas verir. Habelə, onun rəqiblərinin, eləcə də Rusiyanın narahatlıqları mənzərəni daha da aydın təsəvvür etməyə imkan verir: “İlk olaraq ondan başlayaq ki, elə ABŞ-dakı bəzi güc dairələrinin erməni diasporu ilə birləşib Paşinyanı hakimiyyətə gətirməsinin, Sərkisyan rejiminin xalqın iradəsi ilə devrilməsinin əsas səbəblərindən biri regiondan Rusiyanın sıxışdırılıb çıxarılması, Qarabağ məsələsinin ABŞ-ın planı əsasında həlli ola bilər. Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi iştirakının məhək daşı mövcud münaqişələr, o cümlədən Qarabağ məsələsidir və burada söz sahibliyini Moskvanın əlindən almaqla ABŞ Rusiyanın təsir imkanlarını xeyli zəiflədə bilər. Paşinyanın əsas məsləhətçilərindən birinin Levon Ter-Petrosyan olması onun Qarabağ məsələsində yeni mövqe ortaya qoyacağına ümidləri artırır. Paşinyan görünür ona verilmiş təlimat əsasında Rusiyanı mümkün qədər danışıqlardan çox təcrid etmək, Azərbaycanla birbaşa təmasa can atmaq istəyi ilə İlham Əliyevlə görüşməyə can atırdı. İlk dəfə ayaqüstü bu Düşənbədə baş verdi, sonradan isə Sankt Peterburqda və Davosda davam etdi. Paşinyanın Azərbaycanla birbaşa əlaqə üsul və vasitələri əldə etmək təlimatını ABŞ-dan alması inandırıcı görünür. Sonradan Qarabağ kartı üzərində hakimiyyətə gəlmiş cinayətkar siyasətçilərin, generalların təmizlənməsi, onlar haqda yaradılmış toxunulmazlıq stereotipinin cəmiyyətin şüurundan silinib atılması da təkcə ABŞ siyasi texnoloqlarının uğurlu piarı deyil, bu ölkənin müəyyən dairələrində qəbul edilmiş siyasi qərarların təzahürü idi. Rusiyaya bağlı olan şəxsləri həbs və ya proseslərdən təcrid etmək, Qarabağ məsələsinə müdaxilənin qarşısını almaq, münaqişəni ABŞ-ın planına uyğun olaraq Azərbaycan və Ermənistan rəhbərlikləri arasında birbaşa ünsiyyət vasitələri, qarşılıqlı etimad mühitinin yaradılması, xalqların böyük sülhə hazırlanması əsasında həll etmək”.

Politoloq qeyd etdi ki, artıq ABŞ Minsk Qrupunda faktiki həmsədr deyil, sədr kimi davranır: “Onun münaqişənin həllinə yanaşma prinsipləri, istinad etdiyi resurslar, qüvvə və vasitələr Rusiyadan fərqlənir. Rusiya Yaxın Şərqdə, Afrikada, Latın Amerikasında Amerikanın planlarına mane olub, əl-ayağına dolaşmanın bədəlini Cənubi Qafqazda - Qarabağda ödəyə bilər. Əliyev-Paşinyan qeyri-rəsmi görüşləri daha səmərəli ola bilər, nəinki xarici işlər nazirlərinin Minsk Qrupunun təşkilatçılığı ilə uzun sürən, hələ ki, səmərəli nəticəsi görünməyən uzunmüddətli, sonsuz danışıqlar”.

N.Məmmədova vurğuladı ki, artıq ABŞ-ın Paşinyan hökumətini sülhə təhrik etmək planları barədə Ermənistanda təşviş dolu fikirlər səsləndirilib və onun hazırlıqsız halda akulalarla dolu hovuza atılaraq, təzyiqlərə davam gətirməyib torpaqları əldən verə biləcəyi deyilir: “Görünən odur ki, Ermənistanda Paşinyanın danışıqlara hazır olmadığı halda prezident Əliyevlə görüşlərinin Qarabağı qaytarmaqla nəticələnə biləcəyi böyük təşviş yaradıb. Lakin Paşinyan onu hakimiyyətə gətirən qüvvələri eşitmək öhdəliyi götürməmiş deyil. Həmin qüvvələr isə Boltonun səfəri zamanı ABŞ-ın mövqeyini çatdırmışdı. Seçkilərdən sonra Paşinyandan təşəbbüskarlığı artırmaq gözlənilir. Ehtimal oluna bilər ki, İrəvanla Bakı arasında Xankəndindəki separatçı rejimin isterikasına baxmayaraq aralıq sazişi imzalana bilər. Bu, daha çox ABŞ planına bənzəyir. ABŞ-ın planı bu ola bilər. Rusiyanın 5, yaxud 7 rayonu azad etmək, sonradan sülhməramlıları yerləşdirmək planı qarşılığında ABŞ adekvat həll planı təklif etməlidir. Belə olarsa, Qarabağ da daxil olmaqla ABŞ-ın mövqeyi güclənəcək. Amerikanın İranı şimaldan tam nəzarətə almaq planları fonunda Rusiyanın Qarabağda sülhməramlılar yerləşdirməsi Vaşinqtonun nəinki Cənubi Qafqaz, Orta Şərq planlarına böyük maneədir”.


Tarix: 28-01-2019, 13:05
Xəbəri paylaş





Xəbər lenti