Türkiyə Kürdüstan dövlətinin yaranmasının qarşısını ala bildimi?


Politoloq: “Artıq Qərb dairələrində, xüsusən də ABŞ-da  bu ideyaya çox ehtiyatla yanaşmağa başlayıblar”

Bir neçə illər öncəyə qədər dünyanın az qala bir nömrəli müzakirə mövzusuna çevrilmiş və dünya gündəmini zəbt etmiş müstəqil kürd dövləti yaradılması məsələsi əvvəlki aktuallığını itirmiş görünür. Dörd dövlətin - Türkiyə, İran, İraq və Suriyanın kürdlər yaşayan bölgələrinin ayrılaraq vahid Kürdüstan dövlətində birləşdirilməsi ideyası faktiki olaraq həyata keçirilmək mərhələsinə daxil edilmişdi. Lakin son bir-iki ildə bu məsələdə fərqli mənzərə müşahidə olunur. 

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, xeyli dərəcədə müstəqil kürd dövlətinin yaradılması ideyasının reallaşmasının qarşısı alınıb. Artıq Qərb dairələrində, xüsusən də ABŞ-da  bu ideyaya çox ehtiyatla yanaşmağa başlayıblar. Son Suriya hadisələrindən sonra bölgənin sərhədlərinin biçilməsi məsələsinin nə qədər təhlükəli olacağını beynəlxalq güc mərkəzləri aydın başa düşməyə başlayıblar: “Bu güc mərkəzlərinin bir qismini Türkiyənin özü fəallaşmaqdan məhrum edib. Buraya əsasən Rusiyanı, müəyyən qədər İsraili və bir də Amerikanı aid edə bilərik. Təxminən 10 il bundan əvvəl bu ideya çox məşhur idi. İsrail bunun baş ideoloqlarından biri kimi bu prosesdə detanator rolunu oynayırdı. Rusiya isə ciddi dəstək verirdi. ABŞ isə müəyyən qədər məsafədə dayandığını göstərsə də əl altından prosesə rəvac verirdi. Amma bu gün Rusiya Türkiyə tərəfindən kifayət qədər neytrallaşdırılıb. Amerika ilə əvvəllər münasibətlər soyuq olsa da, kürd məsələsinin region üçün nə qədər dağıdıcı olacağını Türkiyə Vaşinqtona başa sala bildi. Vaşinqton artıq müstəqil kürd dövləti ideyasını özünün strateji maraqlar dairəsinə aid məsələ saymır. Ən azından görünən budur. Son Menbiç olayları, Suriyadan qoşun çıxarma məsələsi, əsas diqqətin İrana cəmləşdirilməsi və digər məqamlar onu göstərir ki, ABŞ bu məsələdə xeyli geriyə addım atmaqdadır. Rusiya da artıq müstəqil kürd dövləti yaratmaq ideyasının gerçəkləşməsi prosesinə təsirini dayandırmaq həddindədir. İsrail isə həm Türkiyədən ehtiyatlanaraq, həm də özünün əsas hədəfinin İran olduğunu başa düşərək bu proseslərə artıq nə ideoloji, nə də digər formada dəstək vermir”.

Ä°lgili resim

Q.Hüseynli qeyd etdi ki, hətta bu gün İraqın şimalındakı kürd muxtariyyəti də PKK və YPG-ni müdafiə etmir. Beləliklə, faktiki olaraq müstəqil kürd dövləti ideyasını kənara qoymuş kimi görünür: “Bu yaxınlarda muxtariyyətin başçısı Neçrivan Bərzani bəyan etdi ki, Türkiyə PKK və YPG məsələsində tam obyektiv mövqedə dayanır. Artıq Şimali İraqdakı kürd muxtariyyəti etiraf edir ki, 3-4 dövlətin ərazisində yerləşən kürdləri vahid kürd dövləti sərhədi çərçivəsində birləşdirmək mümkün deyil. Ona görə də artıq boşuna qırğınlara getmək lazım deyil. Onlar bəyan edirlər ki, artıq bölgədə sərhədlərin qayçılanması mümkün görünmür. Mövcud reallıqlar şəraitində mümkün olan tələblərin həyata keçirilməsinə nail olmaq lazımdır. Bu çox praqmatik yanaşmadır”.


Tarix: 30-01-2019, 08:24
Xəbəri paylaş





Xəbər lenti