Qarabağda “Lavrov planı”, yoxsa “Bolton planı”?

 


   
Artıq Qərblə Rusiya arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəqabət mühiti yaranıb. Bu mühitin yarandığını Rusiya mətbuatında Dağlıq Qarabağ problemi ilə bağlı şərhlərin və təfərrüatların artıq daha geniş şəkildə verilməsində də görmək olar.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, ATƏT-in vasitəçilik missiyası olmadan tərəflər bir neçə dəfə görüşüb:
“Görüşlərin bir qismi ayaqüstü söhbət olsa da, Davos görüşü bunlardan fərqləndi. Bu görüşdə iki ölkənin rəhbərləri Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsi apardı. Sonuncu görüş sözsüz ki, Davos toplantılarını hazırlayan və həyata keçirən qurumun sədri tərəfindən təşkil olunub. Bu da Qərb tərəfinə aid olan bir missiyadır. Bu prosesdə zənnimcə, Qərb ölkələrinin bir çoxunun, xüsusilə də ABŞ-ın ön plana çıxdığını müşahidə edirik. Ona görə də son zamanlar “Lavrov planı, yoxsa Bolton planı” ifadələrinə yol verilir. Amma hər halda, bu məsələlər daha çox ekspertlərin və jurnalistlərin yaradıcılıq məhsulu hesab olunur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dondurulmuş proseslərə hərəkət verən, onu intensivləşdirməyə çalışan tərəf Qərbdir. Bir müddət əvvəl Boltonun bölgəyə səfəri bu məsələlərdə sürətləndirici amil rolunu oynadı. Amma Rusiya da heç zaman sakit durmur və bu bölgəyə özünün arxa bağçası kimi baxdığından, prosesləri daim diqqət mərkəzində saxlamağa çalışır. Boltonun təşəbbüsündən sonra Rusiya da hərəkətə gəldi. Kolerov, Tarasov, Duqin və başqaları Dağlıq Qarabağ problemi ilə bağlı həllin sürətlənməsi, hətta bununla bağlı hansısa müddətləri göstərməklə ictimai fikirdə təlatüm yaratmağa çalışırlar və müəyyən qədər də buna nail olurlar”.
Politoloq vurğulayıb ki, prosesləri ayıq başla və soyuqqanlı qiymətləndirən ekspertlərin bir çoxu “startı” ABŞ başda olmaqla Qərb ölkələrinin verdiyini düşünür:
“Bunun nəticəsində də Rusiya bir növ siyasi həyəcana düşərək proseslərə adekvat cavab verməyə və təşəbbüsü öz nəzarəti altında saxlamağa cəhd etdi. Zənnimcə, bunun Azərbaycan üçün heç bir ziyanı yoxdur. Sadəcə olaraq, tərəflər arasında problemin həlli ilə bağlı rəqabət mühitinin yaranması status-kvonun dəyişəcəyinə olan ümidləri artırır. Hazırda proseslərdə öndə Qərb dünyası görünsə də, Rusiyanın da təşəbbüsü ələ almaq üçün işlər gördüyünü söyləmək lazımdır. Qərb Dağlıq Qarabağ problemi ilə bağlı məsələni Rusiyanın tam nəzarətindən çıxara bilməyib. Sadəcə olaraq, ayrı-ayrı təşəbbüslərlə hər iki tərəfin də diqqətini özünə tərəf cəlb etməyə çalışır”.
Politolqun sözlərinə görə, bu prosesdə Qərb daha pozitiv rol oynaya bilər:
“Çünki Rusiya bu bölgədə Dağlıq Qarabağ kartından özünün strateji maraqlarını reallaşdırmaq üçün istifadə edir. Həll variantı gələndə müəyyən imitasiyalar etsə də, bu imitasiyalar real nəticələrə hesablanmır. Artıq son 15 ildə bir neçə dəfə bu imitasiyalar olsa da, hər dəfə nəticə alınmadan proses dayanıb. Ona görə də artıq Rusiyanın prosesdə pozitiv rol oynaya biləcəyi barədə fikirlər aktuallığını itirməyə başlayıb. Ciddi düşünən adamların əksəriyyəti diqqətini Qərbə doğru yönəltməyə çalışır. Çünki Qərb doğrudan da bölgədə problemin aradan qalxmasını istəyir. Bu, onun strateji maraqlarına cavab verir. Məsələnin həllində o qədər də kafi rol oynamasalar, onların həm təklifləri, həm də prosesə yanaşmaları Bakının arzularına tam cavab verməsə də, özünün pozitivliyi ilə seçilir. Hələ ki, Rusiya bu məsələdə rəsmi Bakını qane edə biləcək, eyni zamanda beynəlxalq hüquq normalarına söykənən mövqe ortaya qoya bilməyib. Amma Qərbin mövqeyi beynəlxalq hüququn tələblərinə getdikcə yaxınlaşmaqdadır”.
Politoloq qeyd edib ki, hazırda bölgə və onun ətrafında çox maraqlı siyasi ortam yaranıb:
“Bu siyasi ortamın yaranmasında Azərbaycan tərəfinin uğurlu xarici siyasətinin rolunu da xüsusi vurğulamaq lazım gəlir. Çünki bu ortamın yaranmasında Azərbaycanın tarazlı və dinamik siyasətinin rolu həlledici olub”.
Tarix: 30-01-2019, 11:36
Xəbəri paylaş





Xəbər lenti