Qarabağdan olan deputatdan həmsədrlərə sərt sözlər


Flora Qasımova: “”ATƏT Ermənistana hansı təzyiqi göstərib ki, ya müharibə olmalıdır, ya da..."

Qarabağ problemi bütün Azərbaycanın dərdidir. Burada müxalifət və iqtidar yoxdur. Ona görə bəzən fikirlər səslənir ki, hakimiyyət Qarabağa azadlıq tələbi ilə özü mitinqlər təşkil eləsin, cəmiyyətin bütün zümrələri təşviq olunsun, daha böyük izdiham yaşansın. Necə ki, 2012-ci ildə hakimiyyət Bakıda Xocalı abidəsinə 100 minlik yürüş təşkil etmişdi.

Eləcə də Qarabağ münaqişənin həlli tələbi ilə bu yürüşlər və ya mitinqlər keçirilməsi mümkündür. Yeri gəlmişkən, həm Qarabağ Komitəsi, həm oradakı partiyalar hakim partiyanı mitinqdə iştiraka çağırır, bu məsələnin Azərbaycanın ümummilli problemi olduğunu bəyan edirlər. Yəni hər hansı siyasi şüarlar səsləndirilmir, hökumət əleyhinə tələblər irəli sürülmür. Hətta komitənin ilk mitinqinə YAP-dan müəyyən dəstək mesajları da olmuşdu.

Ancaq haqq səsimizi dünyaya ucaltmaq, beynəlxalq aləmin bu konfliktin həllində fəaliyyətsizliyinə etiraz etmək üçün birgə mitinqə zərurət var. Çünki nə ATƏT, nə ABŞ, nə də Qərbin ayrı-ayrı dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi səylər göstərməyiblər. 

Xankəndindən olan deputat Flora Qasımova “Yeni Müsavat”a bildirdi ki, bu məsələlərdən prezident daha məlumatlıdır və bizim hər hansı iradımız ola bilməz:  “Hansı iradımız ola bilər? Bu gün Azərbaycan ordusu güclü ordular siyahısında  yer alıb. Halbuki bir vaxtlar silah tapmırdıq. Ancaq dünya qəbul edir ki, bu gün Azərbaycanın hərbi gücü nəyə qadirdir. Eyni zamanda prezidentin iqtisadi siyasəti, regional layihələri həyata keçirməsi məhz Azərbaycanın güclənməsidir. Azərbaycanın bu illər ərzində müharibə aparmağa gücü çatardı. Apreldə bu gücü nümayiş etdirdik. Sadəcə, beynəlxalq münasibətləri nəzərə aldıq, dünyadakı güclərin erməniyə dəstək olmasını hesabladıq. Amma bu müddətdə ATƏT-in Minsk Qrupunun gördüyü iş faydasızdır”.

Xanım deputat hesab edir ki, ATƏT bu müddətdə Ermənistanın beynəlxalq hüquq pozuntusuna yol verməsinə görə təzyiqlər göstərməyib: “Qarabağa aid olmayan xaç abidəsi qoyublar, erməni kilsəsi tikiblər. Bunu ediblər ki, gələcəkdə desinlər bu ərazilər erməninin olub. Ancaq ATƏT Ermənistana hansı təzyiqi göstərib? Bu tikintiləri niyə edirsiniz? Xocalının adını İvanyan qoyublar. Axı o qətliamda günahsız ölən körpələrin ruhu Xocalıda gəzir. Amma şəhərin adını dəyişiblər, ATƏT bunun qarşısını almır. Ümumiyyətlə, ermənilərin Qarabağda fəaliyyətinə nəzarət edən yoxdur, beynəlxalq təşkilatlarda bu məsələlər qaldırılmır, göz görə-görə talana şahidlik edirik. Amma dünyada yenə erməninin səsi bərk çıxır”.

Deputat onu da bildirdi ki, Qarabağ münaqişəsi artıq regional məsələyə çevrilib: “Mən xarici politoloqların şərhlərin oxuyuram, deyirlər ki, münaqişənin həlli çətindir. Bu gün doğrudan çətindir, illər əvvəl bəlkə bu dərəcədə çətin olmazdı. Ona görə ya müharibə olmalıdır, ya da ATƏT Ermənistanın Qarabağda etdikləri barədə hesabat hazırlamalıdır, çünki ermənilər beynəlxalq hüququ tanımırlar. Köçəryan deyir ki, Dağlıq Qarabağ 1988-ci ildə özünü müstəqil elan etmişdi. Bax belə yalanlar danışırlar. Azərbaycanın əraziləri 114 min kvadrat olub. O baxımdan gənclərimiz fəal olmalıdırlar. Əgər sülhə hazırıq deyiriksə və onlar bu dəfə də imtina etsələr, artıq bilmirəm necə olacaq. Biz tək 5 rayon üçün yox, Laçının, Kəlbəcərin azad olunması üçün çalışmalıyıq. Ümumiyyətlə, Qarabağ məsələsi ilə bağlı mürəkkəb vəziyyətdir, müxtəlif dövlətlərin maraqları var. Bu, təkcə Azərbaycan və Ermənistan xalqlarının məsələsi deyil”.

Emil SALAMOĞLU

Tarix: 31-01-2019, 08:38
Xəbəri paylaş





Xəbər lenti