“ABŞ Cənubi Qafqazla bağlı yeni strategiya hazırlayıb”


Ekspertlər Con Boltonun Bakıya zəngini zəruri edən hədəflərdən danışdılar

Yanvarın 29-da ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a şərhində bildirdi ki, ABŞ-ın xarici siyasət strategiyasında xüsusi yer ayırdığı Yaxın Şərq, İran, Rusiya, Türkiyə, habelə Çinin Avrasiya inteqrasiyasına yönəlmiş meqalayihəsi Cənubi Qafqazla, xüsusən Azərbaycanla bilavasitə əlaqədardır: “Məhz təhlükəli rəqiblər İran, Rusiya, Çin, Türkiyə amilləri ABŞ-dan Cənubi Qafqaza diqqəti artırmağı zəruri edir. Boltonun Əliyevlə telefon söhbətində enerji, təhlükəsizlik, Qarabağ məsələlərini müzakirə etməsi də bu baxımdan diqqətəlayiqdir ki, bu məsələlərin kompleks həlli ABŞ-ın maraqlarına cavab verər, onun bölgədə nüfuzunu və təsirini xeyli dərəcədə artırardı. ABŞ Avropanın Rusiyadan enerji asılılığının azalmasını istəyir, bunun üçün Cənub Qaz dəhlizinə ehtiyac duyur, Çinin ”Bir qurşaq, bir yol" layihəsi üzərindəki ölkələri nəzarətə almaq, İran ətrafında şimaldan həlqəni daraltmaq, Qara dəniz hövzəsi ölkəsi olaraq Ukrayna və Gürcüstanı gələcəkdə NATO-ya daxil etmək, Ermənistanda Paşinyan hakimiyyətinin möhkəmlənməsini, Rusiyaya qarşı tədbirlərin səmərəliliyini təmin etmək üçün Azərbaycana böyük ehtiyac duyur.

Politoloq NÉzakÉt MÉmmÉdova ile ilgili görsel sonucu

Azərbaycan hakimiyyətinin və xalqının rəğbətini qazanmağın ən əsas yolu Qarabağ məsələsinin real həllidir. Mövcud situasiyanın ABŞ-ın Qarabağ siyasətinə təsirinə gəlincə, Vaşinqton burada bir neçə məqsəd güdür. Hazırda ABŞ üçün ən önəmli vəzifələrdən biri hakimiyyətə gətirdiyi Paşinyan iqtidarını möhkəmlətmək, onun hakimiyyətinə təhdid ola biləcək istənilən maneəni dəf etməkdir. Paşinyana ən böyük təhlükələrdən biri Qarabağ məsələsidir. Qarabağ Ermənistanın “Axilles dabanı”, ən zəif yeridir. Burada Rusiyanın təhriki ilə hərbi əməliyyatların başlaması, atəşkəsin pozulması ehtimalı var. Rusiya istənilən zaman nəzarətindəki separatçı Bako Saakyan rejimi vasitəsilə təmas xəttində təxribat məqsədilə atəşkəsi poza, Ermənistan və Azərbaycan arasında 2016-cı il aprel hadisələri kimi döyüş əməliyyatları başlaya bilər. Paşinyanı hakimiyyətdən silib atmağın əsas yolu budur. Belə olarsa, münaqişə lokal səviyyədə qalmayacaq və ABŞ, Avropa Birliyindən mövqe ortaya qoymaq tələb olunacaq. Vəziyyətin o həddə çatmaması, eyni zamanda Paşinyan iqtidarının möhkəmlənməsinə şərait yaratmaq, Rusiyanı Qarabağ məsələsindən istifadə edib regionu təsir altında saxlamaq imkanından məhrum etmək üçün ABŞ münaqişədə təşəbbüsü ələ almağa çalışa bilər".

Politoloq Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Con Boltonun Azərbaycan prezidentinə telefon zəngi təsadüfi deyil: “Onu da təsadüfi saymıram ki, Con Bolton bir həftə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana zəng etmişdi. Doğrudur, Paşinyan telefon danışığından sonra rəqiblərini sakitləşdirmək üçün and-aman etdi ki, Bolton onu yalnız baş nazir seçilməsi münasibətilə təbrik edib, başqa söhbət olmayıb, yəni Qarabağdan danışmayıblar. Ancaq Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə Con Bolton İlham Əliyevlə bir sıra mövzularla yanaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini müzakirə edib. Demək, bu mövzu Paşinyanla da müzakirə edilib, sadəcə, Ermənistanın baş naziri ”Qarabağ klanından" ehtiyat etdiyi üçün bu haqda açıqlama verməyib. Bunların üzərinə ABŞ milli kəşfiyyatının rəhbəri Deniel Koutsun bir neçə gün əvvəl Rusiyanın müdaxiləsi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlana biləcəyi açıqlamasını da əlavə etsək, ABŞ-ın bölgə ilə bağlı hərəkətə gəldiyini söyləmək olar.

Mümkündür ki, Dövlət Departamenti, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi birlikdə Cənubi Qafqazla bağlı yeni strategiya hazırlayıblar və bu strategiyanın ana xətlərindən biri Rusiyanın bölgədəki təsirlərinin azaldılmasına yönəlib. Ona görə də Vaşinqtondan Bakıya və İrəvana zənglərin sayı artıb. İkincisi, mümkündür ki, ABŞ Rusiyanın Avrasiya bölgəsindəki mövqelərinin sıxışdırılması üçün regional münaqişələrin həllindəki fəallığını artıracaq. Üçüncüsü, ABŞ 2000-ci ildən bu yana Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi fəallıq nümayiş etdirməyib. Amerika ərazisində Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü 19 il əvvəl olub. Görünür, Vaşinqtonda yenidən bu mövzuya qayıtmağı lazım bilirlər. Prezident Donald Trampdan olsaydı, bizim bölgə ilə maraqlanmazdı. Ancaq Trampın güclü komandası var və Bolton kimi təcrübəli diplomat anlayır ki, heç bir bölgəni Rusiyaya bəxşiş vermək olmaz, bunun nəticəsi yaxşı olmur. Gürcüstan və Ukrayna buna misaldır. İndi Vaşinqtondan tələb olunan Moskva və Paris görüşlərindən sonra Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşünü Amerika ərazisində təşkil etməkdir. Ancaq görüşün məzmunlu olması və tərəflərin mövqeyini bir-birinə yaxınlaşdırmaq üçün alt səviyyədə fəaliyyət başlamalıdır".


Tarix: 31-01-2019, 08:59
Xəbəri paylaş





Xəbər lenti