Müxalifətin Qərbdə ölən ümidləri Rusiyada közərə bilər...


Əli Əliyev: “Qərb Qafqaz siyasətində dəyişiklik edən kimi görünür”; Hikmət Hacızadə: “Kremlin bizim müxalifətdə heç bir marağı yoxdur”

Son illərdə Azərbaycan müxalifətinin Qərblə bağlı ciddi xəyal qırıqlığı yaşadığını deyə bilərik. Xüsusilə bu hal 2013-cü ildən etibarən özünü daha açıq şəkildə büruzə verməyə başlayıb. Həmin ilin prezident seçkilərindən sonra sanki demokratik düşərgə əlini Qərb dünyasından üzdü.

Burada heç şübhəsiz ki, Azərbaycan hökumətinin Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilatları, fondları ölkədən çıxarmasının da xüsusi rolu var. Amma Qərbin verdiyi vədləri həyata keçirməməsinin, bəzi zamanlarda müxalifətin arxasında durmamasının da az rolu yoxdur.

Bütün bunların fonunda belə iddialar səslənir ki, Azərbaycan müxalifəti Rusiyada özünə yaxın  dairələr axtarır. Hətta Aleksey Navalnı kimi bir müxalifət liderinin şimal qonşumuzda üzə çıxmasından sonra təmasların artdığı yönündə iddialar səslənir. Doğrudur, bu iddiaların doğruluğuna inam azdır. Amma inananlar da var.

Æli Æliyev ile ilgili görsel sonucu

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyilən fikirlərlə razılaşmır: “Bu qədər bir mənalı danışmaq olmaz. Yəni Qərblə dərin bağlara malik müxalifət təşkilatları indi də qalmaqdadır. Qərbin siyasətini dərk edib, məsafələnənlər də, mümkün səviyyədə qoruyanlar da qalmaqdadır. Əslində isə Qərb Azərbaycanda sərf edən dəngəni formalaşdırdıqdan, geopolitik, enerji, iqtisadi, hərbi və digər maraqlarını təmin etdikdən sonra özü şüurlu şəkildə kənara çəkilib. Bu günə qədər belə idi. İndi isə mənzərə fərqlidir. Duyduğum odur ki, son 3-4 ay ərzində vəziyyət dəyişir. Qərb Qafqaz siyasətində dəyişiklik edən kimi görünür. Son dövrlərdə Bolton, Sarkozi, Merkel, Makronun Cənubi Qafqaz səfərləri bunun bariz sübutudur. Qərb Gürcüstan və Ermənistanda siyasi maraqlarını təmin edib. Növbə Azərbaycanındır. Hesab edirəm ki, yaxın gələcəkdə Qərbi fəal şəkildə izləyəcəyik. Müvafiq olaraq, kontrfəallıq Rusiyadan gələcək. Sözsüz ki, İran və Türkiyə də fəal olacaq. Məntiqli görünər ki, siyasi həyatda da bunun inikasını görə bilərik. Ola da bilsin ki, hansısa siyasi təşkilatlar öz davranışlarında rusiyameylli mövqe nümayiş etdirir. Açığı, Azərbaycanda aşkarda Rusiya istiqaməti üzrə ixtisaslaşmış partiya böyük perspektivlər vəd edə bilməz. Rusiya bizim qüdrətli, yaxın qonşumuzdur. Onlarla bütün səviyyələrdə ehtiramlı münasibətlər qurulması milli maraqlarımıza uyğundur”.

Ä°lgili resim

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə Qərbin Rusiyadan qorxduğunu düşünür: “Müxalifətin xəyal qırıqlığı ondan ibarətdir ki, Qərbin bura təsir göstərmək imkanları yoxdur, ya da azdır. Qərb uzaqdır, əvəzində Rusiya və İran daha yaxındır. Ona görə Rusiyanın qorxusundan və bu ölkədən çəkinərək Azərbaycana müdaxilə etmirlər. Bu da müxalifəti qıcıqlandırır, küsdürür. Amma bu həmişə belə olmayacaq. Bu şəkildə davam etməsi mümkünsüzdür. Rusiya və İran kimi ölkələrə qarşı dünyada bir dalğa qalxıb. Qarşıdakı 1-2 ildə nələrinsə olacağı gözlənilir”.

H.Hacızadə Azərbaycan müxalifətinin Rusiyaya yaxınlaşdığını sezmir: “İndiyə qədər belə bir şey olmayıb. Hər halda, məlumatım yoxdur. Bəlkə gizlində nələrsə olub. Həqiqi müxalifətimizdən söhbət gedirsə, nədən Rusiya müxalifəti ilə əlaqə saxlamalıdır? Bizim həqiqi müxalifət Rusiya imperializminə qarşıdır. Rusiyanın Qarabağ məsələsi ilə bağlı mövqeyinə sərt münasibət var. Gecə-gündür Azərbaycan müxalifəti orada-burada Rusiyanı söyə-söyə durur. Bu baxımdan Kremlin bizim müxalifətdə heç bir marağı yoxdur”.


“Yeni Müsavat”

Tarix: 1-02-2019, 11:22
Xəbəri paylaş





Xəbər lenti