Hakimiyyət Rəsulzadənin abidəsini ziyarət etsə...


Tural Abbaslı: “İqtidar bu sahədəki boşluqları analiz etməli və qüsurlu nüansları aradan qaldırmalıdır”

Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 135 yaşı tamam oldu. Gözlənilənlərin əksinə olaraq, bu yubiley dövlət səviyyəsində xüsusi tədbirlərlə keçirilmədi. Məhəmməd Əmin Rəsulzadənin doğum günü tədbirlərini demək olar ki, müxalifət düşərgəsinə aid təşkilatlar keçirdilər. Ənənəvi olaraq böyük öndərin dünyaya göz açdığı Novxanı kəndindəki abidəsinin önündə kütləvi tədbirlər təşkil olundu. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusunun yalnız müxalifətə aid böyük dəyər olmadığı isə məlumdur. Sadəcə olaraq yuxarıda qeyd etdiyimiz mənzərə belə mənzərə yaradıb ki, sanki Rəsulzadə müxalifətin inhisarındadır. 

Bu mənzərənin dəyişməsi isə mümkündür. Qeyd edək ki, son 10 ildə Azərbaycan iqtidarı müxalifət düşərgəsinin əlində olan bir sıra ideoloji “silahları” müxtəlif addımlarla alıb. Belə mənzərə yaranıb ki, yeganə ən güclü ideoloji faktor Məhəmməd Əmin Rəsulzadə məsələsi qalıb. Bəs iqtidar düşərgəsi nədən bu tarixlərdə M.Ə.Rəsulzadəni anmır, onun heykəlinin ziyarət etmir? Əslində etməlidirmi? Etsə və Rəsulzadəyə sahiblənsə, onun adını öz monopoliyasında saxlamağa çalışanları tamamilə “tərksilah” etmiş olarmı?

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, 1993-cü ildə AXC hakimiyyəti iş başından getdikdən və YAP hakimiyyətə gəldikdən sonra keçmiş hakimiyyətlə bu və ya digər formada assosiasiya olunan bütün dəyərlərdən və simvollardan imtina edildi: “Ancaq bu simvollar və dəyərlər yalnız bir hakimiyyətin simvolu olacaq qədər kiçik dəyərlər deyil. Bu simvollar və ideoloji dəyərlər bütün Azərbaycan xalqının səmimi və könüllü şəkildə qəbul etdiyi hətta sahibləndiyi dəyərlərdir. Bu dəyərlərə sahib olmaq daha güclü olmaq deməkdir. Adətən bütün dünyada, əsasən də inkişaf etmiş ölkələrdə belə simvollar və dəyərlər qətiyyən siyasi rəqabət predmeti etmirlər. Yəni bunlar adətən ümummilli və ümumxalq simvollarıdır. Adətən bu səviyyədəki simvollarla mübarizə aparan siyasi qüvvələr uğur əldə edə bilmirlər. Tam əksinə rəqiblərinin əlinə özlərinə qarşı ciddi və təhlükəli mübarizə vasitəsi vermiş olurlar. Uzun illər bu dəyərlərlə mübarizə aparıldı və bunu aparanlar özlərini xalqın nəzərində heç də daha da yüksəltmiş olmadılar. Sonradan iqtidar bu xəttin onlar üçün heç də tam uğur gətirmədiyini anladı və bu sahədə bəzi yumşaqlıqlar etməyə başlandı.

Tural Abbaslı ile ilgili görsel sonucu

Bu gün siyasi səhnədə eyni adla siyasi partiya varsa, tarixi Müsavat Partiyası və onun lideri Məhəmməd Əmin Rəsulzadədən imtina etmək təbii ki, məntiqi deyildi. Və yaxud bu gün kimsə AXC adından istifadə edərək siyasət qurursa bu da AXC hərəkatının Azərbaycan müstəqilliyində və tarixində oynadığı rolu inkar etmək olmaz. Digər tərəfdən hesab edirəm ki, Heydər Əliyev simvolunu Məhəmməd Əmin Rəsulzadə və ya Əbülfəz Elçibəylə qarşı-qarşıya qoymaq doğru deyil. Əslində İlham Əliyevin eks-prezidentlər barədə qərar qəbul etməsi və bu sırada Ayaz Mütəllibovla, Əbülfəz Elçibəyi tanıması doğru addım idi. Həmçinin keçən ili cümhuriyyət ili elan etməsi də doğru addım idi. Lakin burada düşünürəm ki, qərar verilsə də Məhəmməd Əmin Rəsulzadə il ərzində keçirilən tədbirlərdə böyüklüyünə layiq qiymətləndirilməliydi. Hakimiyyətlər gələr və gedər, ancaq, tarix və həqiqətlər dəyişməz. Tarixi olduğu kimi qəbul etmək həmçinin dövlətçiliyə xidmət edir. Düşünürəm ki, hakimiyyət bu sahədəki boşluqları analiz etməli və qüsurlu nüansları aradan qaldırmalıdır”.

Partiya sədri qeyd etdi ki, Məhəmməd Əmin Rəsulzadənin doğum və vəfatının ildönümləri dövlət səviyyəsində qeyd olunsa, abidəsi ziyarət olunsa, bu addımlar hakimiyyətə cəmiyyətdə müsbət münasibət yaradar: “Məhəmməd Əmin Rəsulzadə bir-iki partiyaya məxsus dəyər, simvol deyil, Azərbaycan xalqına, dövlətinə məxsusdur. İqtidarın da buna əsaslanıb ona sahiblənməsindən ilk növbədə iqtidar özü qazanar. Ən azından Azərbaycanın tarixi dəyərləri, simvolları sahəsində iqtidar-müxalifət ayrımı olmamalıdır. Siyasi rəqabət üçün kifayət qədər münbit sahələr var, siyasi rəqabəti o sahələrə çəkmək lazımdır. Ümummilli  dəyərlər, simvollar və dəyərlər toxunulmaz olmalıdır. Qırmızı xətlər aydın cızılmalıdır ki, dövlətçilik lazımi səviyyədə oturuşa bilsin. Bu məsələdə də məsuliyyət hər zamankı kimi yenə də iqtidarın üzərinə düşür. Güman edirəm ki, hakimiyyət bu reallıqları görə biləcək fərasətdə olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Tarix: 2-02-2019, 08:33
Xəbəri paylaş





Xəbər lenti