Yeni yaradılan Xalq Hərəkatı necə uğur qazanacaq?

Qabil Hüseynli: “Cəmiyyətin etimadını qazanmış olsalar...”

Yeni yaradılan Azərbaycan Xalq Hərəkatı (AXH) ətrafında gedən müzakirələr səngimək bilmir. Belə bir hərəkatın indiki şəraitdə meydana çıxmasını vacib sayanlar da var, bunun əksini düşünənlər də...

AXH daha çox 1988-ci ildən etibarən meydana çıxan o zamankı xalq hərəkatı ilə daha çox müqayisə edilir. Belə fikirlər var ki, 30 il öncə müstəqillik uğrunda, eləcə də Qarabağ ətrafında cərəyan edən hadisələrlə əlaqədar o zaman xalq hərəkatına böyük ehtiyac var. İndi isə belə bir hərəkatın yaranmasına ehtiyacın olub-olmadığı yönündə çoxsaylı suallar yaranıb. Eyni zamanda 20 il öncəki hərəkat kimi AXH-nin qarşısına qoyduğu məqsədlərə çatıb-çatmayacağı da müzakirələr sırasındadır.

Politoloq Qabil Hüseynli gedən müzakirələrlə bağlı “Yeni Müsavat”a bunları dedi: “Azərbaycan Xalq Hərəkatı kifayət qədər yetkin siyasətçilərdən və siyasi partiyalardan təşkil olunub. Doğrudur, hərəkatın yaranması üçün ilk başlanğıcda ADP, Ümid kimi partiyalar fəal iştirak etsələr də, sonradan hərəkatda sıravi üzv kimi fəaliyyət göstərmək qərarı verdilər. Amma kənardan tam şəkildə dəstək verəcəklərini bildirdilər. Düşünürəm ki, bu hərəkat daha çox müxalifətin siyasi inteqrasiyaya getmək məsələsidir. Bunun hər hansı bir mənfi nəticələrə gətirib çıxaracağını gözləmirəm. Çünki zaman-zaman siyasi müxalifətin inteqrasiyaya getməsi, bloklaşması təbii bir prosesdir. Xüsusilə seçkilər ərəfəsində bu daha çox aktual olur. Bu xalq hərəkatını yaradanlar tam hədəflərini müəyyən etməsələr də, bu barədə mətbuata məlumat verməsələr də, görünən odur ki, seçkilər ərəfəsində gedən proseslərin nəticəsidir. Güc mərkəzi olmaq üçün siyasi partiyaların yaxınlaşmasından doğan bir xalq hərəkatının meydana çıxdığını da düşünmək olar. ADP və Ümid partiyalarının ən azından bu proseslərə mənfi münasibət bəsləməmələri, proseslərə dəstək vermələri bu hərəkat haqqında nəyisə düşünməyə əsas verir. Digər tərəfdən, AĞ Partiyanın və onun rəhbəri Tural Abbaslının timsalında hərəkatda yeni bir siyasi qüvvə də var. Bu qüvvə günü-gündən fəallığını artırır, nüfuz qazanır. Belə qüvvələrin hərəkatda olması onun üçün müsbətdir”.

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq müxalifətin bugünkü durumunun ürəkaçan olmadığını da söylədi: “Bu bir faktdır. Ciddi parçalanma və pərakəndəlik göz önündədir. Sosial elektoratla təmaslar olduqca zəifləyib. Zənnimcə, siyasi partiyalar bu məsələləri ciddi dərk edir. Ona görə də siyasi inteqrasiya yolunu tutmaqla yeni güc mərkəzi formalaşdırmağa çalışırlar. Bu güc mərkəzi əvvəlki illərin güc mərkəzlərinin təcrübəsini təkrarlasa da, burada qeyri-adi heç nə yoxdur. Onu da qeyd edim ki, hərəkatda təmsil olunan partiyaların əksəriyyəti əvvəlki illərdə gedən proseslərdə hər zaman aktiv iştirak ediblər. Bu partiyalar hədəflərini reallaşdırmaq üçün gördükləri işlərdə cəmiyyətin tələblərini də nəzərə alırlar. Xalq hərəkatının siyasi proseslərə təkan verəcəyi, aktivliyi artıracağı qənaətindəyəm. Bu proseslərdə konstruktiv mövqe tutan, Dağlıq Qarabağ məsələsinə həssaslıqla yanaşan siyasi qüvvələrin olmasının əhəmiyyətli olduğu qənaətindəyəm. Zənnimcə, bu hərəkatın formalaşması, idarəetmə orqanlarının yaradılması prosesləri başa çatarsa, cəmiyyət bundan uduş əldə edə bilər. Ən azından siyasi qüvvələrin pərakəndə şəkildə bir-birinə qarşı mənasız ittihamlarındansa, siyasi inteqrasiya prosesinin getməsi və yeni güc mərkəzinin yaranması daha əhəmiyyətli ola bilər”.

Q.Hüseynli hərəkatın hədəfinə çatıb-çatmayacağını gələcəyin göstərəcəyini bildirdi: “30 il öncə müstəqillik qazanmağımız və SSRİ-nin dağılması ərəfəsində formalaşan xalq hərəkatı mütəşəkkil bir qüvvə idi və geniş xalq kütlələrinin əzminə, iradəsinə söykənirdi. Ona görə güclü elektoral bazaya malik idi. İndi vəziyyət dəyişib, Azərbaycan suveren dövlətə çevrilib, iqtidar kifayət qədər uğurlu siyasət aparır, ölkə iqtisadiyyatı möhkəmlənib. Bütün proseslər siyasi müxalifətin rəqabət meydançasını çox daraldıb. Əvvəllər qarşıya qoyulan hədəflərə çatmaq üçün xalq hərəkatına söykənmək lazım gəlirdisə, indi belə deyil. İqtidarın xalq arasında ciddi sosial bazası var. Yeni hərəkat bu bazaya çətin ki, iddia etsin. Bu onların necə formalaşacağından və cəmiyyətə hansı şüarları təqdim edəcəklərindən asılıdır. Güclü alternativ planlar hazırlamaq xalq hərəkatının qarşısında duran əsas vəzifələrdən biridir. Bu hərəkatın formalaşmasından çox şey asılıdır. Bu elə edilməlidir ki, cəmiyyətdə etimad doğura bilsin. Əgər bu mərhələni uğurla həyata keçirə bilsələr, onlar ciddi yarışa hazır ola bilərlər. Bu intellektual yarışda isə cəmiyyətin etimadını qazanmış olsalar, uğur əldə edə bilərlər”.


Tarix: 7-02-2019, 08:49
Xəbəri paylaş





Xəbər lenti