Moskvanın İrəvan və Bakıya mesajı və ya “atan kazaklardır”


Moskvanın İrəvan və Bakıya mesajı və ya   “atan kazaklardır”
Zərdüşt Əlizadə: “Ermənistanın nə maddi, nə bəşəri imkanları var ki, yeni müharibəyə başlasın, qisas alsın. Erməni müxalifləri revanşist bəyanatlar verirlər, boş-boş danışırlar”
 
Ermənistan silahlı qüvvələri iyunun 10-da Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun bölmələrinə atəş açıb. İlk öncə Ermənistan Müdafiə Nazirliyi tərəfindən açıqlama verildi ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açılıb. Azərbaycan Müdafiə Nazirliyinin də açıqlamasında Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapıb. Bildirilib ki, açılmış atəş nəticəsində Azərbaycan Ordusunun şəxsi heyəti sırasında həlak olan və ya yaralanan olmayıb.
 
“Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir.
 
Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
 
Müdafiə Nazirliyinin başqa bir açıqlamasında isə qeyd edilib ki, iyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub: “Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur”.
 
İkinci Qarabağ müharibəsinin bitməsini, atəşkəsin bərpasını nəzərdə tutan 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Birgə Bəyanatdan sonra Ermənistan silahlı qüvvələri atəşkəsi adətən sərhəddə pozur. Müharibə bitdikdən az sonra bir neçə dəfə separatçılar tərəfindən xırda atəşkəs pozuntularını nəzərə almasaq, demək olar ki, Qarabağda sakitlikdir. Gərginlik isə sərhəd ərazilərinə daşınıb. Mütəxəssislər bunun səbəblərini müxtəlif amillərlə bağlayırlar.
 
Politoloq Zərdüşt Əlizadə AYNA-ya müsahibəsində Qarabağdakı atəşkəsə əməl edilməsi, sərhəddəki gərginlik, proseslərin bundan sonrakı mərhələsi barədə fikirlərini açıqlayıb. Analitik bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan hissədə heç bir toqquşma baş vermir ki, bunun səbəbləri aydındır:
Zərdüşt Əlizadə: “Bu halda Putin Paşinyana deyəcək ki, artıq gecdir...” –
- Rusiya bununla deyir ki, “Ey, Azərbaycan və erməni xalqı, bilin ki, biz olan yerdə əmin-amanlıq var”. Sərhəddə isə Rusiya qoşunu yoxdur. Rusiyanın sərhədçiləri Ermənistan-Türkiyə, Ermənistan-Gürcüstan sərhədlərində dayanırlar, bizimlə sərhəddə onlar yoxdur. Və bizimlə sərhəddə zidiyyətlər, gərginlik var, atışkəs pozulur. Bunun tərcüməsi belədir: “Əmin-amanlıq istəyirsinizsə, elə edin ki, sizin sərhəddə də Rusiya hərbçiləri olsun”. Bu, çox sadə məntiqdir. Bunu kim təşkil edir? Təbii ki, “atan kazaklardır”. Vacib deyil ki, “kazaklar” ruslar olsun, ermənilərin içərisində də Rusiyaya işləyən “kazaklar” var. Ermənistanda hərbi, mülki geyimdə olan, Rusiyaya işləyən “N” qədər adamlar var. Onlar da bu toqquşmaları, gərginliyi təşkil edirlər.
 
Digər tərəfdən, məncə, biz indiki halda delimitasiya və demarkasiya məsələsini qaldırmamalı idik. Bu, mənim şəxsi qənaətimdir. Gözləməliydik ki, Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilsin, sonra müəyyən məsələlərin həllinə başlayaq. Çünki toqquşmalar, gərginlik Nikol Paşinyanın mövqelərini zəiflədir. Erməni cəmiyyətinə göstərirlər ki, “bax, ölkənin başında Nikoldur, amma qayda-qanun yarada bilmir, müharibədən sonrakı dövrdə də ölüm-itim var. Amma Robert Köçəryan gəlsə, o güclü rəhbərdir, birinci müharibədə qalib gəlib, bizi bəlalardan qurtaracaq, sakitlik olacaq”. Buna da erməni cəmiyyətinin kütsavadları inanırlar. Nəticədə, bu gün Köçəryanın reytinqi Paşinyana çatıb. Hesab edirəm ki, indi baş verənlərin siyasi mahiyyəti bundan ibarətdir.
 
- Demək istəyirsiniz ki, sərhədlərimizi müəyyənləşdirməyək? Axı, Azərbaycan beynəlxalq hüquqda tanınan ərazilərinin mühafizəsini təşkil etməlidir. Ermənistandakı seçkilər, onun nəticələri bizim nəyimizə lazımdır?
 
- Demirəm ki, müəyyənləşməsin. Amma zamana baxmalı, siyasət aparılmalıdır. Biz istəyiriksə ki, Paşinyan hakimiyyətdə qalsın, delimitasiya məsələsini azca ləngitmək olardı. Görünür, bizim siyasi hakimiyyətin qərarı belədir, Rusiya ilə razılaşdırılıb ki, delimitasiya indi olsun. Delimitasiya isə mütləq gərginliyə səbəb olacaqdı, necə ki, olur. Paşinyanın mövqeləri laxlayır, hakimiyyət şansları azalır. Köçəryanın hakimiyyətə gəlməsi də bizim üçün qorxulu deyil. Ümumiyyətlə, orda hakimiyyətə kim gəlir-gəlsin, Azərbaycan artıq qələbə qazanıb, işğala son qoyub. Eyni zamanda, Ermənistanın nə maddi, nə bəşəri imkanları var ki, yeni müharibəyə başlasın, qisas alsın. Düzdür, erməni müxalifləri revanşist bəyanatlar verirlər, boş-boş danışırlar. Beş milyard dollar pul lazımdır ki, onlar ordularını yenidən qura bilsinlər, silah-sursat toplasınlar. Pul isə yoxdur, üstəlik, borcun içərisindədirlər. Bununla yanaşı, vuruşmağa adam yoxdu. Tutaq ki, o pulu tapdı, kim vuruşacaq? Mən sizə deyim, seçkilər bitsin, pandemiya qadağaları aradan qalxsın, Ermənistandan yüz minlərlə insan ölkədən köçüb gedəcək. Və köç prosesi illərlə davam edəcək. Ermənistanın başında kimin olmasından asılı olmayaraq, siyasətini dəyişməsə, Azərbaycanla, Türkiyə ilə normal münasibətlər qurmasa, onların dövlət, millət kimi mövcudluğu sual altındadır.
 
- Deyirsiniz ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində də dayanmaq istəyir. Bu yaxınlarda Rusiya sərhədçilərinə Sünikdə (Zəngəzur-A.B) ərazi ayrıldı. Bu, sərhədə gəlmək deyilmi?
 
- Bax, görürsünüz ki, orada artıq Rusiya hərbçiləri var və həmin hissədə Azərbaycanla sərhəddə problem yoxdur. Gərginlik əsasən Kəlbəcər istiqamətində baş verir. Harda ki, Rusiya sərhədçiləri yoxdur, orada atəşkəs pozulur. Rusiya Azərbaycan və Ermənistan ictimaiyyətinə mesaj verir ki, “əmin-amanlıq istəyirsinizsə, bizim hərbçilərimizin sərhəddə olması ilə razılaşmalısınız”. Moskvanın hazırda bütün siyasəti buna yönəlib.
 
- Paşinyan “sərhəddə beynəlxalq müşahidəçilər” təklifi vermişdi – “Minsk Qrupu həmsədr ölkələrindən ibarət müşahidəçilər olsun, delimitasiya və demarkasiyanı onlar həyata keçirsin”, - deyə bildirmişdi. Rusiya sərhəddə həmsədrlərlə olmaq istəyir, yoxsa...
 
- Əlbəttə, xeyir. Rusiya sərhəddə təkbaşına dayanmaq istəyir. Niyyət budur ki, ABŞ, Fransa məsələlərdən kənarda qalsın. Bu isə Nikola sərf etmir. Paşinyan görür ki, Kreml niyyətini gerçəkləşdirməyə yaxındır. Bu səbəbdən də təklif edir ki, burada təkcə Rusiya olmasın, Fransa və ABŞ da gəlsin. Rusiya buna imkan vermir. Azərbaycan da bununla razılaşmır, çünki rəsmi Bakı Moskva ilə dil tapıb, razılaşıb. Əvvəl Rusiya ilə Ermənistan dil tapmışdı, bizi əzirdi. İndi biz Rusiya ilə razılaşmışıq.
 
- Sizcə, Ermənistandakı seçkilərdən sonra gərginlik bitəcəkmi?
 
- Seçkilərdən sonra da Ermənistan uzun müddət gərginliklər, təlatümlər yaşayacaq. Orada çox sarsıntılı dövr başlayır və bu uzun müddət davam edəcək. Seçkilərdə kim qalib gəlir-gəlsin, təlatümlər davamlı olacaq. Çünki Ermənistan cəmiyyəti hissələrə ayrılıb: bir hissə Rusiyaya yönəlik hakimiyyət istəyir, bir hissə Qərbə yönəlik hakimiyyəti arzulayır, bir hissə isə əsatirlərə, miflərə inanır – türk düşmənçiliyi, “Böyük Ermənistan” nağılı, “Dənizdən dənizə Hayastan” utopiyası ilə yaşayır. Bu baxımdan, hakimiyyətə hansı qüvvə gəlsə, digərini qəbul etməyəcək. Proseslər daha da gərginləşəcək və seçkinin nəticəsindən asılı olmayaraq xaos davam edəcək. Uduzan tərəf çıxıb getməyəcək ki, Ermənistanda qalacaq və təxribatlar başlayacaq, öz iradəsini cəmiyyətə sırımağa çalışacaq. Mən əminəm ki, seçkilər günü Ermənistanda ciddi toqquşmalar olacaq, seçki məntəqələrində, seçki dairələrində. Nəticələri heç kəs qəbul etməyəcək, mübarizə davam edəcək. Ola bilsin ki, proseslər vətəndaş müharibəsinə rəvac versin. Keçmiş Prezident Levon Ter-Petrosyan bu günlərdə deyib ki, vətəndaş müharibəsi istisna deyil. “Qarabağ klanı” hakimiyyəti qaytarmaq istəyir. Hesab edirlər ki, Ermənistan hakimiyyətinin “Qarabağ klanı”nın əlindən çıxması ədalətsizlikdir. Ermənistan balaca dövlət də olsa, dövlətdir da, büdcəsi var. Çapmaq, talamaq olar, camaatın cibinə girib yemək olar. Köçəryan da istəyir ki, əvvəlki quldurluğunu etsin. Ona görə də “Qarabağ klanı” “İrəvan klanı” ilə ölüm-dirim mübarizəsinə qalxıb. Hazırda “Qarabağ bayrağı” adı altında hakimiyyət mübarizəsi, ölüm-dirim savaşı gedir.
Tarix: 14-06-2021, 12:49
Xəbəri paylaş





Xəbər lenti