İki “düşmən” bağlı qapılar arxasında: Dünyada yeni böhranın fitili çəkilə bilər

Bayden-Putin görüşü ABŞ və Rusiyanın yaxın gələcəkdə bir-birinə qarşı təhdid-təzyiq manevrlərində irəliləyə biləcəkləri “qırmızı cizgilər”in müəyyən edilməsinə hesablanıb; İki superdövlət arasında həlledici hərbi-siyasi qarşıdurmanın qaçılmaz olduğu şübhə doğurmur…

ABŞ-Rusiya münasibətlərində yeni mərhələ başlaya bilər. Ancaq bunun belə olacağına o qədər də böyük ümidlərin mövcudluğu qətiyyən müşahidə olunmur. Hər halda, proseslərin belə müsbət məzmunlu inkişafına elə də ciddi əminlik yoxdur.
Səbəblər isə çox sadədir. Ağ Ev Rusiyanı ABŞ-ın əsas iki beynəlxalq düşmənləri sırasına daxil edib. İndi iki düşmən superdövlətin birdən-birə yeni münasibətlər sisteminə keçə biləcəklərinə inanmaq sadəlövhlük olardı.

Ona görə də, ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşün nizamlayıcı faktora çevrilməsi mümkün görünmür. Böyük ehtimalla bu görüş sadəcə, diplomatik manevr xarakteri daşıyır. Hər iki tərəf rəqib superdövlətin özünə nə qədər güvəndiyini müəyyən etməyə çalışırlar.

Belə düşünmək olar ki, Bayden-Putin görüşü iki superdövlətin yaxın gələcəkdə bir-birinə qarşı təhdid-təzyiq manevrlərində irəliləyə biləcəkləri “qırmızı cizgilər”in dəqiqləşdirilməsinə hesablanıb. Hər halda, bir müddət öncə ABŞ və Rusiya qarşılıqlı açıq hərbi təhdid kampaniyası ilə bir-birini sınaqdan keçirtdilər. Və hər iki tərəf mütləq üstünlüyə nail ola bilmədiklərindən müvəqqəti də olsa, geri çəkilməli oldular.
Onu da qeyd edək ki, ABŞ və Rusiya arasında illərlə yığılmış, üstəlik, üzərinə yeniləri də əlavə olunmuş olduqca ciddi “problemlər paketi” mövcuddur. Eyni zamanda, “problemlər paketi” kifayət qədər prinsipial mövzularla yüklənib. Həmin mövzulara münasibətdə güzəştə gedib, geri çəkilən tərəf dərhal məğlub durumuna düşə bilər.

Bayden-Putin yalnız elə Ukrayna böhranının gündəmə gətirilməsi uzunmüddətli müzakirələrə yol aça bilər. Çünki Kreml Ukraynanı hələ də öz təsir məkanının tərkib hissəsi hesab edir. ABŞ və NATO isə bu ölkəni MDB məkanında Rusiyanın küncə sıxışdırılmasına münbit şərait yarada biləcək “hərbi-siyasi poliqon” kimi görür.

Təbii ki, belə yanaşma tərzi ilə anlaşma ehtimalı real deyil. Üstəlik, son vaxtlar rəsmi Kiyev də iki superdövlətin “nifaq alması”na çevrilməsindən qətiyyən məmnun görünmür. Hətta bu narazılığını artıq açıq məzmunla ifadə etməyə başlayıb.

Məsələ ondadır ki, Ukrayna prezidenti Vladimir Zelenski son açıqlamasında ABŞ və Qərbi dolayısı ilə qınamaqdan özünü saxlaya bilməyib. ABŞ və Qərbə Rusiyanın siyasi avantüralarını ciddiyə almamağı tövsiyyə edib.

Onun fikrincə, Ukrayna ilə sərhəddə hələ 90 minlik ordu saxlayan Rusiyaya inanmaq olmaz. Ukraynanı yalnız NATO-ya tamhüquqlu üzv qəbul etməklə, Rusiyadan qorumaq mümkün ola bilər. Əks halda, Ukrayna özünü qorumaq üçün fərqli variatlar axtarmaq məcburiyyətində qala bilər.

Göründüyü kimi, rəsmi Kiyev Rusiya qarşısında təkbaşına buraxıldığını düşünür. Ona görə də, ABŞ və Qərbi qınadığını qətiyyən gizlətmir. Bu isə istər-istəməz Ağ Evin öz vədlərinə sadiq olduğuna yönəlik inamı sarsıdır.

Maraqlıdır ki, Rusiya prezidenti V.Putin də ABŞ və Qərbi öhdəliklərindən yayınmaqda suçlayır. Ağ Ev sahibi Co Baydenlə görüş ərəfəsində o, NATO-nun şərqə doğru hərbi fəaliyyətini genişləndirməsindən narahatlığını ifadə edib. Kreml sahibi NATO-nun öz hərbi davranışlarını “müdafiə xarakterli təlimlər” kimi qələmə verməsinə əsəbi reaksiya göstərib: “Belə müdafiə olur? M.Qorbaçovdan da soruşa bilərsiz, SSRİ dönəmində şifahi də olsa, NATO şərqə doğru genişlənməyəcəyini vəd etmişdi. Harada qaldı, bu vədlər? Bizi uşaq kimi aldatdılar. Deməli, hər şeyi rəsmiləşdirmək lazımdır”.

Bu açıqlama da onu göstərir ki, Kreml sahibi ABŞ və NATO-ya qətiyyən güvənmir. Ona görə də, prinsipial mövqe tutmağa üstünlük verir. Xüsusilə də prezident V.Putin özünü “qatıl” adlandırmış Ağ Ev sahibi Co Baydendən hər hansı məsələdə konstruktiv yanaşma gözləmədiyini qabardır.

Halbuki ABŞ və Rusiyanın dövlət maraqları dünyanın bir çox önəmli regionlarında ciddi şəkildə toqquşur. Həmin regional problemlərin sırasında Ukrayna ilə yanaşı, Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı ciddi ziddiyyətlər yer almaqdadır. Eyni zamanda, son vaxtlar yeni böhran məkanı kimi diqqəti çəkən Belarus qarşıdurmasını da nəzərə alanda, vəziyyət tamamilə aydınlaşmış olur.
Bütün bunlar onu göstərir ki, Bayden-Putin görüşündə nizamlana biləcək problemlərin sırası o qədər də geniş deyil. İndiki halda, yalnız ABŞ və Rusiya arasında “səfir qalmaqallar”ının həll edilə biləcəyi istisna deyil. Digər ziddiyyətli mövzularda isə anlaşma demək olar ki, mümkün görünmür.

Ona görə də, hesab etmək olar ki, ABŞ və Rusiya prezidentləri arasında uğursuzluğu elə əvvəlcədən məlum olan bir görüş keçirilib. Bu görüş dünyanı təhlükəyə sürüyə biləcək heç bir məsələnin gündəmdən çıxarılması baxımından, ümidverici təmas təsiri bağışlamır. Və bir-birinə qıcıq olan iki siyasi liderin bağlı qapılar arasında ölkələrinə, eləcə də dünyaya verə biləcəkləri hər hansı vəd demək olar ki, yoxdur.
Halbuki, hazırda bütün dünya üçün nüvə silahının yayılması ilə bağlı yaranmış vəziyyətin nizamlanması daha faydalı ola bilərdi. Çünki hər iki superdövlət vaxtilə bu məsələ ilə bağlı imzalanmış ikitərəfli müqaviləyə artıq riayət etmirlər. Ona görə də, hazırda dünyada yeni nüvə təhlükəsi ehtimalı ciddiləşməyə başlayıb.

Bütün bunları nəzərə aldıqda, Bayden-Putin görüşünü sadəcə, “düşmənlər”in bağlı qapılar arxasında söhbəti kimi dəyərləndirmək olar. Dünyanın “partlayan problemləri” isə yəqin ki, hələ uzun müddət həll edilməmiş qalacaq. Hətta istisna deyil ki, dünyada yeni hərbi-siyasi böhranın fitilini də məhz bu görüşdən sonra çəkə bilərlər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu


Tarix: 16-06-2021, 23:06
Xəbəri paylaş





Xəbər lenti