İmkanlar genişlənir, daha böyük hədəflərimiz yaxınlaşır...


Dünya tarixində müharibən qələbə ilə çıxmış ölkələr əksər hallarda növbəti il üçün hərbi xərclərini azaltdığı halda, 44 günlük müharibədə şanlı qələbəsini qazanmış Azərbaycan növbəti 2021-ci il üçün hərbi büdcəsini xeyli artırdı. Ardınca bütün Azərbaycanın gözlədiyi qardaş Türkiyə ilə müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması həyata keçirildi. Azərbaycan Respublikası prezidenti, Ali Baş Komandan İlham Əliyev öz Sərəncamı ilə hərbçilərin maaşlarını 50%-ə qədər artırdı. Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 illiyi münasibəti ilə çıxışında Azərbaycan Silahlı qüvvələrinin say tərkibinin artırılacağını bildirdi.
Yuxarıda sadaladığım proseslərin qısa zaman müddətində yəni, Azərbaycan Ordusunun 44 günlük müharibə qələbəsindən sonra baş tutması təbii ki, Azərbaycan dövlətinin, xalqının daha böyük hədəflərə kökləndiyini göstərir. Azərbaycanın xarici dövlətlərdə öz hərbi bazalarının yaratması imkanlarının müzakirəsi Azərbaycanın regional güc mərkəzi kimi, artıq dünya dövlətləri tərəfindən qəbul ediləsinin sübutudur. Dünyanın nəhəng dövlətləri və siyasi liderlərinin Türkiyə prezidenti Ərdoğanı dünya liderləri sırasında ən nüfuzlu lider kimi qəbul etməsi, Türkiyənin maraqları ilə bir mənalı hesablaşması, etnik və dini baxımdan ən yaxın Azərbaycan dövləti ilə müttəfiqlik münasibətləri haqqında sənəd imzalanması tarixi türk əzəmətini əks etdirən yeni dövrün başlandığı deməkdir.
Əksər yazılarımda və hətta 2019-cu il tarixdə işıq üzü görmüş "Mənim düşüncəm" adlı kitabımda hərb xalqına, dövlətinə çevrilməyimizin tarixi zərurət olduğu haqqında yazmışam. Görünür ki, artıq biz həm dövrə qədəm qoymuşuq və məqsədlərimiz də gün kimi aydındır.
İran, Rusiya, Fransa və sair bu kimi düşmən əhatəsində olan Azərbaycanın öz istəyinə nail olması və möhtəşəm qələbə qazanması təbii ki, yüksək siyasi, diplomatik bacarığın nəticəsində qəhrəman Azərbaycan əsgərlərinin şücaəti sayəsində baş tutdu. Nəzərə alsaq ki, Rusiya və Fransa Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvlərindən ikisidir o halda, müharibənin gedişində belə düşmən mövqeyli dövlətlərin basqılarının neytrallaşması hansı siyasi və diplomatik səylərin miqyası nəticəsində mümkün olduğunu anlamaq o qədər də çətin deyil. Dünya liderləri Putin, Bayden, Nazarbayev, Lukaşenko, Saakaşvili və sair nüfuzlu siyasətçilərin Azərbaycan prezidenti İlham Əliyev haqqında olduqca yüksək müsbət fikirləri İlham Əliyevin beynəlxalq miqyaslı lider, siyasətçi kimi reallığı əks etdirir. Bu baxımdan Ərdoğan və İlham Əliyev tandemi ilə türk dünyasının imkanlarını daha genişləndirir və hədəfləri mümkün reallığa çevirir. 1813, 1828-ci ildən bu yana Azərbaycan xalqı və dövləti tarixinin ən əzəmətli, möhtəşəm ilk intibah dövrünü yaşayır. İmkanlarımız artır, böyük hədəflərimiz yaxınlaşır. Bu əzəmətli dövrdə hər birimizdən dərin dövlət psixologiyası ilə düşünməli, ali məqsəd və amallara xidmət etməliyik.
Bir məqamı xatırlamaq istərdim. Azərbaycan 2-ci Qarabağ savaşında öz möhtəşəm qələbəsi ilə suverenliyimizi, ərazi bütövlüyümüzü, qürurumuzu bərpa etməklə yanaşı iqtisadi və sosial təminat imkanlarımızı əsaslı şəkildə genişləndirdi. Dünyanı cənginə alan qlobal istiləşmə prosesində ölkəmizin su ehtiyaclarının ödənilməsi üçün vacib böyük su mənbə və ehtiyatlarını nəzarətimizə qaytarmağımız təbiətin sınağına belə tab gətirməyə imkan verib. 44 günlük
müharibədə Qələbəmizin masştabının sözlə ifadəsi o qədər də asan deyil. Möhtəşəm, əzəmətli, tarixi, qurur verici və sair bu kimi ifadələr keçirdiyimiz hisləri belə tam ifadə edə bilməz.
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi
Siam.az 
Tarix: 27-06-2021, 22:08
Xəbəri paylaş





Xəbər lenti