Rusiyadan Azərbaycan və Türkiyəyə tuşlanmış silah – Atəş Qarabağda, səsi Moskvada


Rusiyadan Azərbaycan və Türkiyəyə tuşlanmış silah –     Atəş Qarabağda, səsi Moskvada
Asif Nərimanlı: “Ruslar Ağdam istiqamətində atəşkəsi pozmaqla kulis danışıqlarını öz maraqları məcrasına yönəltmək üçün xəbərdarlıq edirlər”
 
İkinci Qarabağ müharibəsinə yekun vuran 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Birgə Bəyanatdan sonra Azərbaycan ərazilərində qalmış erməni separatçıları atəşkəsi demək olar ki, pozmurdular. Bir dəfə Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə qalan Qarabağ separatçılarının yaraqlıları Şuşa istiqamətində havaya atəş açmışdılar. Lakin iyulun 6-da saat 17:50 radələrində terrorçular atəşkəsi pozdular.
 
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilirdi ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub: “Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz, baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub. Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin  komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib”.
 
Qəribəsi odur ki, Rusiya tərəfi atəşkəs pozuntusunu inkar etdi. Belə ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingenti” bölməsində bəhs edilən, hadisədən 2 saat 10 dəqiqə sonra, yəni Moskva vaxtilə saat 19:00-da yayılmış məlumatda  Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş vermiş insidentlə, qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması ilə bağlı heç bir məlumat verilməyib.
 
Rusiya MN-in Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqda iyulun 6-da Bakı vaxtilə  saat 20:00-da yaydığı son məlumatında belə deyilir: “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində vəzifələrini yerinə yetirməkdə davam edir. 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Bütün təmas xətti boyunca atəşkəs rejiminə əməl olunur. Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər”.
 
Belə çıxır ki, Ağdam istiqamətində erməni silahlıları tərəfindən heç bir atəşkəs pozuntusu baş verməyib. Yaxud baş versə də, Rusiya hərbi kontingentinin komandanlığı bundan xəbər tutmayıb. Halbuki, Rusiya MN-in 6 iyul 2021-ci ildəki sonuncu məlumatında bildirilir: “Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.
 
Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, atəşkəs pozuntusundan bir gün sonra Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyaya səfər etdi. İyulun 7-8-də Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. Görüş zamanı Qarabağla bağlı məsələlər müzakirəyə çıxarıldı. Elə həmin gün, iyulun 7-də Azərbaycan Prezidenti İlham Əliyev ölkənin iqtisadi rayonlarının yeni bölgüsü haqqında Fərman imzaladı. Fərmanda yeni iqtisadi rayonların - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması təsdiqləndi.
 
Baş verən proseslərlə bağlı AYNA-nın suallarını siyasi şərhçi Asif Nərimanlı cavabhlandırıb. Politoloq deyib ki, son proseslər fonunda Qarabağda atəşkəsin pozulmasına bir neçə kontekstdən baxmaq mümkündür:

- Bu, Ermənistan hakimiyyətinin təxribatı ola bilər. Paşinyan Moskva səfərindən öncə “sərhəddə hücum” xəbəri istehsal olundu. Ermənistan tərəfi iddia etdi ki, Geqarnuki bölgəsinin Verin Şorja kəndi istiqamətində atışma olub və iki erməni hərbçisi yaralanıb. Bu, Paşinyanın Moskvada Putinin qarşısında əlini gücləndirmək gedişi idi. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qaragöl ətrafında baş verənlərə müdaxilə etməyəcəyini bəyan etdi. Ermənistan hakimiyyəti sərhəddə insident yaşandığı təbliğatı ilə KTMT-nin Azərbaycanın “hücum etməsinə” şərait yaratdığını göstərməyə çalışdı. Ermənistan rəsmiləri də açıq şəkildə iddia edirdilər ki, “KTMT-nin səssizliyi Azərbaycana hücum etməyə və erməni hərbçilərini yaralamağa imkan yaradır”.
 
Bu təbliğatla Ermənistan hakimiyyətinin əsas hədəfi - imzalanacaq yeni sərhəd müqaviləsində Rusiyanın dəstəyi ilə maraqlarının təmin edilməsinə nail olmaqdır. Moskvada Putin-Paşinyan görüşündə müzakirə edilən məsələlərdən biri də sərhəddə baş verənlər idi. Paşinyan bu gedişlərlə Rusiyaya Ermənistanın təhlükəsizliyinin qarantı olduğunu xatırlatmaq və dəstək qazanmaq istəyir.
 
Bunun fonunda Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yerləşdiyi Ağdam istiqamətində təxribat atəşinin açılmasını Paşinyanın Moskvada istəyinə nail olmaq üçün rusların sülhməramlı missiyasına qarşı hücumu kimi dəyərləndirə bilərik. Ermənistan hakimiyyəti Qarabağda rus sülhməramlılarının əleyhinə olacaq təxribat törədir və bununla Bakı-Moskva xəttində problemlər yaratmaqla, yeni sərhəd müqaviləsində Rusiyanın İrəvandan yana olmasına şərait yaradır. Lakin bu versiyanı zəiflədən bir neçə məqam var:
 
Birincisi, Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinə nəzarətin, faktiki olaraq Paşinyan hakimiyyətinə yaxın olan separatçıların rəhbəri Araik Arutunyanın əlində olmamasıdır. Nəzarət daha çox qondarma “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyana, yəni ruslara məxsusdur;
 
İkincisi, Rusiya Müdafiə Nazirliyinin baş vermiş təxribat atəşi ilə bağlı yaydığı məlumatın mətnidir. Bu açıqlamada Rusiya açıq şəkildə Dağlıq Qarabağın mövcud olduğunu deyir, Xocavəndi ermənilərin verdiyi adla qeyd edir və Ermənistanı Qarabağda tərəf kimi göstərir. Rusiyanın belə bir açıqlama verməsi Qarabağda açılan atəşin də arxasında rusların olduğu ehtimalını önə çıxarır.
 
Ermənistanda keçirilən seçkidən sonra Prezident İlham Əliyev Putinə zəng etdi, ardınca Putin Paşinyana, daha sonra Ərdoğana zəng etdi. Müzakirələr üçtərəfli razılaşmaların icrası idi. Görünür, Əliyev üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasını, xüsusilə hələ də heç bir irəliləyiş olmayan 4-cü bəndin yerinə yetirilməsini, yəni erməni qoşunlarının çıxarılmasını istəyir. Rusiya da üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasının vacibliyini vurğulayıb, lakin erməni qoşunların çıxarılmasından sonra rusların bölgədə uzunmüddətli qala bilməsi üçün Bakıya təzyiq rıçaqları zəifləyir. Mümkündür ki, Rusiya Qarabağdakı separatçı qüvvələrin hansısa formada təmsilçiliyini istəyir və bu, ona bölgədə daha uzun müddət qalmağına şərait yaradacaq.
 
Bakı bununla razılaşmır. Müxtəlif ehtimallar mövcuddur, məlum olan odur ki, Ermənistanda seçkilərdən sonra baş verənlər qapalı müzakirələrdə toqquşan maraqların olduğunu aydın göstərir. Və istisna deyil ki, ruslar Qarabağda, Ağdam istiqamətində atəşkəsi pozmaqla kulis danışıqlarını öz maraqları məcrasına yönəltmək üçün xəbərdarlıq edirlər. Rusiya Müdafiə Nazirliyinin məlumatı da bu ehtimalı gücləndirir. Nəzərə almalıyıq ki, Qarabağdakı erməni hərbi birləşmələri Moskvaya bağlı qüvvələrin təmsilçisi olan Vitali Balasanyanın nəzarətindədir.
 
- Azərbaycan tərəfi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verildiyini bildirdi. Lakin Rusiya atəşkəs pozuntusunu təkzib etdi. Moskvanın təkzibinin arxasında nə dayanır?
 
- Rusiyanın təkzibini anlamaq üçün Azərbaycan Müdafiə Nazirliyinin atəşin açılması haqqında yaydığı məlumata baxmaq lazımdır. Bakı bu məlumatla Rusiyaya açıq mesajlar verdi: Birincisi, Rusiya sülhməramlıları Azərbaycan ərazisində müvəqqəti yerləşdirilib. İkincisi, Qarabağdakı erməni silahlı dəstələrinin qanunsuz olduğunu bəyan etdi və Moskvaya 10 noyabr razılaşmasının 4-cü bəndini icra etmədiyini xatırlatdı. Üçüncüsü, rus sülhməramlıların vəzifəsini icra edə bilmədiyi mesajını ötürdü. Dördüncüsü, baş vermiş hadisənin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verildiyini deməklə Türkiyənin də bölgədə sülhyaratma missiyasında yer aldığını vurğulamış oldu.
 
Bu mesajları alan Rusiya hadisənin baş verdiyini təsdiqləmir, Azərbaycan tərəfinin məlumatı əsasında araşdırdığını bildirməklə, dolayısı ilə bunun Bakının iddiası olduğuna işarə vurur. Çünki bunun təsdiqi Rusiyanın sülhməramlı kontigentinin öz missiyasını yerinə yetirə bilmədiyinin etirafı deməkdir. Bununla yanaşı, atəşin məhz Ağdam istiqamətində, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yerləşdiyi bölgəyə doğru açılması diqqət çəkir. İstisna deyil ki, Bakı və Ankara erməni qoşunlarının çıxarılmasından sonra sülhməramlı kontingentin tərkibində türk hərbçilərin daha aktiv iştirakına nail olmaq istəyir. Atəşin də məhz Monitorinq Mərkəzinin yerləşdiyi bölgəyə açılması ilə Rusiya Türkiyənin sülh yaratma prosesində aktivləşmək istəyinə qarşı mesaj da vermiş ola bilər. Rusiya Müdafiə Nazirliyinin atəşin açılması ilə bağlı məlumatında da Monitorinq Mərkəzinin adının çəkilməməsi təsadüfi deyildi.
 
- Paşinyan seçkidən sonra ilk səfərini Rusiyaya etdi. Seçkidən əvvəl də Moskvaya səfər etmişdi. Sizcə, bu, Paşinyanın Putinə minnətdarlıq səfəri deyil?
 
- Paşinyan hələ müharibə vaxtı anladı ki, hakimiyyətdə qalması üçün ruslarla anlaşmalıdır. Seçkidən dərhal sonra yolunun rus ittifaqlarına doğru olduğunu açıqlaması da bundan qaynaqlanırdı. Lakin Nikolun Rusiyaya münasibətini hökuməti formalaşdırdıqdan, hakimiyyətini gücləndirdikdən sonra daha açıq formada görə biləcəyik. Gözləniləndir ki, siyasi kursunun yönünü dəyişsin, xüsusilə bölgədə kommunikasiyanın bərpasından, Türkiyə və Azərbaycanla sərhədlərin açılmasından, iqtisadi münasibətlərin qurulmasından sonra bu, baş verə bilərik. Hələlik Rusiya təhlükəsinin neytrallaşdırılması Paşinyan üçün hakimiyyətdə qalmasının əsas zəmanətidir. Bu baxımdan, seçkidən sonra da Nikolun ilk səfərini Rusiyaya etməsi Putinə “sadiqəm” mesajının verilməsidir.
 
Hərçənd, fikrimcə, bu səfər daha çox Moskvanın istəyindən irəli gəlirdi və məqsəd Rusiya-Ermənistan münasibətlərindən daha çox, üçtərəfli razılaşmaların icrası, sərhəd məsələsinin həlli ilə bağlı canlı təmasda müzakirələrin aparılmasıdır. Əks təqdirdə Paşinyan hökuməti formalaşdırandan sonra Moskvaya səfər edərdi. Mümkündür ki, Paşinyandan sonra Azərbaycan Prezidentinin də Putinlə görüşü olsun. Məqsəd Ermənistanda hökumət formalaşdırılana qədər liderlərlə razılaşmaların detallarının müzakirə edilməsi, yekunda üçtərəfli görüşlə imzaların atılması ola bilər.
 
- Paşinyanın Moskva səfəri zamanı apardığı müzakirələrin nəticəsi nəyi deməyə əsas verir?
 
- Qeyd etdiyim kimi, Paşinyanın Moskvaya səfərinin daha çox üçtərəfli razılaşmaların icrası və yeni sərhəd müqaviləsinin imzalanması ilə bağlı müzakirə etmək məqsədi daşıdığı ehtimalı daha çoxdur. Görünür, Rusiya özünün vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşmaların icra edilməsində tələsir, çünki prosesin uzanmasının üçüncü tərəfin – Qərbin müdaxiləsinə qapı açdığını anlayır. Paşinyanın səfərinin nəticəsini qarşıdakı dövrdəki təmaslarda, xüsusilə Rusiyanın Azərbaycan və Ermənistan arasında vasitəçilik addımlarında görə biləcəyik.
 
- Paşinyanın səfəri günü Prezident Əliyevin Qarabağ iqtisadi rayonları haqqında Fərmanı rəsmi Bakının hansı mesajlarından xəbər verir?
 
- Fərman özündə üç mühüm siyasi qərarı əks etdirir:
 
Birincisi, Qarabağın “statusunun” olmayacağı rəsmi sənədlə təsdiq olundu;
 
İkincisi, “Dağlıq Qarabağ” ifadəsi ləğv edildi;
 
Üçüncüsü, Xankəndi, Xocalı və Xocavənddə yaşayan ermənilərin bölgədə yalnız Azərbaycan vətəndaşı kimi yaşaya biləcəyi rəsmiləşdi.
 
Fərmanın məhz Paşinyanın Moskvada olduğu gün imzalanmasını Bakının Xankəndi, Xocalı və Xocavəndlə bağlı mövqeyini rəsmiləşdirməsi, ümumiyyətlə ermənilərin yaşaması üçün ayrılan bu ərazilərlə bağlı məsələnin rəsmi şəkildə bağlanması hesab edə bilərik. Bakı rəsmi şəkildə göstərdi ki, artıq bu məsələ bitib və orada baş verənlər Azərbaycanın daxili işidir.
Tarix: 10-07-2021, 15:06
Xəbəri paylaş





Xəbər lenti