"İndi apaçıq bir daha bəlli olur ki, niyə Qarabağ münaqişəsiu bu qədər uzanıb..."


Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Belə ki, həmin ölkələrinin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də Şuşaya getməkdən imtina ediblər.
Siyasi şərhçi Qulu Məhərrəmli Moderator.az-a açıqlamasında həmsədr ölkələrin bu cür riyakar, ikiüzlü siyasətinin bir daha ifşa olunduğunu bildirir və əslində bundan narahatlıq keçirilməsini doğru hesab etmir:
"Mənim fikrimcə siyasət elə bir fəaliyyət sahəsidir ki, orada diplomatik gedişlər, ikiüzlülük, riyakarlıq, oyun bəlli bir həddə qədər gedə bilir. Amma elə nöqtə gəlib çatır ki, orada konkret mövqe, münasibət bildirməlisən. Mənə görə Amerika, Rusiya və Fransa diplomatiyasının Qarabağla bağlı ikiüzlü, riyakar siyasətinin həmin nöqtəsi yetişib. Ona görə də uzun illər ərzində manevr etmək, Minsk Qrupu çərçivəsində baş qatmaq, həm Azərbaycana, həm Ermənistana təsir etmək, o birisi yandan əl altdan Qarabağ ermənilərinə vədlər vermək, şirnikləndirmək, onları oyun elementinə çevirmək - görünür ki, bu dövr bitdi. Yəni bunlar əgər ümid edirlərsə ki, bundan sonra yenə də asanlıqla oyun oynaya biləcəklər, mənə elə gəlir ki, onların manver imkanları xeyli məhdudlaşır. Həmin ölkələrin səfirlərinin diplomatların Şuşaya səfərindən imtina etməsi isə heç cür qəbulolunan deyil. Hər şeydən öncə sən yerləşdiyin ölkənin qanunlarına hörmət etməyə borclusan, bu ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməlisən. Guya bu səfirlər Şuşaya getməyəndə bu şəhərlə bağlı hansısa ikili fikir yaranır? Əksinə, bununla hər üç ölkənin də Qarabağ məsələsində hansı siyasəti yeritdiyi Azərbaycana gün kimi aydındır. Sadəcə olaraq səfirlərin imtina davranışı onu bir daha parlaq şəkildə üzə çıxarır. Ona görə də Azərbaycan öz işini bilməlidir, öz gedişlərini hesablamalıdır, yəni bu ölkələrlə hara qədər güvənmək mümkündür, ora qədər getməldiir və xarici siyasətində də bu məqamı əsas götürməlidir. İndi apaçıq bir daha bəlli olur ki, niyə Qarabağ münaqişəsiu bu qədər uzanıb. Nəyə görə bu qədər yalançı bəyanatlar, vədlər, Azərbaycana bu qədər əsassız təzyiqlər edilib - bunların hamısı ifşa olunur. Ona görə də hesab edirəm ki, bu səfirlərin imtinasından çox da məyus olmağa dəyməz, bu bizim üçün əslində heç də gözlənilməz gediş deyildi. Fransa senatının oyunları, ABŞ Konqresində baş verənlər, eləcə də Rusiyanın Dövlət Dumasında qondarma genosidin tanınması kimi əyləncəli yanaşmalar mahiyyət etibarı ilə Azərbaycanı sevməməkdən qaynaqlanır, onun müstəqil dövlət kimi nüfuzunun artmasından daralmaqdır. Biz belə şeylərə əhəmiyyət vermədən öz aktiv siyasətimizi aparmalıyıq, addım-addım Qarabağa daha çox yiyələnməliyik, növbəti mərhələdə Xankəndində Azərbaycanın suverneliyinin bərpası, 10 noyabr sazişində nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması istiqamətində öz inadlı addımlarımızı atmalıyıq".
Tarix: 11-07-2021, 16:51
Xəbəri paylaş





Xəbər lenti