Paşinyanın qafasında yenə “tülkülər oynamağa” başlayıb: Araiki Moskvaya, köməkçisini Xankəndinə niyə göndərir



Erməni baş nazirin köməkçisinin bölgəyə gəlişinə rəsmi Bakının reaksiyası bir çox müəmmalı məqamların üzərindən sirr pərdəsini götürə bilər; Rəsmi İrəvan yenidən “geopolitik qumar” oynamaq niyyətinə düşərsə, bu, növbəti savaşa dəvət kimi anlaşılacaq…

Ermənistan son günlər müəmmalı addımlar atmağa başlayıb. Həmin addımların əsas məqsədi hələlik məlum deyil. Ancaq istənilən halda, ən yaxın vaxtlarda rəsmi İrəvanın nə etmək niyyətində olduğu aydınlaşmağa başlayacaq.
Məsələ ondadır ki, rəsmi İrəvanın son müəmmalı davranışları Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya qeyri-rəsmi səfərindən sonraya təsadüf edir. Ona görə də, həmin müəmmalı davranışlara istər-istəməz məhz erməni baş nazirin Moskva səfəri üzərindən diqqət yetirmək lazım gəlir. Hər halda, rəsmi İrəvan ən azından indiki situasiyada Kremlin narazılığına səbəb ola biləcək hər hansı addıma cəsarət etməz.
Onu da qeyd edək ki, Kremldə nahar süfrəsi arxasında Rusiya prezidenti Vladimir Putin baş nazir N.Paşinyanı “Çətin, həssas problemlərin həlli üçün xalqın dəstəyi çox vacibdir və mən sizi təbrik edirəm. Çünki, sizin artıq belə bir dəstəyiniz var” sözləri ilə təbrik etmişdi. Təbrikin məhz belə bir məzmun daşıması seçki öncəsində üçtərəfli anlaşmaların icrasında tərəddüdlü mövqe tutan Paşinyan hakimiyyətinə qətiyyətli davranmağa çağırış kimi yozulmuşdu. Və bu, əslində, tamamilə inandırıcı ehtimal hesab oluna bilər.
1602150453_8515029.jpg (253 KB)
Maraqlıdır ki, baş nazir N.Paşinyan Moskvadan döndükdən sonra bəzi addımlar atmağa başlayıb. Bu müddətdə o, əvvəlcə öz yaxın ətrafı ilə toplantı keçirib. Ancaq qəribə də olsa, həmin toplantıda erməni baş nazir Moskvada Kreml sahibi ilə hansı məsələləri müzakirə etməsi barədə demək olar ki, heç bir məlumat verməyib. Hətta bu barədə bəzi suallara cavabdan da bacardıqca yayınmağa çalışıb.
Ardınca Rusiya sülhməramlı qüvvələrin nəzarətində olan bölgədəki erməni separatşıların rəhbəri Araik Arutyunyan ilə görüşüb. Həmin görüşdə bölgədə bir sıra sosial proqramların icrasından danışıb. Ancaq erməni baş nazirin separatçı ilə görüşündə qondarma “DQR”-in bayrağının olmaması da diqqəti çəkib. Və bu, Ermənistan mətbuatında olduqca ziddiyyətli məqam kimi dəyərləndirilir.
Nəhayət, baş nazir N.Paşinyanla görüşdən sonra separatçı A.Arutyunyanın da Moskvaya gedəcəyi barədə məlumatlar yayılıb. Bu səfərin hansı statusda olacağı isə hələlik məlum deyil. Bəzi məlumatlara görə, A.Arutyunyan özünün “istefa” verib, bölgədə yeni “seçkilər”in keçirilməsini Rusiya siyasi dairələri ilə razılaşdırmaq niyyətindədir.
Halbuki bu, olduqca yolverilməz davranışdır. Birincisi, qondarma “DQR” hüquqi statusa malik deyil. Yəni, onun “istefa” verib-verməməsi heç bir hüquqi əhəmiyyət daşımır. Xankəndi və ətraf bölgədə hər hansı seçkilərin keçirilməsi isə beynəlxalq hüquqa görə Azərbaycanın mərkəzi hakimiyyət dairələrinin səlahiyyətinə aid məsələdir. Azərbaycan ərazilərində seçki barədə hüquqi qərarı yalnız rəsmi Bakı verə bilər.
Screenshot_26-1.png (1.03 MB)
Digər tərəfdən, burada daha bir önəmli məqam mövcuddur. Belə ki, Azərbaycanın hüquq-mühafizə orqanları ölkə ərazisində törətdiyi hərbi cinayətlərə görə, separatçı A.Arutyunyan barəsində beynəlxalq axtarış elan edib. Yəni, beynəlxalq anlaşmalara görə, bu hərbi cinayətkar Rusiya ərazisinə ayaq basdığı an dərhal həbs edilərək, Azərbaycana təhvil verilməlidir.
Göründüyü kimi, kifayət qədər qəliz və ziddiyyətli situasiyadır. Əgər, rəsmi İrəvan yeni avantürist niyyətə düşübsə, bu, Ermənistana olduqca baha başa gələ bilər. Rəsmi Bakının Paşinyan hakimiyyətinin yeni “kaprizlər”inə səbr göstərəcəyi qətiyyən inandırıcı görünmür. Və rəsmi Bakının səbr kasası dolarsa, Ermənistanı heç Minsk Qrupunun pozuculuq fəaliyyəti göstərən həmsədrləri belə, xilas edə bilməz.
Məsələ ondadır ki, Azərbaycan Prezident İlham Əliyev “Yeni geosiyasi reallığın ən böyük təntənəsi isə Şuşa Bəyannaməsidir” deməklə, bu regionda maraqları olan beynəlxalq siyasi iradə mərkəzlərinə konkret mesaj göndərib: “Bu tarixi sənəd Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, tərəfdaşlıq münasibətlərini müttəfiqlik statusunda rəsmiləşdirdi. Bu təhlükəsizlik və sülhə yüksək zəmanət sənədi Cənubi Qafqaz daxil olmaqla, bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır”.
Ona görə də, yalnız rəsmi İrəvan deyil, Ermənistanı himayə etmək cəhdi ilə Cənubi Qafqazda vəziyyəti nəzarətdən çıxartmağa can atanların hər birisi Azərbaycan-Türkiyə müttəfiqliyi kimi önəmli faktoru mütləq nəzərə almaq məcburiyyətindədir. Əks halda, nəticələri ilk növbədə məhz Ermənistan üçün ağır ola bilər. Eyni zamanda, yeni “erməni avantüraları”nı dəstəkləyənlərin regional maraqları da ciddi təhlükə qarşısında qalar.
ilham-aliyev-04.jpg (1.43 MB)
Bu, artıq reallıqdır. Üstəlik, üç həmsədrdən ikisindən - ABŞ və Fransadan fərqli olaraq, Rusiya bu reallığı artıq qəbul edib. Rusiya prezidenti V.Putinin 44 günlük savaşın bitməsindən sonra bir neçə dəfə təkrarladığı “Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycan ərazisidir” fikri də bunu təsdiqləyir. Və ötən müddət ərzində bu fikrin tərsinə çevrilməsinə səbəb ol biləcək hər hansı geopolitik olay isə baş verməyib. Yəqin ki, heç vaxt da baş verməyəcək.
Kremlin prinsipial mövqeyini ifadə edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “Üçtərəfli anlaşmaların icra olunmasının alternativi yoxdur” açıqlaması isə hazırda ən doğru yanaşmadır. Yəqin ki, Paşinyan hakimiyyəti bu yanaşmaya uymaq məcburiyyətində qalacaq. Çünki rəsmi İrəvanın bundan yayınmaq şansı yoxdur.
Bütün bunları nəzərə aldıqda, düşünmək olar ki, erməni baş nazir separtçı A.Arutyunyanı Moskvaya göndərməklə, əsasən iki məqsəd güdə bilər. Birincisi, erməni baş nazirin separatçıya Kremldən verilən bəzi təlimatları çatdırdığı qətiyyən istisna deyil. Böyük ehtimalla onun dediyi “sosial proqramlar” sadəcə, daxili auditoriyaya hesablanıb. Çünki rəsmi İrəvanın hazırda heç Ermənistan üçün “sosial proqramlar” reallaşdırmaq imkanları yoxdur.
Ona görə də bəzi ehtimallara görə, separatçıya Xankəndi və ərtaf bölgəni tərk etməyin qaçılmazlığı ilə bağlı Kremlin təlimatı izah edilib. Çünki üçtərəfli anlaşmalarda yer alan bu məsələdə rəsmi Bakının israrlı mövqe tutduğu barədə məlumatlar mövcuddur. Bu baxımdan, N.Paşinyanın A.Arutyunyanı Rusiyaya göndərməklə, separatçıların bölgəni tərk etmə planını razılaşdırmaq niyyəti güdə biləcəyi istisna deyil.
Ancaq rəsmi İrəvanın yenidən siyasi avantüraya əl ata biləcəyini də istisna etmək olmaz. Çünki N.Paşinyan avantürist siyasətçi olduğunu hakimiyyətə gəldiyi ilk gündən sübuta yetirib. Onun qafasında daim “tülkülərin dolaşdığı” qətiyyən şübhə doğurmur. Bu baxımdan, erməni baş nazirin Araiki Moskvaya göndərərək, Rusiya siyasi dairələrini separatçıların bölgəni yaxın vaxtlarda tərk etməsinin çətin olduğuna inandırmağa çalışa biləcəyi də istisna deyil.

Əgər, rəsmi İrəvan belə bir avantüra üzərindən hərəkət edərsə, bu, Azərbaycanın sərt reaksiyasına səbəb ola bilər. Çünki rəsmi Bakı region üzərində Azərbaycanın suveren hüquqlarının bərpa olunması prosesinin uzadılması ilə qətiyyən razılaşmaz. Bu halda, bölgədə situasiyanın yenidən gərginləşəcəyi şübhə doğurmur.
Halbuki, Paşinyan hakimiyyəti öz avantürist davranışlarını genişləndirməyə calışır. Belə ki, son məlumatlara görə, erməni baş nazir öz köməkçisi Qaqik İsaxanyanı 12-15 iyun tarixləri arasında Xankəndiyə “işgüzar səfərə” göndərir. Və onun bölgədə bir sıra görüşlər keçirəcəyi bildirilir.
Ona görə də, bu avantüraya rəsmi Bakının necə reaksiya verəcəyi də böyük maraq doğurur. Çünki qonşu olkənin baş nazirinin köməkçisi heç bir halda, rəsmi Bakının razılığı olmadan Azərbaycan ərazisinə girə bilməz. Və bu, ciddi hərbi-siyasi qarşıdurmaya səbəb ola bilər.
Ancaq əgər, rəsmi Bakı olayı sükutla qarşılasa, deməli, N.Paşinyan öz köməkçisini Xankəndiyə separatçıların bölgəni tərk etmələrinin vacibliyi ilə bağlı izahat işləri üçün göndərir. Əks halda isə bu addımın rəsmi İrəvanın növbəti siyasi avantürası olduğu qətiyyən şübhə doğurmayacaq. Və erməni baş nazirin 44 günlük savaşdan öncəki davranış modelinə dönməyə cəhd göstərdiyini təsdiqlənmiş olacaq.
Göründüyü kimi, bölgədə maraqlı və önəmli situasiya yaranmağa başlayıb. Hələlik bu situasiyanın Paşinyan hakimiyyətinin növbəti avantürası olmadığına tam əminlik yoxdur. Rəsmi İrəvanın yenidən “geopolitik qumar” oynamaq niyyətinə düşüb-düşmədiyi isə ən yaxın günlərdə aydınlaşacaq.
Elçin XALİDBƏYLİ

“Yeni Müsavat” 
Tarix: 12-07-2021, 22:32
Xəbəri paylaş





Xəbər lenti