Putin Baydeni öz tərəfinə çəkə bilib – Rusiya ABŞ, Fransa demarş koordinasiyası


ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin (ABŞ, Fransa, Rusiya) Azərbaycandakı səfirlərinin işğaldan azad etdiyimiz ərazilərimizə Füzuliyə və Şuşaya səfərdən imtina etməsi heç də qəribə görünməməlidir. Hər şey çox sadə və bəsitdir - Fransa, Rusiya və ABŞ Ermənistan-Azərbaycan qarşıdurmasının davam etdirilməsinə maraqlıdır. Təbii ki, Minsk Qrupunun eksqumasiyasına ən çox maraqlı tərəf məhz Rusiyadır ona görə ki, 2020-ci il 10 noyabr Bəyanatının imzalanması prosesi ilə paralel anda Rusiya Qarabağa sülhməramlı adı ilə ordusunu yeritməyə nail ola bildi hansı ki, 9 noyabr 2020-ci il tarixdə Rusiya ssenarisi üzrə Ermənistan-Azərbaycan sərhədində vurulan rus vertolyotu bu imkanı Rusiyaya yaratdı və ruslar illərlə gözlədikləri fürsəti əldə edib Azərbaycan ərazisinə özünü soxa bildilər.
Ancaq ruslar bilir ki, son 30 ildə Azərbaycan onların ordusunu iki dəfə öz ərazisindən (1992, 2012-ci illər) çıxara bilibdir. Azərbaycan dövləti və cəmiyyəti bu dəfə də rus ordusunu 5 ildən artıq saxlamayacağına israrlıdır. Xüsusən də Türkiyə ilə imzalanmış müttəfiqlik haqqında ŞUŞA BƏYANNAMƏSİndən sonra rus ordusunun bölgəni tərk edəcəyi real görünür. Odur ki, Rusiya ordusunun Azərbaycan ərazisində sülhməramlı adı ilə olsa da qalması və tərəflərə təsir imkanlarının saxlanması üçün ən əlverişli vasitə Qarabağ məsələsini gündəmdə saxlamaq və bu məsələnin mövcudluğunu sübut etmək üçün post müharibə prosesinə Minsk Qrupunun cəlb edilməsidir. Fransa və ABŞ da beynəlxalq platforma iştirakçısı kimi Minsk qrupunun dirçəlməsində ölkələri üçün əlavə dividentlər qazanacağı baxımdan maraqlı görünür. Həmsədr ölkələrinin Rusiya, Fransa, ABŞ-ın Azərbaycandakı səfirlərinin Azərbaycana qarşı demarşı sözsüz ki, Minsk Qrupunun dirçəlməsinə hesablanıb. Fikir versək görərik ki, bir müddət əvvəl ABŞ daha doğrusu Bayden administrasiyası Minsk qrupuna maralı deyildi. Ancaq Bayden və Putin görüşündən sonra Minsk qrupunun dirçəlməsi üçün müəyyən proseslərə start verildi. Bu məsələdə Putin Baydenə öz mövqeyini qəbul etdirdi.
Digər vacib beynəlxalq məsələlərdə də Putin Baydeni üstələyir. Elə Əfqanıstandakı son proseslərdən Putinin uğuru açıq görünür. Talibanla sövdələşən Bayden administrasiyası Rusiyanın Cənub sərhədlərində yeni gərginlik və müharibə ocağı yaradacağına ümid etdiyi halda Taliban liderlərinin Moskva səfəri Bayden administrasiyasının Taliban ümidinə əsaslı şübhələr yaradır. Əslində Bayden Putinlə hər hansı bir razılaşmanın su üstündə yazılan yazı kimi olduğunu hamıdan yaxşı bilməli idi və Putin oyunun iştirakçısı kimi Minsk qrupunun canlanmasına Baydenin razılaşması ABŞ-ın beynəlxalq maraqlarına zərbədir.
Ermənistan-Azərbaycan arasında gərginliyin, yeni müharibə şəraitinin qorunub saxlanması Avropa Birliyinin, NATO ölkələrinin enerji təhlükəsizliyinə 12 iyul 2020-ci il Tovuz hadisələri kimi təhlükənin və təxribatlarının davamlı olacağına imkan yaradır. ABŞ-ın Minsk qrupunun canlanmasına Rusiyaya yardım etməsi strateji baxımdan ABŞ-ın Cənubi Qafqazdakı maraqları üzərinə xətt çəkmək deməkdir. Minsk qrupu ilə bağlı Rusiyanın digər həmsədr ölkələr üzərində manipulyasiyası konkret olaraq artıq həll olunmuş Qarabağ məsələsinin post müharibə dövründə onların iştirakını təmin etmək deyil, sadəcə konflikti canlandırmaq və nəticə etibarı ilə rus ordusunun Cənubu Qafqazda dayanıqlı oturuşunu təmin etməkdir. Ermənistan-Azərbaycan arasında gərginliyə heç ermənilər də maraqlı deyil-məğlub edilmiş Paşinyanın seçkidə inamlı qələbəsi elə buna sübutdur. Fransa, ABŞ və Rusiya səfirlərinin Füzuliyə, Şuşaya səfərdən “imtina
koordinasiyası” bu dövlətlərin siyasi oyunbazlığıdır hansı ki, heç bir təsir imkanına malik olmayacaq.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas, Qarabağ qazisi
Siam.az
Tarix: 13-07-2021, 13:37
Xəbəri paylaş





Xəbər lenti