Ermənistan Azərbaycanla danışıqlar üçün şərt irəli sürür


Ermənistan Azərbaycanla danışıqların başlaması üçün bir neçə şərt irəli sürüb: bunun biri Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılması, digəri Qarabağın statusunun həll olunmasıdır.
Ermənistanın Baş nazirinin müavini vəzifəsini icra edən Tiqran Avinyan jurnalistlərə deyib ki, “danışıqlar masasında müzakirə edilməli olan ilk məsələ Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasıdır”.
Azərbaycan Xarici İşlər Nazirliyi cümə axşamı yaydığı açıqlamada bildirib ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur” və bütün Qarabağa aid olan rayonlar Qarabağ iqtisadi rayonunda birləşib.
Çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, onlar Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, amma onda olan “qeyri-rəsmi məlumatlara görə, Ermənistan buna hazır deyil”.
İlham Əliyev onu da əlavə edib ki, sülh danışıqları üçün əvvəlcə hər iki ölkə bir-birinin ərazi bütovlüyünü və sərhədlərini tanımalıdır.

Tiqran Avinyan nə deyib?

“Danışıqlar masasında müzakirə edilməli olan ilk məsələ Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasıdır,” – Ermənistanın Baş nazirinin müavini vəzifəsini icra edən Tiqran Avinyan jurnalistlərə deyib.
O, Azərbaycanı Ermənistan-Azərbaycan sərhədində “gərginlik yaratmaqda” ittiham edib.
Tiqran Avinyan sərhəddəki vəziyyətin necə həll olunacağı ilə bağlı suala cavab verib:
“Gec-tez, yaxşı bir gündə bütün qonşularımızla sərhədlərimizin delimitasiyası və demarkasiyası olmalıdır. Ancaq sərhədimizin pozulması və sərhədlərimizdə yerləşmə, hətta şantaj yolu ilə bizi hansısa bir işə sövq etmək cəhdi effektiv yol deyil, heç bir nəticə verə bilməz. Belə yanaşma və şantaj üsulu Ermənistan Respublikasının rəhbərliyi və xalqı tərəfindən qəbul edilə bilməz,” – Azadlıq Radiosunun Ermənistan xidməti Tiqran Avinyana istinadən yazır.
O deyib ki, Qarabağın statusu məsələsi “prioritetlər arasındadır”.
“Qarabağın statusu məsələsi tamamilə həll olunmayana, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar bərpa olunmayanadək, düşünürəm ki, digər ümumi qərarlar və başqa yanaşmalar haqqında danışmaq çətin olacaq. Biz danışıqlar prosesinə, həmçinin danışıqların blokdan çıxarılması ilə bağlı müəyyən müsbət dəyişiklərə böyük əhəmiyyət veririk, lakin bütün son qərarlar, sülh razılaşmaları və müqavilələri, delimitasiya və demarkasiya müəyyən maneələri özündə cəmləşdirir və ilk və ən vacib problem Artsaxın (Dağlıq Qarabağ– red.) və Artsax xalqının (yerli erməni xalqı nəzərdə tutulurred.) statusudur”.

Azərbaycan XİN-i: “Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”

Azərbaycan Xarici İşlər Nazirliyi Tiqran Avinyanın açıqlamasına cavabında deyib ki, “Ermənistan rəsmilərinin bölgədə yaranan yeni reallıqla uzlaşmayan və sülhü hər hansı əsassız məsələlər ilə şərtləndirməyə çalışan bəyanatları ilk növbədə elə bu ölkənin özünə qarşıdır”.
“Bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə edilməsinin ən yaxşı vasitəsi münasibətlərin normallaşmasıdır, bunun təməlində isə beynəlxalq hüquq prinsiplərinə hörmət və riayət dayanır. Bu, Azərbaycanın hər zaman nümayiş etdirdiyi mövqedir. Ərazilərimizin işğalı faktorunun aradan qaldırılması ilə biz qonşu Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğumuzu bəyan etdik, yeni əməkdaşlıq təşəbbüslərini dəstəklədik. Çünki biz destruktivlik deyil, konstruktivlik tərəfdarıyıq”, – Azərbaycan XİN-in məlumatında deyilir.
İlham Əliyev
İlham Əliyev: “Bizim bu təklifimiz qalib ölkənin təklifidir
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, bunu Prezident İlham Əliyev deyib. Ancaq onun sözlərinə görə, Ermənistandan buna rəsmi reaksiya verilməyib.
“Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq,”- o deyib.
Prezident bu təklifin ”yeni real vəziyyətə” əsaslandığını vurğulayıb.
“Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir,”- Əliyev deyib.
“Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik,” – deyə Əliyev bəyan edib.
Prezident Əliyev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını düşünənlər “yanlış və təhlükəli” yoldadır.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb… Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb?”- deyə Prezident bəyan edib.
“Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var”.
O, iyulun 7-də imzaladığı Fərmanı xatırladıb: “…Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar”.
İlham Əliyev Ermənistan və Qarabağ ərazisindəki Zəngəzur zonasının Azərbaycan torpaqları olduğunu deyib “… Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur – Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur,” – deyə o vurğulayıb.
Onun fikrincə, “bütün kommunikasiyalar açılandan sonra…Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”.
Azərbaycanın sülh çağırışlarına Ermənistanda hələ ki, rəsmi cavab yoxdur. Ancaq bəzi siyasətçilər buna şərh verərkən deyiblər ki, Ermənistan Azərbaycanın təzyiqləri altında hansısa sülh sazişi imzalamaz.
Bundan əvvəlki parlamentdə “Mənim addımım” fraksiyasının üzvü olmuş Ruben Rubenyan “Sputnik Armeniya”ya müsahibəsində bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağın statusunu tanıdığı təqdirdə belə bir sülh razılaşması imzalana bilər.
Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan may ayında parlamentdəki çıxışında bildirmişdi ki, Qarabağ məsələsi nizamlamalıdır. Onun sözlərinə görə, problem “beynəlxalq oyunçular tərəfindən” həll olunmamış qalır və problemin hansı prinsiplər əsasında və necə həll ediləcəyi müzakirə olunmalıdır.
Çıxışlarında Paşinyan vurğulayıb ki, Azərbaycana Ermənistan ərazisindən yol verilməlidir: “Necə təsəvvür edirik ki, biz Azərbaycan ərazisindən keçək, onlar isə bizim ərazimizdən keçməsin? Onlar keçməsə, biz də keçməyəcəyik. Bu o demək olar ki, biz özümüz öz ölkəmizin təcrid olunması siyasətini yeridirik,”.
Nikol Paşinyan Qarabağ seperatçılarının rəhbəri Arayik Harityunyanla son görüşündə vurğulayıb ki, bütün cəhdlər Qarabağın statusu ətrafında cəmləşməli və bu məsələnin həlli yolunda irəliləməlidirlər.
bbc azəri
Tarix: 15-07-2021, 23:29
Xəbəri paylaş





Xəbər lenti