“Putin heç vaxt Ermənistanla sülh sazişinin imzalanmasına yol verməyəcək...”

“Putin heç vaxt Ermənistanla sülh sazişinin imzalanmasına yol verməyəcək...”
“Rusiya Ermənistanla Azərbaycan arasında sülhün yaranmasına imkan verərsə, artıq nə Moskvaya, nə də onun “sülhməramlı” ordusuna ehtiyac qalmayacaq...”
 
 
Dövlət başçısı İlham Əliyev  son çıxışlarında vurğulayır ki, Azərbaycan Ermənistanla sülhə hazırdır, ancaq rəsmi İrəvan buna hazır deyil. Bəs görəsən, hansı əsas qüvvə və amillər Azərbaycan-Ermənistan sülh sazişinə əngəl törədir?

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Sülhəddin Əkbər bunları söyləyib:
 
“Əslində sülh sazişi hər iki ölkəyə; həm Azərbaycan, həm  də Ermənistana lazımdır. Eyni zamanda sülh yalnız bu ölkələrə deyil, region ölkələrinin inteqrasiyasını istəyən bütün qüvvələrə lazımdır. Yəni əgər bir regionda müharibə, münaqişə varsa, bu, o deməkdir ki, orada yollar bağlanır, ticari, iqtisadi,  nəqliyyat, enerji əlaqələrində ciddi problemlər yaşanır.  30 ildən çoxdur, Güney Qafqaz regionunda Ermənistanla Azərbaycan arasında münaqişə, Gürcüstanda Abxaziya, Osetiya münaqişələri xalqların normal, rifah halında yaşayışına mane olur...”   
 
Həmsöhbətimiz hesab edir ki, regionda sabitliyin yaranmasına və beləliklə, Ermənistanla da sülh sazişi imzalanmasına maneçilik törədən əsas amil imperiya xislətli Rusiya hakimiyyətinin varlığıdır.
 
“Əslində keçmiş sovet respublikalarında, o cümlədən Güney Qafqazdakı münaqişələrə Rusiya ilə region dövlətləri arasında olan bir münaqişə kimi baxsaq, daha doğru olar.  Çünki əslində Rusiya onillərdir ki, Azərbaycana qarşı Ermənistan  və Qarabağdakı separatçı rejim vasitəsilə bir vəkalət müharibəsi  aparır. Eyni proses Abxaziya və Osetiya vasitəsilə Gürcüstana qarşı da aparılır. Və nə zaman ki, “vəkil”lərin başı əzilir, o zaman Rusiya meydana çıxır. Necə ki, 2008-ci ildə Gürcüstanda və 2020-ci ildə Azərbaycanda belə oldu...  O baxımdan bütövlükdə Güney Qafqazda sülh məsələsi Rusiya problemi ilə bağlı olan məsələdir. Nəyə görə?  Çünki regiondakı bu münaqişələr SSRİ dağıldıqdan sonra Rusiyadan ayrılıb müstəqilləşən ölkələrin xarici siyasi vektorunu öz istədiyi kimi müəyyən etməsinə, demokratikləşib Qərbə inteqrasiyasına mane olmaq üçün məhz Moskva tərəfindən törədilib və idarə olunur. Bu minvalla Kreml həmin ölkələri yenidən tam öz nəzarətinə qaytarmaq və mümkündürsə,  imperiyanı yeni şərait və şərtlərə uyğun bərpa etməyə cəhd göstərir. MDB, KTMT, Avrasiya İqtisadi Birliyi – hamısı bu məqsədə xidmət edir. Rusiya regionlarda, bu halda Ermənistanla Azərbaycan arasında sülhün yaranmasına imkan verərsə, artıq nə Moskvaya, nə də onun “sülhməramlı” ordusuna ehtiyac qalmayacaq.  Eyni zamanda Türkiyə ilə də barışıq yaranacağından Ermənistandakı “türk  qorxusu” da aradan qalxacaq. Və Moskva bu ölkəni “kiminsə hücumu”ndan qorumalı olmayacaq... Ona görə də Putin iqtidarı heç vaxt sülh sazişinin imzalanmasına imkan verməyəcək... Odur ki, Rusiyanın özündə demokratik bir hakimiyyət yaranıb postsovet regionlarından, Moskva yeni müstəqil dövlətlərə qarşı aqressiv siyasətdən əl çəkməyincə istər Ukrayna, istər Moldova,  istər Gürcüstanda, istərsə də Azərbaycan və Ermənistan arasında sülhdən, tam sabitlikdən danışmaq tezdir” - deyə politoloq bildirib.
 
“Bəs Azərbaycanla Ermənistan arasında sülh yaranmasında maraqlı olmayan digər dövlətlər hansılardır, sizcə” sualını isə Sülhəddin Əkbər belə cavablandırıb: 
“İkinci maraqlı olmayan əsas dövlət İrandır. Çünki rəsmi Tehran müstəqil, iqtisadi cəhətdən güclənən, inkişaf edən, xüsusən də demokratikləşən, azad ölkəyə çevrilən bir Quzey Azərbaycanın mövcudluğunu qətiyyən istəmir. Üçüncüsü də,  regionda Rusiyanın inhisarçılığıyla gedən proseslərdən narazı qalan dövlətlər var.  Onlar  bütövlükdə Ermənistanla Azərbaycan arasında sülhdə maraqlıdırlar. Amma dırnaqarası  “sülhyaratma” prosesinin Rusiyanın nəzarətində olmasından narazıdırlar. Bunlar başda ABŞ və Fransa olmaqla aparıcı  Qərb dövlətləridir. Ona görə də  nəzərə alsaq ki, Ermənistan daxilində də narazı qüvvələr; Rusiyanın uzantısı olan “5-ci kalon”, Fransanın  və Amerikanın uzantıları var, gözlənlir ki, seçkidə qələbəsinin təsdiqlənməsindən sonra Paşinyan ciddi şəkildə bu proseslərə girişəcək və üçtərəfli razılaşmanın yerdə qalan bəndlərinin də yerinə yetirilməsinə çalışacaq.  Çünki həmin bəndlər, xüsusən delimitasiya, demarkasiya problemləri həll  olunmadan sülh sazişinin  imzalanması mümkün deyil...
 
Bütün bunları nəzərə alaraq hesab edirəm ki, sülh prosesi hələ də axsayacaqdır. Çünki bir daha təkrar edirəm, konkret olaraq Azərbaycan-Ermənistan sülh sazişi geopolitik planda Rusiya məsələsinə bağlıdır”.
 
Sultan Laçın

Tarix: 19-07-2021, 12:29
Xəbəri paylaş





Xəbər lenti