ABŞ strateji neft ehtiyatlarından istifadə edir və ruslara qarşı yeni sanksiyalar tətbiq edir
Cümə axşamı Ağ Ev qiymət artımının qarşısını almaq üçün milli strateji neft ehtiyatlarından istifadə etməyə başladığını elan edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.Növbəti altı ay ərzində hər gün bazara orta hesabla 1 milyon barrel, yəni yarım ildə 180 milyon barrel neft daxil olacaq, deyə prezident Co Bayden Ağ Evdə çıxış edərkən bildirib.
O, ölkənin neft sənayesini hasilatı artırmağa çağırıb. Bu gün ABŞ-da bir çox alıcılar Rusiya neftindən imtina edirlər, bu da başqa ölkələrdən neft tələbatını artırır.
Bayden eyni zamanda Konqresi “şirkətləri illərlə istifadə etmədikləri quyuların icarəsinə görə rüsum ödəməyə məcbur edəcək” qanun qəbul etməyə çağırıb.
“Putinin Ukraynadakı hərəkətləri və bunun ardınca dünya energetika bazarlarında baş verən pozuntular bizim təmiz enerjiyə keçidimizi sürətləndirməyimiz zərurətini nümayiş etdirib, bu, ölkəmizin enerji cəhətdən asılılığını və həssaslığını azaldacaq”, deyə energetika naziri Cennifer Qrenholm bildirib.
“Bu gün biz qarşımıza Kremlin sanksiyalardan yayınmasına kömək edən hüquqi və fiziki şəxsləri bloklamağı hədəf qoymuşuq, – deyə dövlət katibi Entoni Blinken bildirib. – Bu, Rusiyanın müdafiə-sənaye kompleksi ilə bağlı şəxslərə və şirkətlərə aiddir”.
Dünən Dövlət Departamenti müdafiə təyinatlı Qərb texnologiyalarının alınmasında iştirak edən 21 hüquqi və 13 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
“Bu, Rusiyanın Qərb texnologiyalarına və beynəlxalq maliyyə sisteminə çıxışını daha da çətinləşdirəcək. Bu mənasız müharibə başa çatana qədər biz Putinin hərbi maşınına qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik”, deyə Blinken qeyd edib.
Contact.az
Tarix: 2-04-2022, 10:36