Yeni şərait hansı addımları atmağı tələb edir

Hüquq müdafiəçisi Anar Məmmədli
Rusiyanın Ukraynada hərbi təcavüzünə qarşı Qərb ölkələrinin göstərdiyi möhtəşəm siyasi həmrəylik, Rusiyanın dünyada və bölgədə hərbi-siyasi nüfuzunun zəifləməsi postsovet ölkələri, o cümlədən Azərbaycanın suverenliyi və demokratik dünyaya inteqrasiyası üçün yeni imkanlar yaradır. Son bir ay ərzində yaşananlara əsasən yaxın aylarda aşağıdakı dəyişikliklərin şahidi ola bilərik:
1) Azərbaycanla Avropa Birliyi arasında Strateji Tərəfdaşlıq sazişinin imzalanması;
Avropa Komissiyası ilə yaxın zamanda sazişin imzalanması hələlik bu sənədin qüvvəyə minməsi demək deyil. Sazişin Avropa Paralmentində və Avropa Birliyi Şurasında ratifikasiya olunması üçün Azərbaycan hakimiyyətindən siyasi islahatlar tələb oluna bilər. Buraya siyasi azadlıqların müdafiəsi, məhkəmə-hüquq sistemində islahatlarla yanaşı siyasi təqiblərin dayandırılması, siyasi məhbusların azad edilməsi kimi şərtlər daxil edilə bilər.
2) Avropa Birliyi Azərbaycanla Ermənistan arasında atəşkəsin qorunması, Qarabağ bölgəsində yenidənqurma prosesi və yekun sülhün əldə olunmasına öz siyasi və maddi dəstəyi ilə fəal şəkildə qoşula bilər.
Bu istiqamətdə əsas təşəbbüskarlığı Azərbaycan tərəfi nümayiş etdirməlidi. Əliyevlə Paşinyanın Brüsseldəki növbəti görüşü öncəsi aydın və ədalətli sülh planı açıqlana, Qarabağ ermənilərinin mədəni-siyasi hüquqları və təhlükəsizliyi ilə bağlı konkret təkliflər təqdim edilə bilər. Dünən beynəlxalq mediada bu barədə dərc olunan məqaləni oxumağı tövsiyə edirəm. Şərh bölməsində paylaşıram.
3) Qərbdə seperatist rejimlər, xüsusən də Rusiyanın hərbi-siyasi dəstəyini alan qondarma rejimlərə münasibət getdikcə pisləşəcək. Müharibədən sonra Rusiyanın təmsil olunduğu münaqişə zonalarında atəşkəsin qorunması isə xüsusi əhəmiyyət kəsb edəcək. Amma hələlik Qərbin bu münaqişələrə müdaxilə imkanları məhduddur.
Bu tendensiyaya hazır olmaq üçün Azərbaycan hakimiyyəti atəşkəsin qorunması üçün xüsusi mexanizmlər hazırlaya, daha məsuliyyətli davrana və bölgənin hərbsizləşdirilməsi üçün yeni planla çıxış edə bilər. Məsələn, hazırda Qarabağdan erməni hərbi birləşmələrinin çıxarılması qarşılığında Yerevan erməni əhaliyə təhlükəsizlik təminatı istəyir. Bu dolayısı ilə Yerevanın Rusiya hərbi kontingentinə güvənmədiyini göstərir. Azərbaycan tərəfi erməni hərbi qüvvələri çıxdıqca mülki əhalinin təhlükəsizliyi və Qarabağ bölgəsində hərbsizləşdirmə planını açıqlamalıdı.
4) Rusiyaya qarşı sanksiyalar və Qərbin barışmaz münasibəti Ermənistanın qonşuları, xüsusən də Türkiyə ilə münasibətlərini yaxşılaşdırmağa məcbur edir.
Rusiyada artan iqtisadi böhrandan ciddi şəkildə əziyyət çəkəcək ölkələrdən biri kimi Ermənistanın adı çəkilir. Bununla yanaşı Rusiyanın siyasi çəkisinin azalması Ermənistanı suverenliyi və milli təhlükəsizliyi ilə bağlı realist davranmağa məcbur edəcək. İndiki halda bunun çözümü qonşularına qarşı torpaq iddialarından geri çəkilmək ola bilər.
Artıq Ermənistanda da anlayırlar ki, hər hansı səbəb və ya bəhanə ilə Qarabağda atəşkəsin pozulması hərbi gərginliyi alovlandıra, nəticədə Ermənistan-Türkiyə münasibətlərində kövrək təmasları sonlandıra bilər.
5) Rusiyanın Azərbaycan hakimiyyəti üzərində siyasi təsirləri zəifləyəcək
22 fevralda izmalanmış Moskva bəyannaməsi hökumətlərarası siyasi sənəd statusunu Ukrayna müharibəsi dönəmində zəif şəkildə qorudu. Müharibədən sonra bu sənədin hər iki ölkənin parlamentində ratifikasiya olunması çətin görünür. Bunu son günlər Kreml ilə gərginləşən münasibətlər, Ukraynaya vaxtaşırı göndərilən humanitar yardımlar və Kiyevlə isti münasibətlərin saxlanmasından anlamaq olur.
Hakimiyyət müharibə dövründə aktiv şəkildə Ukraynanı dəstəkləməsə də, Kremlin müttəfiqi olmadığını da göstərdi. Burada iqtidarın Rusiyaya qarşı qurulan beynəlxalq alyansın hədəfinə çevrilmək qorxusu da rol oynayır.
Digər önəmli faktor Türkiyə hökuməti ilə xarici siyasət kursunun razılaşdırılmasıdı. Əgər Gürcüstan hökuməti də sanksiyalara qoşularsa, artıq Kremlin Cənub Qafqazda siyasi təsirləri xeyli sarsılacaq.
Yuxarıda sadaladığım imkanlardan faydalanmaq hakim elitanın siyasi iradəsindən, cəmiyyətimizin ayıqlığı və əzmindən asılı olacaq.
Tarix: 4-04-2022, 17:50
Xəbəri paylaş





Xəbər lenti