Çarın zorla sevdirilməsi: qorxu və yalan üzərində 81 faizlik “qələbə”



Sosioloq: “Proses hətta obyektiv təşkil olunsa belə, nəticələr obyektiv ola bilməz”
Psixoloq: “Rusiyada hazırda elə bir vəziyyət hökm sürür ki, sülhdən danışmaq cinayət sayılır”
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTsİOM) keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, rusiyalıların 79 faizi Prezident Vladimir Putinin fəaliyyətindən razı, 13,5 faiz isə narazıdır. Sorğu iştirakçılarının 81 faizi Putinə güvəndiyini deyib.
Rusiyanın Ukraynaya hərbi təcavüzündən öncə mərkəzin keçirdiyi oxşar sorğuda 71 faiz respondent Putinə etibar etdiyini bildirmişdi. Ukraynaya hücumdan sonra isə bu güvənin artdığı iddia olunur. VTsİOM-un keçirdiyi sorğunu obyektiv qiymətləndirənlər olsa da, əksəriyyət bu qənaətdədir ki, Rusiya demokratik ölkə olmadığına görə burada keçirilən heç bir sorğu obyektiv ola bilməz.
Əgər sosioloji sorğu doğrudan da demokratik keçirilibsə, o zaman rusların Ukraynaya təcavüz fonunda Putinə etimadının artması maraq doğurur. Və ya əksinə, sorğu qeyri-şəffafdırsa, o zaman Kreml bununla nəyə nail olmaq istəyir?

Sosioloq Əhməd Qəşəmoğlu AYNA-ya açıqlamasında deyib ki, sosioloji sorğu keçirməyin metodikası var və əksər hallarda buna əməl olunmur: “55 ildən artıqdır sosiologiya elminin tədqiqi ilə məşğul olan bir alim kimi deyə bilərəm ki, belə sosioloji sorğuların ciddi əhəmiyyəti yoxdur. Bəzən bizə də deyirlər ki, Avropa protokollarına uyğun olaraq sosioloji sorğu təşkil etsək də, nəticə inandırıcı olmadı. Bu, ona görədir ki, zəruri informasiyanı əldə etmək üçün xüsusi yanaşma və peşəkarlıq tələb olunur. Əksər hallarda sosioloqlar standart metodlarla bu cür sorğular təşkil edirlər”.
“Rusiyada keçirilən sorğu isə konyuktur sorğular kateqoriyasına aiddir. Bu sorğuda iştirak edən respondentlər siyasi texnologiyaların təsiri altında qərar verirlər. Sorğunu keçirən mərkəzlər də bir çox hallarda arzuladığı rəqəmi əldə etməyə çalışır və bu səbəbdən özləri üçün lazım olan əhali qrupunu hədəf seçirlər. Respondentlər daha çox həkimlər, müəllimlər, dövlət vəzifələrində çalışanlar, büdcə vəsaitləri hesabına maliyyələşən təbəqənin nümayəndələri arasından seçilir”, - deyə həmsöhbətimiz bildirib.
Sosioloqun sözlərinə görə, Rusiya və bu kimi ölkələrdə əhali hökumətin əleyhinə hər hansı şərh verməyə ehtiyat edir: “Məlumdur ki, Ukraynaya qarşı hərbi təcavüzdən sonra Rusiyada repressiv idarəetmə metodları gücləndirilib. Qanunlarda müəyyən dəyişikliklər edilib və Kremlə qarşı çıxanların daha sərt cəzalandırılması nəzərdə tutulub. Təbii ki, belə bir şəraitdə Rusiya vətəndaşları obyektiv rəy bildirməyəcəklər. Düşünürlər ki, onları hər yerdə izləyirlər və sosioloji sorğularda da iqtidarın maraqlarına uyğun cavablar verməsələr, özlərini təhlükəyə ata bilərlər”.
Qəşəmoğlu qeyd edib ki, bu səbəbdən vətəndaşlar ya bu cür sorğularda iştirak etmirlər, ya da özlərini sığortalamağa çalışırlar: “Belə ölkələrdə adətən latent, yəni gizli sorğular keçirilməlidir. Şübhəsiz ki, bu sorğu latent olmayıb və obyektiv qiymətləndirilə bilməz. Əgər avtoritar şərtlər altında 15 faizə yaxın əhali Putinə etimadsızlıq göstəribsə, bu, kifayət qədər ciddi rəqəmdir. Sorğu hətta obyektiv keçirilsə belə, nəticələr obyektiv ola bilməz”.

Psixoloq, hərbi ekspert Azad İsazadə də AYNA-ya şərhində bu cür sorğuların şəffaflığının və obyektivliyinin inandırıcı olmadığını qeyd edib: “1991-cı ilin mayında SSRİ vətəndaşları ittifaqın qalmasına səs versələr də, cəmi altı ay sonra ittifaq dağıldı. Bu sorğular şərti xarakter daşıyır. Unutmamalıyıq ki, Rusiya televiziyalarında çox ciddi şəkildə müharibə təbliğatı aparılır və bəzi vətəndaşlar bu təbliğatın təsir dairəsinə düşürlər. Rusiya xalqı hər zaman qələbə anlayışı ilə yaşayıb. Onların psixologiyasına şüurlu şəkildə yeridiblər ki, bütün ətraf düşməndir və hamı Rusiyaya qarşı qısqanc yanaşır, ona həsrətlə baxırlar. Müharibələr, qələbələr yolu ilə Rusiyanın daha da güclənəcəyini təlqin edirlər”.
“Digər yandan psixoloji mahiyyət etibarilə Rusiya cəmiyyəti də imperiyadan yanadır. Bu yanaşma isə öz növbəsində onları digər xalqların münayəndələrinə yuxarıdan aşağı baxmağa təhrik edir. Ukraynaya qarşı hərbi təcavüz fonunda ukraynalıların məğrur davranışı Rusiya cəmiyyəti üçün də arzuolunan deyil. Bu baxımdan mümkündür ki, onlar da müharibənin davamında maraqlı olsunlar”, - deyə ekspert söyləyib.
Onun sözlərinə görə, Putin bütün imkanlarını ortaya qoyaraq daxildən dəstək almağa çalışır: “Fərqindədir ki, daxili təlatümlər onun sonunu gətirə bilər. Sülhün kölgəsi görünən kimi, müharibə təbliğatını artırırlar. Elə rəy yaradırlar ki, guya Ukraynaya hücumlar daxildən gələn sosial sifarişdir. Rusiyada hazırda elə bir vəziyyət hökm sürür ki, sanki sülhdən danışmaq cinayət sayılır. Repressiv metodlar da vəziyyətə təsir edir. Əhali əmin olsa ki, obyektiv səs verəcəyi təqdirdə ona qarşı hər hansı təhlükə yaranmayacaq, o zaman faizlər əhəmiyyətli dərəcədə azalacaq”.
“Şübhəsiz ki, bu sosioloji sorğu reallığı əks etdirmir. Çünki sorğu çox mürəkkəb bir texnologiyadır. Sualın qoyuluşundan, respondentlərin seçimindən və yönəldilməsindən də çox şey asılıdır. Sorğu bitdikdən sonra isə onun qiymətləndirilməsi obyektiv aparılmalıdır. Bütün hallarda sosioloji sorğu mövcud vəziyyəti əks etdirmir. Hətta mümkündür ki, bu gün “a” cavabını verən respondent sabah “b” cavabını versin”, - deyə İsazadə vurğulayıb.
Əlavə edib ki, sorğunun obyektiv və ya subyektiv keçirilməsindən asılı olmayaraq, Rusiya ictimaiyyəti Putini dəstəkləmir: “Təbii ki, onu dəstəkləyənlər də var. Lakin onların sayı bir o qədər də çox deyil. Sadəcə ifadə azadlığı olmadığına görə Rusiya əhalisi ehtiyat edərək, özünü qorumağa çalışır”.
Tarix: 6-04-2022, 09:18
Xəbəri paylaş





Xəbər lenti