Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Brüssel görüşünün nəticələri Xankəndində və İrəvanın rus qafalı siyasilərində xəyal qırıqlığı yaratdı. Erməni separatçıları görüşdə Azərbaycan XİN-in ilkin şərt kimi rəsmi İrəvana təqdim etdiyi 5 prinsipin qəbul olunduğuna inanır, bununla da erməni milli dövlətçilik məfkurəsinə son qoyulacağını düşünürlər. Brüssel görüşünün nəticələri barədə yayılan rəsmi informasiyaları incələyəndə ermənilərin nigarançılığının əsassız olmadığı ortaya çıxır. Belə ki, bu görüşdə “Dağlıq Qarabağ” terminindən ümumiyyətlə istifadə olunmur və bölgənin statusu barədə heç bir fikir bildirilmir. Sadəcə, Azərbaycanla Ermənistan arasında
sərhədlərin müəyyənləşdirilməsi, sülh sazişinin imzalanması və kommunikasiya xətlərinin açılmasından bəhs olunur ki, rəsmi Bakının İrəvana göndərdiyi 5 prinsipi məhz bu 3 başlıq altında təsnifatlandırmaq mümkündür.
Sözsüz ki, Qarabağdakı separatçı qurumun oyundankənar vəziyyətə salınması təkcə Ermənistanın deyil, həm də Cənubi Qafqazı əlində saxlamaq istəyən
Rusiyanın imperialist maraqlarına ziddir. Çünki Qarabağ məsələsinin Brüsseldə müzakirə olunması faktiki erməni kartının Moskvanın əlindən alınması anlamına gəlir və Cənubi Qafqazın Qərbə daha ciddi inteqrasiyası prosesini sürətləndirə bilər.
Sual oluna bilər:
Rusiya imperiyası Cənubi Qafqazın açarı kimi baxdığı erməni kartını hansı yollarla əldə etmişdi və regionun idarə olunmasında onlardan necə faydalanırdı?Zənnimizcə, bu sualın ən gözəl cavabını
Azərbaycan Milli Elmlər Akademiyasının dosenti Ramilə Dadaşovanın qələmə aldığı “
Cənubi Qafqazda olan münaqişələrin səbəb və nəticələri” sərlövhəli elmi məqaləsində tapa bilərik. Məqalədən bəzi bölmələri
Ovqat.com oxucularının diqqətinə çatdırırıq.
Məqalədə ermənilərin Cənubi Qafqazın yerli xalqı olmadığını tarixi qaynaqlara söykənərək isbatlayan Ramilə Dadaşova bildirir ki, ermənilər öz tarixi keçmişlərini sənədlərə deyil,
qədim əfsanələrə əsaslandırıblar: “Bəzi erməni tarixçiləri Tövrat və İncildəki göstərilən hadisələrin Ermənistanda baş verdiyini yazırlar və “erməniləri yəhudilər kimi tanrı tərəfindən seçilmiş ataların soyundan olan müqəddəs bir xalq” kimi təqdim edirlər.
Məsələn, A.Movsisyanın “Ermənistan tarixi” adlı kitabında yazdığına görə “İncildə göstərilən ilk insanların yaradıldığı yer Ədən Ermənistandır”, “ermənilər Nuh peyğəmbərin oğlu Yafetin soyundandırlar, Nuhun gəmisi “Ararata” çatdıqda Nuhun ailəsi əvvəlcə Ermənistanda yerləşmişdir”. Tədqiqatçının fikrincə, ermənilər “Böyük Ermənistan” mifini e.ə. 70-ci illərdə Albaniya ərazisinin guya erməni çarı
II Tiqran tərəfindən işğal edilməsi fərziyyəsinə əsasən yaratmışlar: “
Tarixi mənbələr isə göstərir ki, e.ə.69-cu ildə Roma generalı Lukull erməni hakim II Tigranı məğlub etdikdən sonra ermənilər Roma - Parfiya, sonrakı əsrlərdə, 1918-ci ilə qədər digər dövlətlərin – Roma, İran, Bizans, Türkiyə (Osmanlı), Rusiya imperiyalarının tabeliyində oldular. 1071-ci ildə Bizans məğlub edildikdən sonra Səlcuqların himayəsinə keçən ermənilər 1199- cu ildə Kilikiya çarlığını yaratsalar da, 1375-ci ildə həmin çarlığa Məmlük türkləri tərəfindən son qoyulmuşdur. XIV əsrin sonlarına yaxın Osmanlı imperatorluğu Şərqi Anadolunu qismən, XV əsrdə II Mehmet dövründə isə tamamilə öz himayəsinə almışdır.
1514-cü ildə Səfəvilər və Osmanlılar arasında baş verən Çaldıran döyüşündən sonra Səfəvilərin məğlub olması ilə ermənilər Osmanlı imperatorluğunun himayəsinə keçmişlər”. Təbii ki, iki ardıcıl dövlət arasında ən azı min il zamanın keçməsi, bu müddət ərzində qaranlıq boşluğun mövcudluğu ermənilərin siyasi tarixinin həqiqiliyinə kölgə salır. Üstəlik, söhbət guya cahan-şümul bir imperiyanın birdən-birə yoxa çıxması və arxasınca uzun bir qaranlıq tarix buraxmasından gedir.
Müəllif ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi tarixini tədqiq edən İ.Əliyevə istinadən vurğulayır ki, mənfur qonşularımızın ilk dəfə bugünkü Ermənistan ərazisinə gəlməsi 1475-ci ilə təsaduf edir: “1431-ci ildə
Ağqoyunlu padşahı Yaqubun numayəndəsi Əmir Rustəm Makulu Qriqoriyə 530 min Təbriz dinarına İrəvan xanlığının 7 kəndini – Vaqarşapat (Ecmiadzin-Uckilsə), Aştarak, Batrinc, Noragavit, Aqunatun, Kirəcli və Muğni kəndlərini satdı. XVII əsrin əvvəllərində Səfəvi şahı II Təhmasibin yanında xidmət edən Zaxar adlı varlı erməni gizli formada ermənilərin Rusiya ilə əlaqələr qurmasına nail oldu. I Pyotr 1723-cu ildə Bakını işğal etdikdən sonra orada və Dərbənd şəhərində erməniləri yerləşdirdi.
1724-cü il 10 noyabr tarixdə Rusiyanın erməni xalqını himayəyə götürməsi barədə I Pyotrun fərman verməkdə məqsədi imperiyanın geostrateji siyasətində erməniləri öz əlaltısına çevirmək idi. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən İrandan, 1829-cu il Ədirnə müqaviləsinə əsasən Osmanlı imperiyasından Rusiyanın işğal etdiyi ərazilərə ermənilərin köçürülməsi başladı. N.Şavrov yazırdı ki, 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 000, Osmanlı imperiyasından 84 000 erməni köçürüldü. Qeyri-rəsmi köçürmələr də oldu.
Ümumiyyətlə, köçürülənlərin sayı 200 min nəfərdən artıq idi. Həmin ermənilər erməni əhalinin çox az olduğu Yelizavetpol və İrəvan quberniyalarına, Tiflis quberniyasının Borçalı, Axiska, Axılkələk qəzalarına yerləşdirildi.
1853-1856, 1868-1876-cı illər Rusiya-Osmanlı müharibələrindən sonra da ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesi davam etdi. Rus tədqiqatçısı N.Şavrov yazırdı ki, 1864-1876-cı illərdə, qeyri-rəsmi olaraq Qara dəniz sahillərində erməniləri və yunanları, daha sonra isə estonları, latışları və çexləri yerləşdirdik. 1877-1879-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra da təxminən 50 000 erməni və təxminən 40 000 yunan Qars bölgəsinə gətirildi və dərhal çox sayda digər millətlər ərazini boşaltdı. Bundan başqa, general Ter- Qukasov İrəvan quberniyasının Sürməli qəzasına 35 000 Türkiyə ermənisi apardı. Kiçik Asiyadan fasiləsiz bu ərazilərə erməni axını başladı.
Böyük miqyasda ermənilərin köçürülməsi 1893-94-cü illərdə Türkiyədə erməni qiyamları zamanı başladı. 1894-1897-ci illərdə knyaz Qolitsinin dövründə Cənubi Qafqaza 900 000-ə yaxın erməni gəldi. Kiçik Asiyadan təxminən 35 000 erməni ailəsi Qarsa köçdü. İ.Şavrov yazırdı ki, “
indi Cənubi Qafqazda yaşayan 1 300 000 erməninin 1 milyondan çoxu məmləkətin yerli əhalisinə mənsub olmayıb bizim tərəfımizdən yerləşdirilən İran və Türkiyə erməniləridirlər”.
XIX əsrin sonlarından etibarən ermənilər öz məqsədlərini həyata keçirmək üçün terror təşkilatları yaratmağa başladılar. 1885-ci ildə Vanda Mkrtıç Portakalyan və digər şovinist ermənilər tərəfindən yaradılan Armenakan, 1887-ci ildə Avetis Nazarbekyan tarafından Cenevrədə yaradılan Hnçak (Zəng), 1890-cı ildə Tiflisdə Kristapor Mikaelyan, Stepan Zoryan, Simon Zavaryan tərəfindən yaradılan
Daşnaksütun partiyalarının məqsədləri terror, qətliamlar törətməklə yerli əhalini Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarından çıxardaraq, əvəzində uydurma “Böyük Ermənistan” qurmaq idi. XIX əsrin sonlarında Osmanlı imperiyasına qarşı əsassız ərazi iddiaları uğursuzluqla nəticələndikdən sonra Şimali Azərbaycana gələn erməni daşnakları
Qarabağ, İrəvan, Naxçıvan və digər ərazilərdə yerli əhalini məhv etməyə başladılar.
1905-1907-ci illər erməni-müsəlman davası, 1918-ci il mart soyqırımı Azərbaycan xalqına ağır zərbələr vurdu.
Sovet hakimiyyəti illərində Ermənistan Dağlıq Qarabağa iddialarından əl çəkmədi.
1923-cü il iyulun 7-də Azərbaycan Sovet Mərkəzi İcraiyyə Komitəsinin qərarına əsasən Xankəndi inzibati mərkəz olmaqla, Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. 1945-ci ilin noyabrında Ermənistan K(b)P MK katibi Q.A.Arutunov (Arutunyan) DQMV-nin Ermənistana verilməsi barədə İ.V.Stalinə məktub yazdı. Həmin məktubu ÜİK(b)P MK-nın katibi G.Malenkov A
zərbaycan K(b)PMK-nin birinci katibi Mircəfər Bağırova göndərdi.
M.Bağırov həmin il dekabrın 10-da ÜİK(b)PMK-nın katibinə Şuşa istisna olmaqla, Dağlıq Qarabağın Ermənistana verilməsinə razı olduğunu, əvəzində Ermənistanda azərbaycanlıların kompakt halda yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycana verilməsi məsələsinə baxmağı bildirdi. Azərbaycanlıların kütləvi formada yaşadığı yerlərdə ermənilərin sayını artırmaq məqsədilə
Ermənistan 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyasını həyata keçirdi. 1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyasında məqsəd strateji əhəmiyyətli yaşayış məntəqələrindən azərbaycanlıların çıxarılması idi. Bu məqsədlə Yerevan yaxınlığındakı yaşayış məntəqələrindən azərbaycanlılar çıxarılmış, sonra rayon mərkəzləri, kənd və qəsəbə əhalisi köçürülmüşdür. Kür-Araz ovalığına köçürülmüş əhali iqlim şəraitinə uyğunlaşmadığı üçün kütləvi ölüm halları olmuşdur. Azərbaycanlıların köçürülməsi prosesi 1956-cı ilə qədər davam etmişdir. Ümumiyyətlə,
1948-1953-cü illərdə Ermənistanın 23 rayonundan 100 min azərbaycanlının könüllü köçürülməsi nəzərdə tutulmuşdusa, qərar təzyiqlər vasitəsilə icra edilmiş, 24 rayondan və İrəvan şəhərindən (200 yaşayış məntəqəsindən) 150 minə yaxın azərbaycanlı deportasiya edilmişdir. Eyni zamanda daxili köçürmə adı ilə 1949-cu ildə Dağlıq Qarabağdan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar (indiki Göygöl) rayonuna köçürülmüşdür.
Azərbaycanlıların köçürüldüyü yerlərə tez bir zamanda xaricdən köçürülən ermənilər yerləşdirildilər. Bu, erməni müəlliflərin əsərlərində də öz əksini tapmışdır. Erməni mənbələrində göstərilir ki,
1946-cı ilin əvvəllərində 130 min erməni Ermənistana köçmək arzusunda olduğunu bildirib. Ermənilərin köçürülməsinə Hnçak və Armenakan partiyaları məqsədyönlü olaraq 1 milyon dollar xərclədilər. 1946-cı il ərzində Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 50,9 min, 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İran və Livandan 35,4 min, 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan təxminən daha 10 min erməni, ümumiyyətlə 1946-1948-ci illərdə 100 minə yaxın erməni müxtəlif ölkələrdən Ermənistana köçürüldü.
Sonrakı illərdə də ermənilərin köçürülməsi davam etdirilmiş, 1962- 1965-ci illərdə Kiprdən, sonralar Misir, Suriya, İran, ABŞ, Türkiyə, Uruqvay, Argentina və digər ölkələrdən təxminən 7 min erməni köçdü. Onların əksəriyyəti Yerevanda və şəhər ətrafındakı
Nor-Areş, Zeytun, Nor-Klikiya, Vedi rayonları ərazilərində məskunlaşdırıldılar. Ümumilikdə 1962-1973-cü illərdə 26, 1 min erməni xarici ölkələrdən Ermənistana köçürüldü.
50-ci illərin ortalarında ermənilər
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri A.Mikoyanın yardımı ilə yenidən Dağlıq Qarabağ məsələsini qaldırdılar. 60- cı illərdə Ermənistanda “Qarabağ Komitəsi” açıq fəaliyyətə başladı. 1960-cı ilin noyabrında Mikoyanın təşəbbüsü ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında hazırlanmış sənədlə Sov. İKP MK Rəyasət Heyətinə müraciət edildi. Lakin Rəyasət heyətindən əvvəl keçirilən iclasda
Azərbaycan KP MK katibi Nazim Hacıyevin məruzəsindən sonra N.S.Xruşov hazırlanmış qərar layihəsini kənara atıb ermənilərin cəhdlərini rədd etmişdi.
1964-cü ilin əvvəllərində A.Mikoyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə yenidən Xruşova bildirdi. Xruşşov onun təklifinə cavab olaraq demişdi ki, Dağlıq Qarabağ ermənilərinin Ermənistana bir sutka ərzində köçürülməsini təmin etmək üçün 12 min hərbi yük maşınları ayrılmasını təqdim etməyə hazırdır. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə bağlı növbəti təcavüzü
XX əsrin 80-ci illərində başladı. 1988-ci il yanvarın 25-dən başlayaraq azərbaycanlıları öz yurdlarından qovmağa və qətlə yetirməyə başladılar. Fevralın 19-dan etibarən Yerevanda kütləvi mitinqlər başladı. Mitinq iştirakçıları “
Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürdülər. Fevralın 28-29-da SSRİ xüsusi xidmət orqanlarının erməni təşviqatçıları
Sumqayıtda təxribat törətdilər və qırğınları videolentə çəkərək dünya ölkələrində yayımladılar.
Sumqayıt hadisələrini törətməklə erməni dairələri ermənilərin və azərbaycanlıların bir yerdə yaşamasının mümkün olmadığını göstərmiş, SSRİ rəhbərliyi isə hər iki respublikaya təzyiq etmək məqsədini güdmüşdü. 1989-cu il 1 dekabr tarixində Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında rəsmi sənəd qəbul edildi. 1990-cı il 23 avqust tarixli “
Ermənistanın suverenliyi barədə” bəyannamənin preambulasında yazılırdı:
“Bəyannamə Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Sovetinin 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərarına əsaslanır”. Ermənistanın bilavasitə müdaxiləsi nəticəsində 1991-ci il sentyabrın 2-də erməni separatçıları Azərbaycan Respublikası ərazisində qondarma Dağlıq Qarabağ Respublikası və 15 min nəfərdən ibarət “DQR özünümüdafiə qüvvəsi” yaratdılar. Regionda geostrateji maraqları olan Rusiyanın dəstəyinə arxalanan Ermənistan təcavüzkar siyasətini “özünümüdafiə qüvvəsini” müdafiə etmək pərdəsi altında gizlədərək,
Azərbaycanda olan daxili qeyri-sabitlikdən istifadə etdi və Dağlıq Qarabağ Muxtar Vilayətini (ərazisi 4388 km2) və ətraf əraziləri - Ağdamı, Füzulini, Laçını, Kəlbəcəri, Cəbrayılı, Qubadlını, Zəngilanı işğal etdi. Ermənilərin adları çəkilən əraziləri işğalı nəticəsində sənaye və kənd təsərrüfatı, kommunikasiya sistemi dağıdıldı,
1 milyondan çox qaçqın, məcburi köçkün kütləsi yarandı. Məhz adları çəkilən şəhər və rayonlar turizm, sanatoriya, sənaye, sənətkarlıq, kənd təsərrüfatı sahələrində ölkənin büdcəsinə ciddi gəlir verirdi. Nəticədə
işsizlik, miqrasiya, demoqrafiya və başqa problemlər yarandı. Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirən yeganə nəqliyyat yolu olan
Mehri dəmiryolunu Ermənistanın dağıtması nəticəsində Naxçıvan blokadada qaldı.
Çünki sovet dövründə (1920-1921-ci illərdə) Azərbaycanın Göyçə, Dərələyəz, Zəngəzur mahallarının Ermənistana verilməsi nəticəsində Naxçıvan Muxtar Respublikası anklav əraziyə çevrilmişdi. Yalnız Naxçıvan Muxtar Respublikası Ali Soveti Məclisinin sədri, uzaqgörən siyasətçi Heydər Əliyevin gərgin diplomatik fəaliyyəti nəticəsində Türkiyə və İranla nəqliyyat, elektrik sahələrində əlaqələr yaradıldıqdan sonra Naxçıvan blokadadan xilas oldu.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində
20000- dən çox insan həlak oldu, 50000-dən çox insan yaralandı, yaxud şikəst oldu,
4866 nəfər əsir və girov düşdü. Onlardan
314-ü qadın, 58-i uşaq, 255-i qoca idi. 1 milyondan çox insan qaçqın və məcburu köçkün vəziyyətinə düşdü.
Azərbaycanın otlaq sahəsinin 70%-i, o cümlədən 595 600 hektar kənd təsərrüfatı üçün yararlı torpaq sahəsi, 246 000 hektar meşə massivi, 10 100 hektar boş sahəsi işğal altında qaldı. İşğal edilən ərazilərdən 244 min baş xırdabuynuzlu, 69 min baş iribuynuzlu mal-qara, yalnız 1993-cü ildə 206 600 ton odun Ermənistana daşındı. Çoxlu miqdarda tarixi, mədəni, dini abidələr, incəsənət əsərləri məhv edildi, yaxud Ermənistana aparılaraq, xarici ölkələrdə satıldı, onların hansı ölkəyə məxsus olduğu, irsi, milli kökləri dəyişdirildi. Azərbaycan ərazilərini işğal edərkən Ermənistan Xocalıda mülki əhaliyə qarşı soyqırımı törətmişdir. Bu, bəşəriyyətə və sivilizasiyaya qarşı törədilmiş cinayətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə verdiyi sərəncamla Nazirlər Kabinetinin nəzdində Azərbaycan Respublikasi ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupu yaradıldı. İşçi qrupunun hazırladığı hesabata əsasən,
900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış, dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 90 milyon kvadrat kilometrdən artıq olan 150 min yaşayış binası, 4366 sosial-mədəni obyekt, həmçinin 695 tibb müəssisəsi dağıdılmışdır, kənd təsərrüfatı, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun məlumatına görə,
Ermənistanın ölkəmizə vurduğu zərərin yekun məbləği 816,15 milyard dollar həcmindədir. Başqa sözlə, əhalinin tələfolma, sağlamlığın və normal yaşayış səviyyəsinin itirilməsi hesabına
humanitar-mənəvi itkilər 140,4 milyard dollar, əmlakının məhv edilməsi nəticəsində əhaliyə dəymiş maddi zərər 7,4 milyard dollar, dövlətə sosial və iqtisadi sahələrdə dəymiş zərər 126,46 milyard dollar, ətraf mühit və təbii sərvətlər üzrə itkilər 244,42 milyard dollar, tarixi və mədəniyyət abidələrinə dəymiş zərər 177 milyard dollar, işğalla bağlı izafi hərbi xərclər, məhdudiyyətlər və itkilər 124,47 milyard dollardır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin məlumatına görə, ilkin hesablamalara görə, işğal nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələrinə vurulmuş zərər aşağıdakı kimi dəyərləndirilir:
Dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi miqdarı: 84 883 726$; Dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin ümumi miqdarı: 46 066 086$; İşğal olunmuş ərazilərdəki daşınan tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi hesabı: 47 050 188$; İşğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi hesabı: 177 000 000$. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə işğal altındakı torpaqlarımızda tarixi-dini abidələrin təqribi sayı 403-dür.
Onlardan 67-si məscidlər, 144-ü məbədlər (Alban irsinə aid kilsələr, sovmələr və monastırlar), 192-i ziyarətgahlardır (pirlər, türbələr, ocaqlar, məqbərələr). Son illərdə məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınmış və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olmuşdur”.
Tarix: 8-04-2022, 13:11