Kreml Bakı ilə İrəvana rahatlıq VERƏCƏKMİ? - "Rusiya sülh prosesini poza bilməyəcək"
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 6-da Brüsseldə keçirilmiş görüşündə bir sıra razılaşmalar əldə olunub.
Bu müzakirələrdən sonra 2020-ci il 10 noyabr Bəyanatının Ermənistan tərəfindən yerinə yetirilməsi ilə bağlı Azərbaycanın irəli sürdüyü tələblər daha da aktuallaşıb. Dia.az xəbər verir ki, “Cümhuriyət” qəzeti politoloq Qabil Hüseynli ilə müsahibədə Brüssel danışıqlarının perspektivinə aydınlıq gətirməyə çalışıb:
-Brüssel görüşünün nəticələrinə dair birgə bəyanatda qeyd edilir ki, tərəflər 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bir daha təsdiqləyiblər. Rəsmi Bakı son vaxtlar Ermənistandan 10 noyabr Bəyanatının 4-cü bəndində üzərinə götürdüyü öhdəliyə əməl edərək ordusunun qalıqlarını Azərbaycan ərazisindən çıxartmağı tələb edir. İndi tərəflərin bəyanata sadiqliyini təsdiqləməsi Ermənistan silahlı birləşmələrinin çıxarılacağına ümid yaradırmı?
- Ermənistan silahlı birləşmələrinin Qarabağda qalması Azərbaycanın suverenliyinə başlıca təhlükə yaradan, ona zidd olan əsas hərəkətlərdir. 10 noyabr Bəyanatını imzalayan hər üç ölkə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılacağına imza atmışdı. Ermənistan ordusunun çıxarılması Kəlbəcərlə, Laçınla, Ağdamla yekunlaşmamalı idi. Ermənistan silahlı birləşmələri, Əsgərandan, yaxud Xankəndidən nəyə görə çıxarılmamalıdır? Ona görə də hesab edirəm ki, tərəflər ehtiyatla, mərhələli şəkildə bu problemin həllinə doğru irəliləyir. Bu məsələdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də həssaslığını qeyd etmək lazımdır.
-Ermənistana bu öhdəliyi birbaşa yerinə yetirməyə mane olan səbəb varmı? Nəyə görə silahlı birləşmələr Azərbaycan ərazisindən mərhələli qaydada çıxarılmalıdır?
-Paşinyan Brüsselə getməzdən əvvəl belə bir sərsəm fikir söylədi ki, guya Ermənistan silahlı birləşmələri Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatçısıdır. Onlar həmin ərazini tərk etsə, Azərbaycan da guya erməniləri deportasiya edəcək. Axı Azərbaycan erməniləri niyə qovmalıdır? Üstəlik, Qarabağdakı Rusiya sülhməramlıları erməni əhalisinin təhlükəsizliyini qoruyur. Yəni əsaslandırılmamış fikirdir. Azərbaycan tərəfi onu da bildirir ki, erməni silahlı birləşmələri ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı davamlı təxribatlar törədir. Ağdamın, Tərtərin atəşə tutulması, Fərrux kəndində və Fərrux yüksəkliyində Azərbaycan ordusuna qarşı silahlı hücumların edilməsi buna sübutdur. Görünür, ermənilər hələ ağıllanmayıb. Artıq Avropa və dünya görür ki, Ermənistan konstruktiv mövqe tutmasa, danışıqlar prosesi dalana dirənə bilər və nəticədə, bölgədə yeni gərginlik yaranacaq.
-Danışıqlar predmeti olan digər mühüm məsələ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesinə hazırlıqla bağlıdır. Bu məqsədlə xarici işlər nazirlərinə gələcək sülh müqaviləsinin hazırlanması ilə məşğul olmaq tapşırılacaq. Sizcə, Ermənisan silahlı birləşmələri Azərbaycan ərazisində qaldığı bir vaxtda sülh sazişinin imzalanması nə dərəcədə mümkündür?
- Sülh müqaviləsi o zaman hazırlanacaq ki, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü tamamilə tanınacaq. Eyni zamanda tərəflər Azərbaycanın ərazi bütövlüyünə heç bir təhlükənin olmayacağı barədə ortaq mövqeyə gələcək. Yəni Azərbaycan yaxşı bilir ki, ərazi bütövlüyünün tam təmin edilməsi Ermənistan ordusunun və Rusiya sülhməramlı qüvvələrinin həmin bölgələrdən çıxarılması ilə mümkün ola bilər.
-Növbəti razılaşma sərhədlərin delimitasiyası və demarakasiyası ilə bağlıdır. Qeyd edilir ki, aprelin sonuna qədər Birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Xatırladaq ki, ötən il noyabrın 26-da Rusiya Prezidentinin vasitəçiliyi ilə Soçidə keçirilən görüşdə də belə bir razılaşma əldə olunmuşdu. Hətta 2021-ci ilin axırına qədər Birgə Sərhəd Kommissiyasının iclası keçirilməli idi. Ancaq Ermənistan vədinə əməl etmədi. Necə hesab edirsiniz, Ermənistan bu dəfə vədinə əməl edəcək, yoxsa spkeulyativ addımlar ataraq sərhədlərin müəyyənləşməsindən yayınacaq?
-Mən Ermənistanın bu qədər təxribatçı hərəkətləri ilə sülhyaratma prosesini əngəlləyə biləcəyini düşünmürəm. Sərhədlərin delimitasiyası prosesində Ermənistan da maraqlı görünür. Ona görə də Sərhəd Komissiyasının yaradılması prosesinin uzun çəkəcəyini təxmin etmirəm.
-Bu məsələ ilə bağlı həm bəyanatda, həm də Şarl Mişelin açılamasında yer alan bir açıqlama diqqəti cəlb edir. “Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.... qüvvələrin düzgün məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınmasında və gərginliyin azaldılmasında mühüm elementdir”.Sizcə, bu ifadələr Ermənistanın təklif etdiyi sərhədlərin “güzgü prinsipi” əsasında müəyyən edilməsi və qoşunların bərabər şəkildə geri çəkilməsi təklifini nəzərdə tutmurmu?
-Ermənistan delimitasiya və demarkasiya prosesi zamanı silahlı qüvvələrin sərhəddən assimmetrik qaydada, yəni eyni məsafədə geri çəkilməsini təklif edir. Amma Azərbaycan özünün təhlükəsizlik məsələlərini ön plana çəkir. Ona görə də “güzgü prinsipi”ni Kəlbəcər, Laçın rayonlarındakı yüksəkliklərdə, dağlıq ərazilərdə tətbiq etmək mümkün olmayacaq. Bu baxımdan, yeni prinsiplər təklif oluna bilər.
-Digər bir razılaşma kommunikasiyaların açılmasının vacibliyi ilə bağlıdır. Məlum olduğu kimi, hətta ötən il Avropa Birliyi bu məqsədlə Ermənistana 2,6 milyard avro vəsait də ayırmışdı. Brüssel görüşündə Avropa İttifaqının bu məsələyə siyasi dəstəyindən sonra kommunikasiyaların açılması mümkün olacaqmı? Yoxsa hələ Ermənistan cəmiyyəti blokadan çıxamaqda maraqlı deyil?
-Ermənistan cəmiyyəti kommunikasiyaların açılması və əlaqələrin bərpası üçün yalvarır. Ermənistan blokadadan çıxarsa, dünyaya açılacaq, Avropa, Asiya, Yaxın Şərqlə dəmir və şosse yolu ilə əlaqələr quracaq. Zənnimcə, bu məsələdə Ermənistan səhvə yol verməməlidir. Belə olarsa, Azərbaycanın alternativ marşrutları var. Qazaxdan İcevana dəmir yolunun çəkilməsi kimə lazımdır? Zəngəzur dəhlizi açılmasa, İran ərazisindən keçməklə Naxçıvana getmək mümkün olacaq. Azərbaycanın alternativləri kifayət qədərdir. Zəngəzur dəhlizi açılsa, qazanan tərəf Ermənistan olacaq.
-Amma aprelin 5-də İrəvanın “Azadlıq” meydanında müxalifətin mitinqinin izdihamlı keçməsi, radikal şüarların səslənməsi Ermənistan cəmiyyətində revanşizmin yenidən gücləndiyini göstərir. Bu, ermənilərin sülhə hələ hazır olmadığından xəbər vermirmi?
-Ermənistan cəmiyyətində təfəkkür xəstəliyi hökm sürür. Millətçi demaqoqlar bundan istifadə edərək erməniləri özlərinin istədikləri ideya ətrafında fırlada bilir. Azərbaycana vurduqları ziyana görə təzminatı ödəyən zaman onların ağlı başına gələcək. Robert Köçəryan, Serj Sarkisyan, “Daşnaksütyun” Partiyası cəmiyyəti çalxalamaqda davam edir. Ancaq onların hərəkətlərindən bir nəticə çıxmayacaq.
-Brüssel görüşündən bir gün əvvəl və bir gün sonra Azərbaycanın dövlət sərhədindəki mövqeləri Ermənistandan atəşə tutuldu. Bu təxribatı törətmək kimə lazım idi?
-Bu təxribatın baş verməsində “Qarabağ klanı”, daşnaklar, müxalifətdə təmsil olunan müxtəlif qüvvələr maraqlıdır.
-Bəs Qərbin vasitəçilik təşəbbüsünü ələ almasında maraqlı olmayan Rusiyanın bu təxribatda rolu nə qədərdir?
-“Qarabağ klanı”nın hamısı Rusiya ilə bağlıdır. Eləcə də, Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyası bu "dəyirmana su tökənlərdən" biridir.
-Ukraynada gedən müharibə fonunda Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüsünün Qərbin əlinə keçməsi ilə Rusiya barışacaqmı?
-Xeyr, barışmayacaq. Hətta müxtəlif təxribatlar törədəcək. Hazırda Rusiyanın özündə ciddi dağıdıcı proseslər gedir. Bunlar Rusiyada siyasi dəyişikliklərin bünövrəsini qoymaqdadır. Əgər Ermənistan Azərbaycanla eyni mövqedən çıxış edərsə, Rusiya Qərbin qarşısını ala bilməyəcək. Rusiya sülh prosesini poza bilməyəcək. Çünki Rusiyanın özünü ciddi çətinliklər gözləyir.