"Azərbaycan Rusiyadan daha açıq siyasət gözləyir"— ŞƏRH
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşüb. Görüşdə Lavrov Rusiyanın Ermənistana müdafiə qabiliyyətinin gücləndirmək üçün kömək edəcəyini bildirib. O qeyd edib ki, Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək edəcək.Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov
Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Moskvada imzalanmış son sazişdən sonra Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri dərinləşib.
Analitik qeyd edib ki, bu bəyannamədən sonra Azərbaycan öz xarici siyasət kursunda xeyli dividentlər əldə edib:
“Azərbaycan Rusiyaya qarşı həmişə dürüst, səmimi, açıq-siyasi mövqeyi ilə fərqlənib. Azərbaycan heç zaman Rusiya əleyhinə hansısa siyasi kampaniyaların həyata keçirilməsinə icazə verməyib. Eyni zamanda, beynəlxalq platformalarda Rusiya əleyhinə qəbul olunan sanksiyalarda da iştirak etməyib. Rusiya regionun güclü dövlətlərdən biri olduğu üçün onun bu coğrafiyada digər dövlətlərlə münasibətləri Azərbaycana hansısa formada təhlükə yaratmır”.
T.İsmayılov qeyd edib ki, Azərbaycan Rusiyaya səmimi və dürüst münasibəti kontekstində Rusiyadan da açıq və daha dolğun siyasət gözləyir:
“Bugünədək Ermənistan 10 noyabr və Soçi bəyanatlarnın müddəalarını yerinə yetirməyib. Düşünürəm ki, Ermənistanın bunu yerinə yetirməməsi həm də Rusiyanın imzasına, Rusiyanın siyasi xəttinə qarşı açıq demarşıdır. Rusiya Ermənistanın bu cür xəyanətlərinə qarşı daha sərt addım nümayiş etdirməlidir. Eyni zamanda, Rusiyanın Ermənistana qarşı kəskin və sərt mövqeyi olarsa, Ermənistanda güclənən anti-rus ritiorikası da səngimiş olar”.
Siam.az
Tarix: 9-04-2022, 11:04