Təkcə Ukrayna timsalından göründüyü kimi, Azərbaycan özündə ikili standartların, riyakar siyasətin ağır yükünü çəkib və çəkməkdədir. Azərbaycan xalqı və dövləti isə siyasi oyunbazlıq yox, öz mənəvi, əxlaqi mahiyyətinə uyğun olaraq mümkün qədər ədalətli mövqe tutmağa çalışıb. Bildiyimiz kimi, siyasətdə publik səsləndirilməsi məqbul olmayan hallar daha çoxluq təşkil edir. Ukrayna xalqına açıq dəstək və simpatiyamız olsa da, xoş olmasa da etiraf edək ki, Rusiya Ukrayna müharibəsinin (əslində Rusiya və Qərb müharibəsi) uzanması, Rusiya ərazisinə keçməsi Azərbaycanın maraqlarını tam təmin etmək imkanı yaradır. Rusiyanın Ukraynaya təcavüzünün ilk günündə qeyd etdiyim kimi, Rusiya məğlub olacaq, müharibə Rusiya ərazisinə keçəcək, Putin Səddam Hüseyn kimi aqibət yaşayacaq və Rusiyanın parçalanması real prosesə çevriləcək.(
https://youtu.be/jQoGr7tVfQA) Brüsseldə əldə edilmiş razılaşmalar, Azərbaycan Ermənistan arasında sərhədlərin delimitasiyası komisiyasının yaradılması və iki dövlət arasında sülh müqaviləsinin layihəsinin hazırlanmasının xarici işlər nazirliklərinə tapşırılması siyasi proses kimi vacib gedişdir və bu proses nə qədər çox uzansa Azərbaycan daha böyük hədəflərə yaxınlaşar. Son günlər Ermənistanın "sülh müqaviləsinə" can atma səbəbi Rusiya - Ukrayna müharibəsinin nəticəsi fonunda daha aydın görünür və bəllidir ki, Ermənistan SSRİ dövrünə aid xəritələr çərçivəsində Azərbaycanla sülh müqaviləsi ilə ərazilərə toxunulmazlıq əldə etmək istəyir. (
https://siam-az.com/siyaset/70775-azrbaycana-ermnistanla-sulh-muqavilsi-lazmdrm.html) Brüssel görüşünə Rusiya xarici işlər naziri Lavrovun "dəstək" çağırışı əslində sülhə istək yox, prosesdə özünün vacib oyunçu statusunu qorumaq, daha doğrusu bərpa etmək istəyindəndir. Rusiyanın Ukraynaya təcavüzü kontekstində bütün mümkün siyasi platformalardan məhrum edilmiş Rusiyanın növbəti Minsk Qrupundan kənarlaşdırılması sözsüz ki, Rusiyanı vacib oyunçu statusundan son qalıqlarının məhv edilməsidir. Ona görə də Rusiya Qarabağ məsələsində moderatorluğunu möhkəmləndirmək istəyəcək ki, hər hansı bir formada öz varlığı göstərə bilsin. Ancaq, Rusiya da bilir ki, Azərbaycan onun arzuladığı Azərbaycan deyil, Azərbaycan regionun söz sahibi, qalib dövlətdir və onun Türkiyə, Böyük Britaniya, İsrail, Pakistan kimi real müttəfiqləri var. Rusiya isə özü parçalanmaq ərəfəsindədir. Ona görə də, son iki əsr tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan indiki ən əlverişli siyasi şəraitindən maksimum istifadə edərək ən əsas və böyük hədəflərinə çata bilər. Və gedişatı da onu göstərir ki, Azərbaycan böyük hədəflərinə israrlıdır.