Azərbaycan İsraildə səfirlik açır: Bu, İranla balansı poza bilərmi? — ŞƏRH


Xəbər verdiyimiz kimi, İsrail prezidenti İshaq Hersoq Prezident İlham Əliyevə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə məktub ünvanlayıb. Məktubda cənab Hersoq iki ölkə arasında mövcud münasibətlərin inkişafından və bir sıra digər məsələlərdən bəhs etsə də bir məqam xüsusilə diqqət çəkir. O qeyd edib ki, “Ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq".

Qeyd edək ki, ümumiyyətlə Azərbaycanın İsraildə səfirlik açmaq niyyəti hər zaman olub. Bu mənada bu yeni bir hadisə deyil və bu istiqamətdə də müəyyən işlər görüldürü. Bəs, Azərbaycanın İsraildə səfirlik açması Azərbaycanla İran arasında balansı poza bilərmi?

Məsələyə münasibət bildirən politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, əslində İranla yanaşı bir çox ölkələri bu məsələ ciddi narahat edir. Politoloq bu məsələdə maraqlı məqamların da olduğunu diqqətə çatdırdı:



“Maraqlı məqam ondan ibarətdir ki, Türkiyənin Azərbaycanla xarici münasibətlərdə əsas strateji ortağının, hərbi-siyasi müttəfiqinin İsraildə səfirliyi var. Bundan əlavə, İsraillə  uzunmüddət düşmən münasibətdə olan bir çox müsəlman ölkələr də İsraildə səfirlik açmaq istəyir. Hansılar ki, müsəlman həmrəyliyinə, müəyyən siyasi məsələlərə görə İsraildə indiyədək səfirlik açmırdı. Artıq bu ölkələr də İsraildə səfirlik açmaq, diplomatik əlaqələr yaratmağa başlayıblar. Bunlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt,  Bəhreyn və digərləridir. Əgər bizim əsas hərbi-strateji müttəfiqimizin İsraildə səfirliyi varsa, o cümlədən qeyd etdiyim müsəlman ölkələrinin bir çoxu İsraildə səfirlik açmağa çalırsa, o zaman bizim İsraildə səfirlik açmağımızın qarşısında heç bir mənəvi, hüquqi sədd olmadığını düşünürəm”.

 Politoloq qeyd edib ki,  təkcə İran deyil, bir çox ölkələr  Azərbaycan-İsrail yaxınlaşmalarından narahatdırlar: “Amma Azərbaycanın buna cavabı aydındır. Birincisi, biz öz xarici siyasətimizi özümüz seçirik. Hansı ölkə ilə səfirlik açmaq, diplomatik, iqtisadi-siyasi münasibətləri hansı səviyyədə saxlamağa özümüz qərar veririk. İkinci məsələ isə Azərbaycan açıq şəkildə bəyan edir ki, Azərbaycanın xarici siyasəti heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Yəni, bu Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan münasibətlərində də  belədir. Təbii ki, Azərbaycan-İsrail münasibətlərində də belə olacaq. Bizim münasibətimiz heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Biz  İsrail münasibətlərimizi İrana qarşı hərbi-siyasi ittifaq kimi istifadə etmirik. Ona görə də düşünürəm ki, İranın buna etirazları olacaq. Ola bilsin ki, İran tərəfindən təxribatlar da gözlənilə bilər, amma bunlar tamamilə yersizdir”.
Tarix: 9-04-2022, 18:13
Xəbəri paylaş





Xəbər lenti