Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin HacıbəyliDünən Solovyovu dinlədim. Jirinovskidən sonra Putinin ən etibarlı sözçüsü odur. Rusiya mətbəxini ondan gözəl bilən yoxdur.
Adam isterikada idi. Başını itirmişdi. Gah çığırır-bağırır, gah mahnı oxuyur, gah söyüş söyürdü.
Solovyovun bu isterik perfomansından da aydın olur ki, ruslar Zelenskinin əlindən zəncir çeynəyirlər. Zelenskini gah faşist, gah nasist, gah nasistdən də pis şeytan, gah şeytandan da pis öləsi varlıq adlandırırdı. “Hamınızı məhv edəcəyik, hamınız şeytansınız, şeytana xidmət edirsiniz” sədaları ilə studiyada qulaq batırırdı Vladimir Solovyov.
Zelenski və Ukrayna xalqı Putini çıxılmaz duruma salıb. Putinin “3 günə alacağı” Kiyevi Boris Conson küçə-küçə gəzib əli belində sonuncu rus çarına meydan oxuyur. Qərbin Ukraynaya hərbi və maliyyə yardımı və xüsusilə də, Rusiyaya münasibətdə tətbiq edilən cəza tədbirləri bütün gözləntilərin üstündədir. ABŞ və Avropa artıq Ukraynaya hücum məqsədli letal silahların tədarükünə başlayıb.
Rusiya savaşın ilk günlərindən quruda Ukrayna ordusunun dirənişinə və ukraynalıların fədakarlığına məğlub olmuşdu. Zatən, 10 min nəfər şəxsi heyətlə ruslar bir Mariupolu bir aydır təslim edə bilmirlər.
İndi əli belində Kiyevdə gəzən Boris bəyimiz))) artıq həm də Ukrayna səmasının etibarlı bir şəkildə qorunduğu mesajını verdi.
Rusların dənizdən hücum planı da suya düşmək üzrədir. Böyük Britaniya Ukrayna ordusuna 500 ədəd mükəmməl gəmi əleyhinə silah- Harpun raketləri verib. Rusların dörd əsas döyüş gəmisinin göyərtəsindəki Kalibr raketləri ilə birlikdə Türkiyə tərəfindən Boğazda saxlanılmasını da nəzərə alsaq Ukrayna Harpun və öz yerli istehsalı olan Neptun raketlərilə Rusiyanın bütün Qara Dəniz Donanmasını batırmaq gücündədir.
Buça qətliyamı haqqında gerçəklərin bütün dünyada doğurduğu əks-sədadan sonra Rusiya hərbçilərinin mənəvi durumunun nə qədər bərbad olması, Rusiya cəmiyyətini bürümüş demoralizasiya əhval-ruhiyyəsi, bunun qarşılığında ukraynalıların Buçaya, öldürülən və zorlanan uşaqlara və qadınlara görə artan qəzəbi, nifrəti və qisas hissi də savaşın taleyini təsirləndirən ən önəmli faktorlardandır.
Üstəlik, Rusiya iqtisadiyyatının defoltun bir addımlığında olduğunu, əhalinin sosial-iqtisadi durumunun hər keçən gün daha da pisləşdiyini, sosial narazılığın kəskin şəkildə artdığını və hələ daha çox artacağını unutmamalıyıq.
Bu ağır şərtlər altında Putin Ukraynanı bütövlükdə ələ keçirə bilməyəcəyini anlayaraq minimalist planlarına köklənib, ancaq Donbas uğrunda həlledici döyüşün Rusiyaya nə vəd edəcəyindən də əmin deyil.
Bəli, bu gedişlə Putin, hətta, Donbas uğrunda savaşı da uduza bilər və ona görə də tələsir. Son günlər Rusiya rəsmilərinin ard-arda “Qərb Zelenskinin savaşı bitirməsinə imkan vermir” deməsi də bu səbəbdəndir. Rusiya savaşı bitirmək istəyir. Ancaq necə?!
Putin Donbas uğrunda döyüşə girmədən Ukraynanı Krımın, Donetsk və Luqansk vilayətlərinin bütövlükdə, Zaporojye, Xerson və Xarkov vilayətlərinin böyük bir hissəsinin itkisi ilə barışdırmaq istəyir. Ukraynanın buna razı olacağını düşünmək isə axmaqlıq olardı.
Zelenski hələ xeyli öncə “biz öz torpaqlarımızla alver etmirik, Ukraynanın ərazi bütövlüyü və suverenliyi müzakirə predmeti ola bilməz” deməklə, Kiyevin sonadək savaşacağı niyyətini ortaya qoyub.
Solovyovun aqressiyası və isterikası da məhz bunun- Rusiyanın Ukrayna və demokratik Qərb qarşısında çarəsizliyinin və labüd məğlubiyyətinin ifadəsidir.
Tarix: 10-04-2022, 23:09