“Bizi Ermənistanla barışdırmaq istəyən həmsədr dövlətlər özləri bir-biri ilə davaya çıxdı...” - HƏQİQƏTƏN DƏ...
“1992-ci ildən bəri, yəni son 30 il ərzində ATƏT-in Minsk Qrupu deyilən və əsasən üç həmsədr: Rusiya, ABŞ və Fransa tərəfindən idarə olunan bir beynəlxalq qurum guya qondarma Qarabağ məsələsinin həlli, yəni sonda işğalçı Ermənistanla torpaqlarının 20 faizi işğal altında qalan Azərbaycan arasında sülh yaratmaq üçün çalışırdı. Ancaq 28 il ərzində həmin qurumun, eləcə də Azərbaycan torpaqlarının işğalı və oradan Ermənistan qoşunlarının çıxması barədə 4 qətnamə qəbul edən BMT-nin də məsələnin ədalətli həlli üçün heç bir real iş görmədiyini görən Azərbaycan dövləti, nəhayət, 28 il sonra torpaqlarının əksər hissəsini öz gücünə azad etməyə məcbur oldu”. Dia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında keçmiş Xarici İşlər naziri Tofiq Zülfqqarov söyləyib.
“Azərbaycanın 2020-ci ilin 44 günlük müzəffər savaşı və ondan sonrakı dövrdə də, bildiyiniz kimi, həmin ATƏT-in Minski Qrupunun həmsədrlərinin özləri arasında ziddiyyətlər yarandı. Yəni Fransa da, faktiki ABŞ da Rusiyanın Azərbaycanın öz torpaqlarını azad etməsinə münasibətinə qarşı çıxdı. İndi isə, Rusiyanın Ukraynaya təcavüzündən sonra bəlli oldu ki, 30 il ərzində bizi Ermənistanla barışdırmaq istəyən Minsk qrupu həmsədrləri artıq özləri öz aralarında gerçək dava-dalaşa başlayıblar. Və bir tərəfdən gülməli də olsa, məntiqi baxımdan ən ziddiyyətli bir durum yaranıb. Bizə necə barışmaq haqda məsləhət verməli olanlar hazırda faktiki müharibə vəziyyətindədirlər. Amma onu da deyim ki, onların, yəni Qərblə Rusiyanın bir-biri ilə savaş vəziyyətində olması bizə sərfəlidir. Odur ki, Azərbaycan dövləti öz maraqlarına uyğun siyasətini davam etdirməlidir” –deyə açıqlamasının ardında sabiq baş diplomat vurğulayıb.