Rusiyalı siyasətçi V.Jirinovskiyə Türkiyənin NATO-dan çıxmasını görmək qismət olmadı, şimal qonşumuzun ən qalmaqallı siyasətçisi bu günlərdə dünyasını dəyişdi.Məsələ bundadır ki, bəzi siyasətçilərə və politoloqlara görə Türkiyə istəmədən, soyuq müharibə dalğasında bu blokun üzvü olub və ona görə də onun NATO-da üzvlüyü “sevgisiz nikah” kimi səciyyələndirilir.
Belə qiymətləndirdirmələrdə xüsusən də rusiyalı təhlilçilər və ələlxüsus da V.Jirinovski səy göstərirdi. Sonuncu deyirdi ki, guya onunla söhbətdə Türkiyə prezidenti deyibmiş ki, ölkəsi NATO-nu tərk edə bilər...
Amma bu “proqnoz”lar doğrulmadı, baxmayaraq ki, Türkiyə digər NATO ölkələrindən fərqli siyasət yürütməkdə davam edir. Bəli, Ankara Rusiyaya qarşı sanksiylara qoşulmayıb və ən azı yaxın perspektivdə bunu etmək niyyyətində deyil. Bəs Türkiyə niyə belə siyasət yürüdür?
Qeyd edək ki, Ankara oxşar siyasəti İrana qarşı da həyata keçirir və bu ölkəyə qarşı sanksiyalara demək olar ki, qoşulmur. Demək olmaz ki, Ankara Rusiyaya qarşı sanksiyalara qoşulmamaqla məhdudlaşır və Ukraynaya qarşı müharibəyə biganə qalır. Yox, belə deyil, İstanbulda Rusiya və Ukrayna təmsilçilərinin bir neçə raund danışıqları keçirilib.
Türkiyənin sülhpərvər missiyası Ukrayna hakimiyyəti tərəfindən yüksək dəyərləndirlib. Bundan başqa, Rusiya ilə sıx münasibətlərinə baxmayaraq Türkiyə daim Ukraynanın ərazi bütövlüyünü müdafıə edib.
NATO ölkələrilə münasibətlərə gəldikdə isə Rusiya siyasətçilərinin “proqnoz”ları gələcəkdə də doğrulmayacaq və Ankara NATO-nun üzvü kimi qalacaq, baxmayaraq ki, bəzi NATO ölkələri bunu istəməzdi. Hətta müharibə zamanı öz S-400 –lərini Ukraynaya verməyi məsləhət görməklə ABŞ və digər NATO ölkələri öz mahiyyətlırini bir daha aşkar etdilər. Onlar bununla Ankaranı münaqişə tərəfinə çevirməyə cəhd etdilər. Amma Türkiyə hakimiyyəti yetərincə sayıqdır.Qeyd edək ki, bəzi ölkələr Türkiyənin sülhpərvərlik missiyasına da qısqanclıqla yanaşırlar. Bu günlərdə Belarus prezidenti özünü böyük bir sərkərdə, az qala A.Suvorov zənn edərək bəyan etdi ki, Belarusun iştirakı olmadan Ukrayna məsələsi həll oluna bilməz. Türkiyədə isə heç kim belə şərt qoymur və tərəflərin hər hansı əlavə və kənar şərt olmadan razılığa gəlməsinə çalışırlar.
Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması NATO-da ona qarşı kəskin soyuq münasibət yarada bilərmi? Yaxın perspektivdə düşünmürük ki, bu, olsun. Hər şey daha mürəkkəbdir. Tərəddüdlər digər NATO üzvləri arasında da var. Ona görə də prosesin davamını gözləmək lazım gələcək. Müharibə qırx gündən artıqdır ki, davam edir. Onun gedişi belə deməyə əsas verir ki, ukraynalılar vuruşmağı bacarırlar və “Yaşasın Ukrayna!” kimi şüarlar boş akustika deyil. ABŞ bu günlərdə Kiyevə 14 milyard dollarlıq hərbi yardım göstərməyə qərar verdi və bu şübhəsiz ki, müharibəni keyfiyyətcə yeni bir səviyyəyə qaldıra biləcək.Ukrayna prezidenti hər gün Avropa parlamentariləri qarşısında çıxış edir. Ukraynalılar təslim olmur və ruhdan düşmürlər.
Rusiyanın Ukraynaya qarşı hərəkətləri əsl cinayətdir. Amma cinayətkarla da davranmağın xüsusi yolunu bilmək lazımdır, ələlxüsus da o, silahlı olanda. Rusiyanın belə ölümcül silahı var. Söhbət onun nüvə silahından gedir. Ona görə də burada dünya birliyindən zərgər dəqiqliyi tələb olunur...
Tarix: 11-04-2022, 22:50