Şahin Cəfərli: “Bu, artıq geri çəkilmədir və Rusiya öz məqsədinə nail ola bilməyəcək”
Kremlin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında deyib ki, NATO-nun genişlənməsi Rusiyanın mövcudluğuna təhlükə deyil, bu halda nüvə silahının tətbiqinə ehtiyac yoxdur. O, bunu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı suala cavabında bildirib.
Ukraynaya qarşı hərbi müdaxilənin ilk günlərində Moskva İsveç və Finlandiyanı NATO-ya üzv olmaqdan çəkinməyə çağırır, əks halda bəşəriyyəti nüvə silahı ilə təhdid edirdi. Cəmi bir ay sonra Kreml sözünü geri götürdü. Rusiyanın bu mövqeyini Ukraynada məğlub olması fonunda geri çəkilmə cəhdi kimi qiymətləndirirlər.
Xatırladaq ki, Finlandiyanın Rusiya ilə 1300 km-ə yaxın quru sərhədi var. İsveç də Baltik dənizi regionunda Rusiyanın qonşusudur. Bu ölkələr NATO üzvlüyü üçün rəsmi müraciət etməyi düşünür və belə bir müraciətdən çox qısa müddət sonra ittifaqa qəbul olunmaq ehtimalları yaranır. Çünki hər iki dövlət təşkilatın siyasi və hərbi kriteriyalarına uyğundur.
ABŞ-da yaşayan politoloq Zaur Bayramlı AYNA-ya deyib ki, Rusiya nüvə silahına əl ata bilməz: “Hələ bir ay öncə rəsmi Moskva nüvə təhdidini səsləndirərkən bəyan etmişdim ki, bu, blefdir. Bunu təkcə mən demirdim, bütün dünya bu fikirdəydi. Rusiya Ukraynaya girərkən düşünürdü ki, Qazaxıstanda olduğu kimi, burada da bir neçə günə məsələni həll edib, öz adamını iqtidara gətirə biləcək. Bundan sonra isə Ukraynanı tərk edəcək. Gözləntiləri doğrulmadı və ona qarşı sərt sanksiyalar tətbiq edildi. Dünya birliyi Ukrayna ilə ən yüksək səviyyədə həmrəylik nümayiş etdirdi və məğrur Ukrayna xalqı sözün əsl mənasında, qəhrəmanlıq nümayiş etdirdi”.
“Müharibənin ilk günlərində Kreml başa düşdü ki, vəziyyət onun düşündüyü qədər də sadə deyil və bundan sonra dünyanı hədələməyə başladı. Baxmayaraq ki, Rusiyanın sərhəd ölkələrlə bağlı narahatlığı daim mövcud olub, onun əsas məqsədi Finlandiya və İsveç yox, Ukraynaydı. Finlandiya və İsveç Avropa İttifaqının üzvləridir və onlara qarşı hücum ittifaqa qarşı hücum sayılacaqdı. Ukrayna isə hazırda nə Avropa İttifaqının, nə də NATO-nun üzvüdür. Bu baxımdan Ukraynaya təcavüz Rusiya üçün daha təhlükəsiz görünürdü. Baxmayaraq ki, bu məqsədinə də nail ola bilmədi”, - deyə həmsöhbətimiz bildirib.
Analitikin sözlərinə görə, Moskvanın əsas məqsədi postsovet məkanını nəzarətdə saxlamaqdır: “Rusiya heç bir halda keçmiş sovet ölkələrinin müstəqil siyasət yürütməsini həzm edə bilmir. Baxmayaraq ki, sovet imperiyasının dağılmasından 30 ildən artıq zaman keçir, Kreml bu günə qədər həmin ölkələrə təzyiq siyasətindən imtina etməyib. Baltikyanı ölkələr istisna olmaqla, digər dövlətlərə təsir rıçaqlarını bu gün də əlində saxlayır. Elə hesab edir ki, bu ölkələrin suverenliyi formal xarakter daşıyır və onları öz müstəmləkəsi olaraq görür”.Müsahibimizin fikrincə, Ukraynanın Avropaya inteqrasiyası Rusiyanın böyük bir qonşu dövləti itirməsi ilə yanaşı, digər postsovet ölkələri üçün də bir stimul olacaq: “Nəticədə onlar Rusiyanın təsirindən xilas olacaqlar. Bunu Putin və ətrafı yaxşı başa düşürdü. Ukraynaya qarşı təcavüz siyasətinin başlıca məqsədi məhz söylədiyim kimi, postsovet məkanını qorumağa hesablanmışdı. Finlandiya, İsveç kimi Avropa ölkələrinin təhdid olunması isə diqqəti yayındırmaq və Ukraynada üstünlük qazanmaq məqsədlərinə xidmət edirdi. Qərbi təhrik etmək istəyirdilər ki, Ukraynanın məğlubiyyəti ilə barışsın və hücumun digər ölkələrə yayılmasının qarşısını almaq üçün geri çəkilsin”.
“Ukraynanın şanlı dirənişi Rusiyanı geri addım atmağa təhrik edir. Ukrayna xalqı tarix yazır və öz torpaqlarında Rusiyanın imperiya siyasətinə meydan oxuyur. Artıq Moskva geri çəkilir və yumşaq bəyanatlar səsləndirməyə başlayıb. Kreml işğalçı və amansızdır, o, yalnız məğlubiyyəti hiss etdikdən sonra geri çəkilə bilərdi. Necə ki, artıq bu proses baş verməkdədir. Hesab edirəm ki, Ukrayna xalqı bir qədər də müqavimət göstərsə, Rusiya daha ciddi güzəştlərə getməyə məcbur olacaq”, - deyə Bayramlı vurğulayıb.
Politoloq Şahin Cəfərli də AYNA-ya şərhində Kremlin qonşu ölkələrin suverenliyini özünə sığışdıra bilmir: “Ukraynaya təcavüzdən öncə Finlandiya və İsveçi hədələyən Rusiyanın indi geri çəkilməsi təsadüfi deyil. Ötən ilin sonunda Moskva təhlükəsizliyinə təminat verilməsi tələbi ilə NATO-nu təhdid edirdi. Açıq şəkildə bəyan edirdi ki, həmsərhəd ölkələrin NATO-ya üzvlüyü faktı ilə barışmayacaq. İddia edirdi ki, Ukrayna da NATO-ya üzv ola bilər. Baxmayaraq ki, yaxın tarixdə belə bir ehtimal yox idi, ancaq Kreml israr edirdi”.
“Nəticədə onlar Ukraynaya qarşı təcavüzə başladılar. Lakin bu təcavüz Moskvanın özünü çıxılmaz duruma saldı. Ukrayna xalqının qəhrəmanlığı nəticə etibarilə Rusiyanı sarsıtdı. Bu gün artıq Peskovun timsalında ritorikanı dəyişirlər. Bir neçə ay öncə verdiyi bəyanatların ziddinə olan açıqlamalar verirlər. Hələ təcavüzdən əvvəl qeyd edirdik ki, NATO bəhanədir, Moskva müstəqil, suveren, demokratik Ukrayna dövlətinin mövcud olmasında maraqlı deyil”, - deyə siyasi şərhçi söyləyib.Əlavə edib ki, Rusiya postsovet məkanında Belarus modelini tətbiq etmək niyyətindədir: “Ukraynaya qarşı savaşın da başlıca məqsədi bu idi. Lakin təcavüzü başqa adla rəsmiləşdirməyə çalışırdılar. Ukrayna xalqının fədəkarlığı, cəsur müqaviməti onların arzusunu gözündə qoydu. Artıq özləri də başa düşürlər ki, bu müharibədə əsas istəklərinin üzərindən xətt çəkməli olacaqlar. Finlandiya, İsveç və digər qonşu dövlətləri hədələmək, təhdid etmək isə özünə qaşrı ikinci cəbhə açmaq mənasına gələcək. Buna görə də bu mənfur siyasətindən imtina edirlər”.
“Bu, artıq geri çəkilmədir və Rusiya öz məqsədinə nail ola bilməyəcək. Müharibənin necə nəticələnməsindən asılı olmayaraq, rəsmi Moskva Ukraynanı belaruslaşdıra bilmədi, ən pis halda Finlandiya kimi Ukraynanın da bəzi ərazilərini işğal etməklə geri çəkiləcək”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.