İki dövlət NATO-nun astanasında - Moskva etiraz edir


Avropanın neytral dövlətlərindən ikisi – Finlandiya və İsveç yayda NATO-ya üzv ola bilər. Bunu Böyük Britaniyanın “The Times” qəzeti yazıb.
Qəzetin əldə etdiyi məlumata görə, Finlandiya iyunda NATO-ya üzv olmaq üçün rəsmi müraciət edə, ardınca eyni addımı İsveç ata bilər.
Novator.az xəbər verir ki, soyuq müharibə başa çatandan az sonra – 1995-ci ildə Finlandiya və İsveç Avropa İttifaqına qəbul edilib. Amma heç biri sıx əlaqələr saxladığı NATO-ya üzv olmağa təşəbbüs göstərməyib.
Rusiya 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Ukraynaya hərbi müdaxilə edəndən sonra Finlandiya və İsveçdə istər ictimai, istərsə də rəsmi səviyyədə neytrallıq kursuna münasibət dəyişməyə başlayıb.
2021-ci ildə Rusiya Ukrayna sərhədinə qoşun yığıb bu ölkəni növbəti işğalla hədələyəndən sonra Finlandiya və İsveçin təhlükəsizliyinə zəmanətin möhkəmləndirilməsi üçün NATO-ya qəbul edilməsi təklifi daha ciddi xarakter alıb.
2022-ci il fevralın 24-dən Rusiya Ukraynada növbəti dəfə işğalçı müharibə aparır. Bu müharibə Finlandiya və İsveçdə əhalini və hökuməti NATO-ya daha da meyilləndirməyə başlayıb. Ona görə hər iki ölkədə hərbi bloklara qoşulmama siyasətinə yenidən baxılması istiqamətində diskussiyalara start verilib.
Fevral ayının sonunda İsveçin baş naziri Maqdalena Andersson bəyan edib ki, onun ölkəsi öz təhlükəsizlik siyasətini müstəqil şəkildə müəyyən edəcək. Mart ayında isə Maqdalena Andersson İsveçin hərbi bloka qoşulma imkanlarını təhlil edəcəyini söyləyib. Baş nazir ölkəsinin NATO-ya üzvlüyünün istisna olmadığını vurğulayıb.
Martın əvvəllərində Finlandiya prezidenti Sauli Niinistö bildirib ki, Finlandiya əhalisinin NATO-ya üzvlük məsələsinə münasibəti dəyişib, ona görə hökumət ölkənin alyansa qoşulması məsələsini müzakirə edir.
Finlandiyada keçirilən son sorğu əhalinin 62 faizinin NATO-ya üzv olması ideyasını dəstəklədiyini göstərib. Bu, əvvəlki sorğuların nəticələri ilə müqayisədə xeyli yüksək göstəricidir.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Finlandiya və İsveçin yayda NATO-ya üzv ola biləcəyi xəbərinə münasibətini açıqlayıb.
Peskov NATO-nun daha da genişlənməsinin Avropa qitəsinə əlavə təhlükəsizlik vəd etmədiyini söyləyib: “Moskva Finlandiya və İsveçin NATO-ya qoşulmasının əleyhinədir və bu addımın Avropaya təhlükəsizlik bəxş etməyəcəyi qənaətindədir”.
NATO-nun sabitlikdən çox qarşıdurma vasitəsi olduğunu bildirən Peskovun fikrincə, sülh və sabitliyi bu alyansın köməyilə təmin etmək mümkün deyil.
30 üzvü olan NATO-nun mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşir.
NATO-nu 1949-cu ildə bu ölkələr yaradıb: ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya.
Türkiyə və Yunanıstan quruma 1952-ci ildə qoşulub. Qərbi Almaniya (1990-cı ildən Almaniya) 1955-ci ildə NATO-ya üzv olub. İspaniya hərbi-siyasi ittifaqa 1982-ci ildə girib. Çexiya, Macarıstan və Polşanın NATO üzvlüyü 1999-cu ildə rəsmiləşib. Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya 2004-cü ildən NATO-da təmsil olunur. Albaniya və Xorvatiyanın üzvlüyü 2009-cu ildə başlayıb. Monteneqro 2017-ci ildən ittifaqdadır. Şimali Makedoniya NATO sıralarına 2020-ci ildə əlavə edilib.
Tarix: 12-04-2022, 13:10
Xəbəri paylaş





Xəbər lenti