Ermənistanın müdafiə naziri Suren Papikyan Böyük Britaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Qallagerlə görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub, əsas müzakirə mövzusu isə Qarabağla bağlı olub. Fürsətdən istifadə edən Ermənistan müdafiə naziri Azərbaycanın ünvanına əsassız fikirlər səsləndirib.S.Papikyan iddia edib ki, guya Azərbaycan tərəfinin hərəkətləri regional sabitlik və təhlükəsizliyə xələl gətirdiyi üçün əlavə tədbirlər görülməlidir. Bu səbəbdən nazir vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin tədbirlər görməsinin vacibliyini vurğulayıb. Öz növbəsində, səfir Böyük Britaniyanın ATƏT-in Minsk Qrupu formatı çərçivəsində gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli səylərini dəstəklədiyini bəyan edib.
Azərbaycanla geniş əlaqələrə malik olan Böyük Britaniyanın artıq faktiki özünü buraxmış Minsk Qrupuna belə önəm verməsi təəssüf doğurur. Nəzərə almaq lazımdır ki, İngiltərə Avropa İttifaqından çıxsa da, bu qurumun tərəflər arasında vasitəçi kimi prosesdə iştirak etməsi Londonun maraqlarına daha uyğundur, nəinki Minsk Qrupunun. Ən azından ona görə ki, MQ-də Böyük Britaniyanın əzəli rəqibi Rusiya təmsil olunur. O baxımdan Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında uğurlu vasitəçilik etməsi fonunda Avropanın nəhəng dövləti olan Britaniyanın səfirinin yersiz formada Minsk Qrupunu gündəmə gətirməyə çalışmasında məqsəd nədir? Minsk Qrupunun fəaliyyətinin rəsmən dayandırılmasını elan etməyin vaxtı çatmadımı?
Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, İngiltərənin Cənubi Qafqazda regional konfliktlərin həllində birbaşa təsir mexanizmi olmasa da, Qarabağ konfliktində uzun müddət ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyi bəllidir: “ATƏT-in Minsk Qrupu isə 30 ilə yaxın bir dövr ərzində öz fəaliyyətsizliyi, faktiki nizamlama prosesini dondurmaqla, real təkliflər və təsiredici mexanizm ortaya qoymadan vaxt uzatmaqla özü-özünü proseslərdən kənarlaşdırdı. Bu isə həm də onun səylərini dəstəkləyən instansiyaları da prosesdən kənarda qoymaq idi. ATƏT-in Minsk formatı həm də Avropa Birliyini əhatə edən coğrafiyada konfliktlərin həlli istiqamətində bir mexanizm kimi nəzərdə tutulur. Bu mexanizm isə heç bir konfliktin həllində özünü doğrultmadı, faydalı format kimi özünü təsdiqləmədi. ATƏT-in Minsk Qrupunun gözü önündə bu illər ərzində Azərbaycan torpaqları, işğal altındakı ərazilərin təbii resursları talan olunub, ekoloji terrorlar həyata keçirilib. İki dəfə faktaraşdırıcı missiya ilə bu yerlərə səfər edən ATƏT-in Minsk Qrupu bu cinayətləri görməzlikdən gəldi.
Amma təəccüblü məqam odur ki, istər ABŞ, istər Böyük Britaniyanın Ermənistandakı səfirləri ölkələrinin qlobal konfrontasiyada olduğu Rusiyanın iştirak etdiyi Minsk Qrupu məsələsinə münasibətdə “kollegial” qərarlar və mesajlar verirlər. Onlarda belə düşüncə var ki, Minsk Qrupu olmadan Rusiyadan başqa hansısa ölkənin Qarabağ məsələsinə müdaxiləsi mümkün deyil. Minsk formatını buna görə diriltmək istəyirlər.
30 ilə yaxın dövrdə ATƏT Minsk Qrupunun əhəmiyyətsiz və nəticəsiz vasitəçiliyi iflasa uğrayıb. Buna görə də beynəlxalq hüquqla tanınmış Azərbaycan ərazilərində ölkə konstitusiyası və qanunları əsasında atdığımız addımlara hər hansı üçüncü tərəfin Azərbaycanın suveren əraziləri barədə hökm vermək cəhdi daxili məsələlərə qarışmaq kimi qiymətləndirilməlidir.
ATƏT-in Minsk Qrupu onsuz da ölü doğulmuşdu, amma indi rəsmən ölü elan edilib, çünki qrup çərçivəsində həmsədrlərin əməkdaşlığı rəsmən dayandırılıb. Bu reallığı Böyük Britaniyanın İrəvandakı səfirinin dəyişdirə bilməsi mümkün deyil".
Politoloq Xəyal Bəşirov isə bildirdi ki, Ermənistanda fəaliyyət göstərən ABŞ-ın, Britaniyanın səfirlikləri zaman-zaman təxribatçı bəyanatlarla gündəmə gəlirlər. Bu dəfə sərsəm və təxribatçı açıqlama ilə Böyük Britaniyanın İrəvandakı səfiri çıxış edib: “Ya bu şəxslər sanki Ermənistandan kənarda baş verən proseslərdən xəbərsizdirlər, beynəlxalq aləmdən təcrid olunublar, ya da real informasiyalara malik deyillər. Amma düşünəndə ki, bu adam Britaniya kimi ciddi ölkənin səfiridir, o halda bu fikir arxa plana keçir. Bunu, sadəcə, Ermənistanın müdafiə nazirinə söz xətirinə deyilmiş fikirlər hesab etmək olar. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrliyində olmayan bir dövlətin səfirinin bu kimi fikirlər səsləndirməsi qeyri-ciddi fon yaradır. Minsk Qrupu artıq demək olar ki, mövcud deyil. Rusiya xarici işlər naziri Sergey Lavrovun keçən həftə verdiyi açıqlamadan bu bir daha məlum oldu. Minsk Qrupu dəfn edilib. Bundan sonra hansısa səfirin Minsk Qrupu barədə danışması gülüş doğurur və ciddiyə alına bilməz.
Böyük Britaniyanın Ermənistandakı səfirinin fikirləri Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərə uyğun gəlmir. Böyük Britaniya ilə Azərbaycan arasında çox sıx əlaqələr var. Bir çox dövlətlərdən fərqli olaraq Böyük Britaniya həlledici anlarda, ən həssas məqamlarda Azərbaycanı müdafiə edib, Azərbaycana qarşı beynəlxalq sənədlər qəbul olunması cəhdlərinə mane olub. Səfirin Ermənistan müdafiə naziri ilə görüşməsi və verdiyi həmin açıqlama qətiyyən ölkələrimiz arasında münasibətlərlə uzlaşmır. Yəqin ki, rəsmi London Azərbaycanla münasibətlərinə adekvat davranışlar sərgiləməyən səfirin mövqeyinə təsir edəcək addımlar atacaq. Belə görünür ki, səfir ermənilərlə çox sıx şəxsi münasibətlər qurub və bu münasibətlərin təsiri altında addımlara yol verir, sülhə xidmət etməyən bəyanatlar səsləndirir".
“Yeni Müsavat”
Tarix: 13-04-2022, 11:29