Elmira Axundova haradadır?



Rusiya qoşunlarının Kiyev vilayətindən çəkilməsi ilə bir sıra ölkələr öz səfirliklərinin fəaliyyətini yenidən Ukrayna paytaxtında davam etdirirlər. Bombardman nəticəsində Ukraynanın qərb bölgələrinə köçürülən səfirliklər artıq Kiyevə dönməkdədirlər. Onların içərisində ilk sırada Türkiyənin Kiyevdəki səfiri var.
 
Bəs Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Kiyevə qayıdıbmı? Müharibənin ilk günlərində səfirliyin əksər əməkdaşları ilə bərabər Kiyevi tərk edən və buna görə də Azərbaycan ictimaiyyətinin sərt qınağına tuş gələn Elmira Axundova haradadır?
 
Özünün və informasiya qaynaqlarının verdikləri məlumatlarda iddia olunur ki, onun ciddi xəstəliyi var və bu səbəbdən də fövqəladə durumlarda, gərgin şəraitdə çalışa bilmir. Belə isə Ukraynada fövqəladə və səlahiyyətli səfir mandatını ondan niyə almırlar? Niyə başqa bir diplomatı onun yerinə təyin etmirlər? Yaxud da onun özünü Kiyevə qaytarmırlar?
 
Bu suallara cavab tapmaq üçün E. Axundovanın özü ilə əlaqə saxlamağa çalışdıq. E.Axundova qısa olaraq bildirdi ki, səhhəti normaldır və işinin başındadır. Səfir xanım Ukraynada yaşayan azərbaycanlılardan çoxsaylı müraciətlərin daxil olduğunu və səfirlik əməkdaşları ilə birlikdə problemləri həll etdiklərini söylədi. Ukrayna səfirinin, səfirliyinin, orada olan azərbaycanlıların taleyi ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət etdik. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Musavat.com-un sorğusuna cavab olaraq bildirdi ki, Ukraynadakı səfirliyimiz fəaliyyətini Lvov şəhərində davam etdirir.
 
L.Abdullayeva qeyd etdi ki, Ukraynadakı vəziyyətlə bağlı 18 mindən çox vətəndaşımız bu ölkəni quru yolla qonşu dövlətlərin ərazisinə keçməklə tərk edib: “Dövlət başçısının tapşırığı ilə vətəndaşlarımızın təxliyəsi həm birbaşa çarter reysləri, həm də avtomobillər vasitəsilə təşkil edilib. Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkələrdən Moldova Respublikasına 11.000 nəfər vətəndaşımız, Polşa Respublikasına 4049 nəfər vətəndaşımız, Rumıniyaya 2291 nəfər vətəndaşımız, Slovakiya Respublikasına isə 236 nəfər vətəndaşımız, Macarıstana 613 nəfər vətəndaşımız daxil olub. Vətəndaşlarımızın təxliyəsi prosesində bütün aidiyyəti diplomatik nümayəndəliklərimiz iştirak edib. Məlumat üçün bildirmək istərdik ki, Bolqarıstan ərazisinə quru yolla daxil olan Azərbaycan vətəndaşlarından 7177 nəfəri Türkiyə ərazisindən keçməklə ölkəmizə daxil olub və bu vətəndaşların təxliyəsinə Türkiyədəki diplomatik nümayəndəliklərimiz yardımçı olub”.
 
Amma Leyla Abdullayeva səfir Elmira Axundovanın Ukraynaya geri dönməsi və ya dönəcəyi ilə bağlı sualı cavablandırmayıb.
 
Müharibə ərəfəsində soydaşlarımızın təxliyə prosesində böyük fədakarlıqlar göstərmiş Odessa azərbaycanlıları “Birlik” diaspora təşkilatının sədr müavini Anar Natiqoğlu da Ukraynada səfirsiz qalmağımızın narahatlıq doğurduğunu qeyd edib: “Azərbaycan dünyada kifayət qədər tanınmış dövlətdir. Vətən müharibəsindən sonra dünya həm xalqımızın, həm də ölkə başçısının iradəsinə bir daha şahid oldu. Bütün dünya ölkə başçısını böyük bir diplomat kimi tanıdı. İndiki vəziyyəti də ölkə başçısı çox yaxşı bilir. 400 mindən çox azərbaycanlının yaşadığı bir ölkədə səfirimizin olması mütləqdir və vacibdir. Ümid edirəm ki, bu məsələ çox qısa zamanda öz həllini tapacaq. Ya əvvəlki səfir qayıdar, ya da yeni təyinat olar. Xarici İşlər Nazirliyində kifayət qədər layiqli kadrlar var”.
 
Anar Natiqoğlu Ukrayna səfirliyinin bu günə qədərki fəaliyyəti ilə bağlı da danışıb. Qeyd edib ki, bütün səfirliklər Kiyevdən çıxarıldıqdan sonra Azərbaycan səfirliyinin əməkdaşları da Lvov şəhərinə köçürülüb. Onun sözlərinə görə, bu günə qədər səfirliyin əməkdaşları onların və digər azərbaycanlıların müraciətlərinə müsbət cavab verib: “Səfirlikdən Sabir Rzayevlə tez-tez əlaqə saxlayırıq. O, müvəqqəti işlər vəkili və müşavirdir. Bizim və vətəndaşların müraciətlərinə cavab verirlər. Problemlərin aradan qaldırılmasına nail ola bilirik. Bir neçə gün əvvəl vəfat edən həmvətənlərimizdən birinin cənazəsinin ölkəyə göndərilməsi ilə bağlı da müraciət etmişdim. Tanıdığımız, əlaqədə olduğumuz həmvətənlərimiz də bildirirlər ki, Sabir Rzayev və səfirliyin digər əməkdaşları ilə telefon vasitəsilə əlaqə saxlaya, müraciətlər edə bilirlər”.
 
Məlumata görə, artıq Ukrayna səfirliyində çalışan əməkdaşlardan bir neçəsi Bakıdan yola düşüb. Yaxın günlərdə səfirliyin digər əməkdaşlarının da Ukraynaya yollanacağı bildirilir. Lakin son olaraq Ukraynaya yola düşənlər arasında səfir Elmira Axundova yoxdur.
Tarix: 13-04-2022, 11:39
Xəbəri paylaş





Xəbər lenti