Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına keçirdiyi hökumət müşavirəsində səsləndirdiyi bəzi fikirlərlə sanki Moskvanın son vaxtlar daha da artırdığı ermənipərəst mövqeyə də müəyyən cavablar verirdi. Ovqat.com-un fikrincə, Moskvaya bu cavabın hökumətin hesabat iclasından verilməsi yalnız bir məqsədə xidmət edə bilər: Moskvaya cavabın ən yüksək kürsüdən səsləndirilməsinə.
Bəs, İlham Əliyevin dünənki toplantıda səsləndirdiyi mesajlar kimə ünvanlanmışdı və hansı fikirləri ehtiva edirdi?
Çox şərhə yol vermədən Rusiya rəsmilərinin bundan əvvəl səsləndirdiyi fikirləri və Prezident İlham Əliyevin cavabı hesab etdiyimiz sözləri təqdim etməyə çalışacağıq.
Fikrimizcə, Prezidentin çıxışındakı əsas mesajlar Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova ünvanlanmışdı. Məlum olduğu kimi, Brüssel görüşü başa çatar-çatmaz Lavrov erməni həmkarı Ararat Mirzoyanı Moskvaya çağırıb onunla keçirdiyi görüşdən sonra düzənlənən mətbuat konfransında bizim bostanımıza bəzi daşlar atmışdı. Belə ki, Sergey Lavrov aprelin 8-də keçirilən həmin mətbuat konfransında demişdi: “
ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər”.
İlham Əliyevin Lavrovun anlamaqda çətinlik çəkdiyi müəmmalara cavabı: - “Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır”.
- “Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər”.
- “Müharibədən keçən dövr ərzində - son Rusiya-Ukrayna müharibəsinə qədər olan dövr ərzində biz bu məsələ ilə bağlı öz fikirlərimizi bildirmişdik. Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir”.
- “Bu yaxınlarda... ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında mən bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir”.
Bir sözlə, Prezident dünənki çıxışında Moskvanın diqqətinə çatdırıb ki, Minsk qrupu ölü qurumdur və onu xortlatmaq mənasız təşəbbüsdür.
İlham Əliyevin növbəti cavabı yenə Sergey Lavrova ünvanlanmışdı. Belə ki, Lavrov sözügedən mətbuat konfransında
Ermənistan ordusunu gücləndirəcəyi mesajını verməklə faktiki Azərbaycana hədə-qorxu gəlmişdi:
“
Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək göstərəcək”.
İlham Əliyev isə dünənki görüşündə bir növ Azərbaycanın da əsas müttəfiqləri olduğunu Lavrovun yadına salaraq deyib: “
Bildirməliyəm ki, müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalandı. Bəzi kontraktların icrası başlanmışdır, bəzi kontraktların icrası başa çatmışdır, bəzilərinin isə icrası davam edir”.
Prezident həmçinin Lavrovun
Ermənistanın silahlandırılması mesajına da laqeyd qalmayıb:
- “Hesab edirəm ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır?”
- “Ermənistan müharibədən sonra tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq”.
İlham Əliyevin toplantıda
Azərbaycan Ordusunda aparılan bir sıra islahatlar barədə məlumat verməsi də əslində
Lavrovun hədə-qorxularına cavab kimi qiymətləndirilə bilər. Prezident bu barədə səsləndirdiyi fikirlərlə
Azərbaycanın müdafiə və təhlükəsizlik strategiyasında yalnız öz gücünə və maddi potensialına araxalanacağının altını cızaraq, sanki nə Ermənistana, nə də ondan imperialist maraqları üçün istifadə edən böyük dövlətlərə bu imkanı verməyəcəyini vurğulayırdı. O, çıxışında incə eyhamla
ölkəmizin rus hərbi ənənələrindən uzaqlaşdığını,
NATO-nun ən qüdrətli ordusu kimi Türkiyə modelini örnək alacağını vurğulayaraq, sanki “
bundan sonra istədiyiniz qədər Ermənistanı sülahlandırın, bu, qısır quyuya su tökmək qədər əbəs iş olacaq” həqiqətini diqqətə çatdırırdı:
- “Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır və Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz isə sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq.
- “Bununla paralel olaraq, İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq.
3+3 formatı Çıxışında Ermənistanın bundan sonra mövcud ola bilməsinin Azərbaycan və Türkiyə ilə düzgün nizamlanan əlaqələrdən asılı olacağını vurğulayan Prezident sanki Rusiyaya artıq
mümkünsüzləşən ara qarışdırmaq təcrübələrindən vaz keçib regional əməkdaşlıq imkanlarından yararlanmağı məsləhət görürdü. Bu onun xüsusilə 3+3 formatı ilə bağlı fikirlərində əks olunurdu.
Sergey Lavrovun fikirləri: Məlum olduğu kimi, Sergey Lavrov aprelin 8-də erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında
Cənubi Qafqazda regional əməkdaşlıq, “3+2” platformasının uğurla fəaliyyətə başlamasından danışarkən vurğulamışdı ki, bu platforma dialoqun qurulması və çoxplanlı əməkdaşlıq üçün əlavə imkanlar yaradır: “
Bizim ümumi mövqeyimiz ondan ibarətdir ki, bu platforma Cənubi Qafqazın bütün ölkələri və onların qonşuları arasında dialoqun qurulması və inkişafı, çoxplanlı əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Biz Gürcüstanın bu perspektivli formata qoşulmasında maraqlı olduğumuzu təsdiq etdik”. İlham Əliyevin cavabı: - “Eyni zamanda, 3+3 əməkdaşlıq formatının işə düşməsi də bizi sevindirir. Birinci belə görüş keçirilmişdir. Birinci görüşün gündəliyi yox idi. Bu, sadəcə olaraq, bu formatı yaratmaq üçün bir görüş idi. İkinci görüş üçün gündəliklə bağlı bizim planlarımız var, hansı məsələlər orada müzakirə olunmalıdır. Hesab edirəm ki, yaxın gələcəkdə ikinci görüş də keçirilməlidir.
- Ermənistanın isə inkişafı onun özündən asılı olacaq, Ermənistanın qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər. Biz isə 30 il ərzində, - baxmayaraq ki, torpaqlarımız işğal altında idi, - tam siyasi və iqtisadi müstəqilliyə nail olmuşduq. Ona görə bu gün inamla və qürurla öz sözümüzü bütün kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək.
İlham Əliyev dünənki hökumət toplantısında yalnız Rusiya Xarici İşlər naziri Sergey Lavrovun hədyan fikirlərinə cavab verməklə qalmadı. Onun bəzi mesajları həm də rusiyalı həmkarı Vladimir Putinə ünvanlanmışdı.
Putinə cavab Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin 9 aprel tarixində yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında telefon söhbəti olub. Söhbət zamanı N. Paşinyan onu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə aprelin 6-da Brüsseldə keçirilmiş görüşün nəticələri barədə Rusiya liderini məlumatlandırıb.
Bundan başqa, tərəflər
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işlərə başlanması və sülh müqaviləsinin imzalanmasına dair razılaşmanın vacibliyini qeyd ediblər.
Vladimir Putin
qeyd olunan proseslərə hər cür dəstək verməyə hazır olduğunu bildirib.
Putinin iki dövlət arasında
sülh sazişi və sərhədlərin delimitasiyasında vasitəçilik etmək təklifinə Azərbaycan prezidenti İlham Əliyevin cavabı:
“Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki,
Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir...
Razılaşdırıldı ki,
həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın...
İki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər... Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq.
Tarix: 13-04-2022, 22:42