Paşinyan öz xalqını müharibə ilə hədələdi - “Azərbaycanın ərazi bütövlüyünü tanımasaq...”


Rusiya Qarabağ hayında deyil, ABŞ və Fransa isə...; politoloq: “Bakı bütün yumurtaları eyni səbətə qoymamaqla ağıllı siyasət aparır...”

Srağagün erməni radikal-revanşist deputatların bir qrupunun Qarabağa buraxılmaması kapitulyant ölkədə “artsax” isteriyasını gücləndirib. Aydındır ki, Qarabağdakı Rusiya hərbi kontingenti bunu heç də özbaşına eləməyib. Ermənistan XİN-in bəyanatından belə qənaət hasil olur ki, əngəli Moskva yaradıb və bununla da 10 noyabr anlaşmasını pozub.
Bəzi təhlilçilərə görə isə qadağa göstərişi elə Paşinyan hökumətindən gəlib, çünki sülh prosesi ilə bağlı Bakı ilə münasibətlərin həssas dönəmə girdiyi məqamda radikal müxalifətin Qarabağda separatçı-quldurbaşı Araik Arutyunyanla birləşib hansısa təxribat törətməsi ona lazım deyil.
Məntiqlə, uzun müddətə Ukrayna bataqlığına girmiş Moskvaya da Qarabağda rus hərbçilərinin müdaxilə eləməli olacağı yeni, irimiqyaslı toqquşma və yaxud müharibə gərək deyil. Həmçinin Brüssel formatı üzrə sülh prosesini irəli aparmağa çalışan rəsmi Bakı bunda maraqlı ola bilməz. Necə deyərlər, cari maraqların təsadüfən üst-üstə düşməsi məsələsi...
*****
Hərçənd bu da reallıqdır ki, Rusiya tərəfi 10 noyabr (2010) üçtərəfli sazişə və 22 fevral (2022) Moskva bəyannaməsinə etinasız yanaşmağa davam edir. Rusiya Müdafiə Nazirliyinin sülhməramlıların fəaliyyəti ilə bağlı srağagün yaydığı press-reliz buna növbəti sübutdur. 
“Son sutka ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri tərəfindən Furux qəsəbəsi ərazisində atəşkəs rejiminin 1 dəfə pozulması faktı qeydə alınıb. Nəticədə Dağlıq Qarabağın silahlı birləşmələrinin 1 hərbi qulluqçusu yaralanıb. Sülhməramlı kontingentin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birgə insidenti aradan qaldırıb”, - Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Fərrux Azərbaycandır! - Nəzarət artıq ordumuzdadır! | KONKRET
Diqqət edin, press-relizdə yenə “Fərrux” sözü yerinə “Furux” işlədilib, “Dağlıq Qarabağ silahlı birləşmələri”, hətta “erməni hərbi qulluqçusu” ifadələri yer alıb.
Sual olunur: nədən Rusiya “sülhməramlı” qüvvələrinin nəzarət zonasında hələ də silahlı erməni quldurları qalır və hələ üstəlik, onlara legitimlik donu geydirilir, əgər kapitulyasiya sənədinin 4-cü bəndinə əsasən onlar oradan çoxdan çıxarılmalı idisə? Azərbaycanın legitim ordusunun əsgəri ilə erməni bandit dəstələrinin silahlı quldurunu necə eyniləşdirib hər ikisinə “hərbi qulluqçu” demək olar? Separatçılar, görəsən, hansı qanuni orduda “qulluq edir”? Ümumiyyətlə, bir dövlətin ərazisində iki ordu mövcud ola bilərmi? Rusiya beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ona tabe olmayan hanısa silahlı birləşmələrin varlığına dözərmi?
***** 
Rusiya Qarabağda səlahiyyətlərini aşmağa başlayıb – NARAHATLIQ DOĞURAN  PROSESLƏR - FED.az
Beləcə, Rusiya Qarabağda öz oyununa davam edir. Düzdür, iki aydır bu oyun bir az səngiyib, lakin Rusiya MN-in son press-relizindən göründüyü kimi, gündəmdən də çıxmayıb. Eləcə də Ukraynada separatizmə, işğala qarşı az qala, ölüm-dirim savaşı aparan Fransa və ABŞ erməni separatizminə gələndə sonuncuya dəstək vermək kursuna sadiqlik göstərməkdədir.
Artıq tarixin zibilliyinə gömülmüş Minsk Qrupu (MQ) formatını təzədən dirçəltməyə yönəlik cəhdlər eyni məramdan qaynaqlanır. ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədrinin ardınca fransalı həmsədrin də tələsik İrəvana səfər eləməsi, həmçinin ABŞ-dan olan həmsədrin Ermənistana gələcəyi haqda dolaşan xəbərlər buna şəkk-şübhə saxlamır.
Minsk Qrupu: vasitəçilik missiyası, yoxsa üç dövlətin maraq təminatçısı?  (TƏHLİL)
Lakin bunlar hamısı ölünü diriltmək qədər əbəs səylərdir.  Azərbaycan Prezidenti İlham Əliyevin ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə söylədiyi kimi, MQ yuridik mövcud olsa da, de-fakto daha mövcud deyil və onun mandatı faktiki qüvvədən düşüb. Çünki Azərbaycan onun görməli olduğu işi özü görüb - hərbi-siyasi yolla öz ərazi bütövlüyünü təmin edib, “Dağlıq Qarabağ problemi” gündəmdən çıxıb.
2020-ci ilin 10 noyabrından sonra yeganə problem Azərbaycanla Ermənistan arasında məlum 5 bəndlik maddə, beynəlxalq hüquq normaları əsasında sülh müqaviləsinin imzalanmasıdır. Özlərini “həmsədr” adlandıran dövlətlər bu işə töhfə verərsə, lap yaxşı, verməzsə, heç olmasa “gor eşməklə” məşğul olmasınlar...
*****   
Bu xüsusda əcnəbi analitiklərin Bakının mövqeyi ilə üst-üstə düşən diqqətçəkən yanaşmalı var. 
Məsələn, rusiyalı politoloq Georgi Bovt hesab edir ki, Ermənistan-Azərbaycan qarşıdurmasının həllinin açarı Ankara, Paris və Brüsseldədir.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Caliber.az-a müsahibəsində deyib.
“Rusiyaya gəlincə, indi o Qarabağ hayında deyil və Ukraynaya başı qarışıb. Bu durum İrəvanı daha çevik olmağa vadar edir, nədən ki, Ermənistan anlayır ki, qarşıdurma olacağı təqdirdə Rusiya müdaxilə etməyəcək. Rusiya ciddi sanksiya zərbələri altındadır və onun üçün bütün cəbhələrdə diplomatiya ilə məşğul olmaq çətindir. Moskva müəyyən dərəcədə Ermənistan-Azərbaycan trekində qalacaq və Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla yaxşı əlaqələri sayəsində nizamlanma prosesinə kömək edəcək. Amma eyni zamanda başa düşmək lazımdır ki, onun əsas qüvvələri hazırda Ukrayna istiqamətinə cəlb olunub”, - deyə politoloq qeyd edib.
Ekspert MQ-nin artıq tarixdə qalması fikri ilə razıdır: “Bəli, Minsk Qrupunun rolu bitib, nədən ki, Rusiya həm təşkilatın özü ilə, həm də bu təşkilata üzv dövlətlərlə münasibətləri korlayıb. Bundan sonra əgər istəsələr, Moskvanın iştirakı olmadan vasitəçilik edə bilərlər. Ancaq məncə, Avropa, ümumilikdə Qərb nümayəndələri Rusiya ilə uzun müddət bir masa arxasında əyləşməyəcəklər. Azərbaycan, fikrimcə, kifayət qədər səmərəli çoxvektorlu siyasət aparır və təkcə Moskva ilə münasibətlərə arxalanmır. Rusiyanın kollektiv Qərbdən tam iqtisadi, maliyyə və siyasi təcrid olunmaq ərəfəsində olduğu indiki şəraitdə bu, kifayət qədər ağıllı kursdur. Təbii ki, Bakı bütün yumurtaları eyni səbətə qoymayacaq”.
*****
Yeni reallığın İrəvana nə vəd elədiyini Ermənistanda da anlamağa başlayıblar. Məsələn, erməni şərhçi Tevos Arşakyan Armenianreport.com-dakı məqaləsində yazır: “Aydındır ki, onlar (Azərbaycan - red.) təkcə Paruxla (Fərruxla - red.) kifayətlənməyəcək və bütün ”artsax"ı tutmağı planlaşdıracaqlar. Ruslar və Qərb də azərilərə bu işdə əngəl olmayacaqlar. Əliyevlə Paşinyan arasında Brüssel görüşünü, eləcə də Lavrovla Mirzoyanın sonrakı görüşünü xatırlayın. Və bütün bunların ardınca yenə “artsax”ın təslim edilməsində Moskva və Brüsselin səylərinin eyni hədəfə hesablanmadığına kiminsə şübhəsi qalır?"
Arşakyana görə, artıq hər şey aydındır: “Avropanın ”Rusiya iynəsi"ndən qurtulmaq üçün Azərbaycan neft-qazına indi böyük ehtiyacı var. Moskvaya isə sanksiyalar və təcrid şəraitində Azərbaycan və Türkiyənin dəstəyini almaq vacibdir. Və bu iki güc mərkəzi “artsax”ı öz məqsədləri naminə qurban verməyə hazırdır".
Nikol Paşinyan isə parlamentdəki dünənki çıxışı zamanı deyib: “Beynəlxalq ictimaiyyət Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə kimi Ermənistanın özünə yaratdığı təhlükədən açıq şəkildə danışır”.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar İrəvanın belə mövqeyinin təkcə Qarabağ üçün yox, Ermənistanın özü üçün böyük təhlükə kəsb elədiyini bildirirlər. “Bu gün beynəlxalq ictimaiyyət bizə deyir: Qarabağ məsələsində blankı bir az aşağı salın və siz Ermənistan ətrafında daha böyük beynəlxalq konsolidasiyaya malik olacaqsınız. Əks halda,  bizə ümid eləməyin. Ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, kömək edə bilmərik”, - deyə Paşinyan faktiki öz xalqını yeni müharibə ilə hədələyib...
Siyasət şöbəsi,
“Yeni Müsavat”
Tarix: 14-04-2022, 09:39
Xəbəri paylaş





Xəbər lenti