Rusiya öz tələsinə necə düşdü? - Bir yalan necə böyük müharibəyə səbəb oldu

Rusiya öz tələsinə necə düşdü? - Bir yalan necə böyük müharibəyə səbəb oldu
Timoti Snayder
Amerikalı tarixçi, Yel Universitetinin professoru, Şərqi Avropa tarixi üzrə mütəxəssis

Bugünkü müharibənin səbəblərini araşdırdıqda dünənki yalanları unutmaq olmaz.

 
Deyirlər, həqiqət müharibənin qurbanıdır. Bu doğrudur. Belə ki, Rusiya Kramatorskdakı dəmiryol vağzalına raket hücumu həyata keçirərərk 50 dinc sakini öldürəndə, Moskva əvvəlcə öyündü, daha sonra isə hücumu inkar etdi. Amma bəzən yalan müharibəyə səbəb olur.
 
Belə bir əhvalat Donbassda, Kramatorskla qonşuluqda yerləşən Slavyansk şəhəri ilə baş verdi. 8 il bundan əvvəl rus qüvvələri Slavyanskı əllərində saxlamağa çalışırdılar, lakin onların bu cəhdi uğursuz oldu. Əgər hazırkı müharibə gözlənildiyi kimi getsə, Slavyansk tezliklə yenidən Rusiyanın hədəfinə çevriləcək. Regional nəqliyyat qovşağı kimi Slavyansk müəyyən strateji əhəmiyyətə malikdir. Lakin bu şəhərin Rusiya üçün əsl mənası tam başqadır - şəhərin ətrafında böyük bir fantastikanın qurulmasıdır.
 
Rusiya qoşunları sonuncu dəfə 2014-cü ilin iyulunda Slavyanskdan geri çəkiləndə Rusiya mediası Ukrayna hərbçilərinin vəhşilikləri ilə bağlı ağlagəlməz yalanlar uydururdu. İndi bu xüsusi təbliğat bizə müharibənin ideologiyasını anlamağa kömək edə bilər.
 
2014-cü ilin iyulun 5-də ruslar Slavyanski tam tərk etmişdilər. 6 gün sonra, iyulun 11-də Rusiya ordusu Donbasdakı Ukrayna qüvvələrini Rusiya Federasiyası ərazisindən atəşə tutmağa başladı. Ertəsi gün Rusiya mediası öz yalanları ilə insanları bu iki hadisədən yayındırnağa çalışdı. Rusiyanın 1 nömrəli telekanalı Slavyanskın Lenin meydanında ukraynalı əsgərlər tərəfindən çarmıxa çəkilmiş üç yaşlı rus uşağı haqqında tamamilə uydurma hekayə danışdı.
 
"Hekayəni” bir neçə gün ondan əvvəl sosial mediada yerləşdirən rus faşist intellektualı Aleksandr Duqin tərəfindən icad edildiyi təxmin edilir. Duqin "arxetiplər" adlandırdığı şeylərə, təqsiri günahsızlıqdan ayırmaq üçün istifadə edilə bilən fundamental mədəni konstruksiyalara inanır. Beləliklə, o, bilərəkdən müdafiəsiz azyaşlı uşağı - qurban, çarmıxa çəkilməni isə qətl üsulu olaraq seçdi.
 
Bu "hekayədə” göstərilən heç bir fakt doğru deyildi və müstəqil rus jurnalistləri tərəfindən təkzib edildi. Slavyanskda, ümumiyyətlə Lenin meydanı yoxdur. Buna baxmayaraq, çarmıxa çəkilmiş azyaşlı uşaq obrazı insanların beyninə həkk olundu. İllər keçsə də, məndən hələ də Avropada və ABŞ-da bu barədə soruşurdular.
 
Slavyansk haqqında parlaq fantastika ilə Rusiya televiziyası yerli tamaşaçılar üçün cinayətkarın və qurbanın yerlərini klassik üslubda dəyişdirdi. Rusiya ərazisindən dəhşətli ölümcül silsilə artilleriya atəşləri gizlədildi. Qısa müddətdən sonra Rusiyanın nizami ordusu Ukraynaya daxil olacaq və Donbassın bu günə qədər nəzarət etdiyi hissələrində Rusiya hökmranlığını bərqərar edəcək. Rus əsgərləri xüsusi olaraq motiv kimi Slavyansk yalanına istinad edirdilər. Onlar Ukraynaya "uşaqların xatirinə” gəldiklərini bildirirdilər.
 
Rusiya daxilində artilleriya zərbələri və ya işğal faktları barədə məlumatlar verilmirdi. Əvəzində isə mövcud olmayan çarmıxa çəkilmiş uşağın xəyali fiquru ukraynalıları satanist, nasist və s. kimi göstəridi. Rusiyanın həmişə günahsız olması aksioması və bununla bağlı pafos hələ də Putinin bu müharibə ilə bağlı çıxışlarında mövcuddur. 
 
Həqiqətən də daimi təqsirsizlik anlayışı son 8 il ərzində ardıcıl olaraq ukraynalılara qarşı istifadə edilən rəsmi rus nifrətinin əsaslarından birinə çevrilib. Ukraynalıları əxlaqsızlıq və pisliklə əlaqələndirən bu görüntülər bu gün Ukraynada döyüşən rus əsgərlərinin həyatının çox hissəsini təşkil edib. Ehtimallara görə, bu, əsgərlərin işğal etdikləri ərazilərdə bu qədər Ukrayna vətəndaşını öldürməsinin səbəblərindən biri də budur.
 
Bir neçə gün əvvəl Kramatorsku vuran və uşaqları öldürən rus raketlərinin üzərində "uşaqlar üçün” yazısı var idi. Təcavüzkarın və qurbanın yerlərinin dəyişdirilməsi məhz buna gətirib çıxarır. Əsl uşaqlar isə rus liderlərinin və ya rus əsgərlərinin nə etməsindən asılı olmayaraq, rus məsumluğu mifinə görə ölməlidirlər.
 
Slavyansk yalanı - ukraynalıların təcavüzkar, rusların müdafiəçi olduğu böyük bir Rusiya tarixinə çevrildi. Bu hekayəni sübut etmək üçün Rusiya indi yenidən Slavyanskı işğal etməyə cəhd etməli, bunun üçün məhvə yönələn müharibə aparmalıdır. Bu, yalnız Slavyanskda daha çox insanın, daha çox ukraynalının, daha çox rus əsgərinin ölümü deməkdir.
 
Ruslar Mariupolu ələ keçirsələr və ya rus qoşunları Donbassda hücuma keçsə, çox güman ki, biz daha çox uydurmalar eşidə bilərik. Bu dəfə avropalılar və amerikalılar 2014-cü ildəki kimi sadəlövh deyillər. Hazırda yalnız Rusiyada köhnə uydurmalar insanlara davamlı və dərin təsir göstərə bilir.
 
2014-cü ilin yalanları nəinki Rusiyanın müharibədə asan qələbə çalmasına kömək etmədi, hətta rusların özlərini uduzacaqları daha ağır müharibəyə sürüklədi. Keçmişdə söylənən böyük yalanlar zamanla daha da böyüdü. Bu yalanların ilk qurbanlar Ukrayna əsgərləri və mülki şəxslər oldu və indi də belədir, lakin sonda Rusiya özü qurduğu yalanların tələsinə düşdü.
 
Bugünkü müharibənin səbəblərini araşdırdıqda dünənki yalanları unutmaq olmaz. Dünənki dahiyanə ixtira bu günün inancıdır. Bu günün inancı sabahın Slavyanska hücumuna çevrilir.
 
Mənbə: Snyder.substack.com
Qaynarinfo

Tarix: 16-04-2022, 13:04
Xəbəri paylaş





Xəbər lenti