Erməni politoloq: ””Rusiyanın agenti”olmaqdansa, “Türkiyənin iti” olmaq daha yaxşıdır” “Ermənistanın hazırkı hökumətinin istefaya göndərilməsi və danışıqlar aparan şəxsin dəyişdirilməsi vəziyyətdən çıxış yolu üçün ilk addımdır”.
Bu, Erməni İnqilab Federasıyası Daşnaksyutun( EİFD) təşkilatının bəyanatıdır. Brüsseı görüşündən və Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsini imzalayacağı barədə dediklərindən sonra təxribatların başlanacağı, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasından tutmuş, ona qarşı sui-qəsd olacağının mümkünlüyü barədə proqnozlar verilmişdi. Yarandığı gündən terroru əsas fəaliyyət prinsipi elan edən daşnakların Paşinyanı aradan götürmək bəyanatının arxasında müxalif siyasi qüvvələrin, hətta başqa bir dövlətin dayandığı istisna olunmur.
Bu tip bəyanatlar bir neçə gündür ki, Paşinyan iqtidarına müxalif olan bütün siyasi qüvvələr, media mənsubları tərəfindən səslənir. Ermənistan xüsusi xidmət orqanının keçmiş rəhbəri David Şahnazaryan mövcud iqtidarın hakimiyyətdən uzaqlaşdırılmasını “ümumerməni vəzifə” olduğunu vurğulayaraq, ”hakimiyyət bütün siyasi metdodlarla devrilməlidir” fikrini səsləndirib. Bu məqsədə çatmaq üçün vaxtın Ermənistan ətrafında daraldığını vurğulayan Şahnazaryan tezliklə yeni bir hərəkatın yaranmasına inandığını da bildirib.
Ermənistanda məsələ artıq hakimiyyətin mövqeyinin sadəcə tənqid edilməsi, etiraz edilməsi mərhələsini keçib. Çağırışların bir hədəfi var: Paşinyan hakimiyyəti devrilməlidir. Çağırışı edən siyasilər bütün təhlillərini Rusiya ilə əlaqələndirir, sülh müqaviləsi bağlanıb Azərbaycanın ərazi bütövlüyü tanındığı halda Qarabağda bir erməninin də qalmayacağı, nəticədə Rusiyanın Qarabağdan, sonra da Ermənistandan çıxıb gedəcəyi ilə cəmiyyəti hədələyirlər. Üstəlik, Paşinyanın bu məsələdə Qərb tərəfindən idarə olunduğunu, Avropa İttifaqının aktiv şəkildə bu proseslərə müdaxilə etdiyini və guya Ukrayna müharibəsi getdiyi bir vaxtda Rusiya maraqlarının olduğu bir çox bölgələrdə, o cümlədən Qarabağda “ikinci cəbhə açmaq”la Rusiyanı pis vəziyyətdə qoymağı hədəfə aldıqlarını vurğulayırlar. Əlbəttə, Rusiyanın erməni siyasilərin qızışdırmasına ehtiyacı yoxdur, çünki maraqlarına nəyin və necə təsir erdiyini, erməninin də burada nədən faydalanmaq istədiyini yaxşı bilir. Əksinə, Rusiyanın bu hay-küyü idarə etməsinə, istiqamət verməsinə şübhə yoxdur. Rusiya, ermənilərin öz dili ilə “yeni təhlükə, yeni müharibə, yeni itkilər, yeni qurbanlar və yeni kapitulyasiya” fikirlərini yayır, onları qorxudur, təhdid edir. Rusiyanın pas ötürməsi bununla bitmir, bəzi erməni siyasi ekspertlərin adından( məsələn vaxtilə Peterburqda konsul vəzifəsində çalışan Akopyanın) indiki situasiyanın ağır olduğunu və “Artsaxı tamamilə itirməmək”üçün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində bərpasına nail olmağı çıxış yolu kimi gördüklərini söyləyirlər. Xatırlayırsınızsa, hələ 44 günlük müharibə bitəndən sonra status məsələsinə toxunan “Solovyovun ekspertləri” Rusiya telekanallarından DQMV -nin bərpasını “ən yaxşı sülh variantı” kimi səsləndirirdilər. Ermənilər muxtar vilayətin siyasi inzibati ərazi kimi bərpasına vaxt udmaq kimi baxdıqlarını və gələcəkdə bu məsələyə yenidən qayıtmaq üçün bu variantın bir şans olacağını gizlətmirlər.
Daşnaklar yalnız Rusiyaya deyil, beynəlxalq qurumlara da müraciət ünvanlayıb, Qarabağın Azərbaycana verilməsi üçün Paşinyanın şifahi və yazılı öhdəliyini, imzasını legitim hesab etmədiklərini bildiriblər.
Paşinyanın sülh müqaviləsi barədə dediklərinə yalnız Ermənistan siyasiləri deyil, Xankəndidəki separatçı rejim də əleyhinədir və beynəlxalq cəmiyyətin “Qarabağın statusunun plankasını aşağı salmağı” tələb etməsini qəbuledilməz sayırlar. Qondarma parlamentin adından Rusiya Federasiyasının rəhbərliyinə “Artsax xalqının gələcək təhlükəsizliyi üçün heç kimə əsas verməmək” xahişi ilə müraciət ediblər. “Heç kim” dedikdə ilk növbədə Paşinyanı nəzərdə tutduqları aydın məsələdir. Onlar həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərliyini Ukrayna ilə bağlı mövcud fikir ayrılıqlarından asılı olmayaraq, tədbirlər görməyə çağırıblar.
Separatçılar “həm siyasi, həm də hərbi mübarizəyə” hazır olduqlarını və bu mübarizəni eyni zamanda Ermənistan üçün, bütün ermənilər üçün aparacaqlarını bildirsələr də, bu şüarın real olmadığını özləri də yaxşı bilirlər. O zaman real görsənməyən belə bir şüarın ortaya atılması perspektiv təxribatlara zəmin hazırlamaq üçün Moskvaya lazım ola bilərmi? Moskva 6 aprel Brüssel görüşündən sonra qəzəbləndiyini gizlətmədi, 8 apreldə Ararat Mirzoyana “dərs” verdi, indi də Paşinyanı 19-da Kremlə çağırıb. Bu görüşün ütülü keçməyəcəyi indidən görünür. Ukraynadakı vəziyyətdən qəzəblənmiş çarın Nikol Paşinyana hansı “yolu” göstərəcəyi uzun müddət gizli qalmayacaq. Vaxtilə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da 1997-ci ilin sentyabrında Azərbaycanla sülh müqaviləsinin bağlanmasının zəruriliyini elan edəndə, onu Novo-Oqaryovada Yeltsinin rezidensiyasına çağırdılar və tezliklə istefa verməyə məcbur etdilər. İki aydan sonra Ermənistanın birinci prezidenti istefa verdi, iki aydan sonra da Koçaryan prezident oldu. Nikol Paşinyanı da belə bir tale gözləyə bilərmi? Heç nə alınmasa, 1999-cu il 27 oktyabr parlament qətliamı kimi sui-qəsd hadisəsinin baş verəcəyi də istisna olunmur. Nəzərə alaq ki, terrorçu təşkilat Daşnaksyutun yeganə çıxış yolunun hakimiyyəti istefaya göndərmək olduğu barədə bəyanat yayıb. Metodlardan biri də arzuolunmaz fiqurları terrorla aradan götürməkdir. Normal məntiq və mövcud situasiya belə olmayacağını deyir. Paşinyan Moskva səfərinə əliboş deyil, Qərbin “məsləhətli donu”ilə gedəcək və geri dönəndə donun nə qədər “gen” olduğu da bilinəcək. Sülh müqaviləsindən imtina olmayacaq, sadəcə bu işin memarının Moskva olduğu qabardılacaq və çox güman ki, zaman məsafəsi yenə də qeyri-müəyyən olaraq qalacaq.
Qarabağ siyasəti yeni detallarla yeni mərhələyə daxil olur. Bütün variantları nəzərə alaraq Azərbaycanın bu mərhələdən də uğurlu çıxması şübhə doğurmur.
P.S. Ermənistanda politologiya elmləri doktoru Levon Şirinyan deyib ki ”Rusiyanın agenti”olmaqdansa, “Türkiyənin iti” olmaq daha yaxşıdır. Erməni də hərdən düz danışır.
İlham İsmayıl
Tarix: 16-04-2022, 13:37