Və ya böyük siyasi nəticələr doğuran hərbi konfliktə doğru… Aralıq dənizi ilə Qırmızı dənizi, onlar vasitəsilə də Atlantik və Hind okeanlarını birləşdirən Süveyş kanalı 10 il sürən tikintidən sonra 1869-cu il noyabrın 17-də açıldı. Bu nəqliyyat yolunun konsessiyası 99 il müddətinə “Süveyş kanalı kompaniyası”na məxsus idi. Kompaniyanın səhmlərinin 53 faizi Fransanın, 44 faizi də Misirin idi, amma Misir hidivi İsmayıl Paşa maliyyə çətinlikləri ucbatından 1875-ci ildə öz səhmlərinin hamısını İngiltərəyə satdı. Səhmlərin çoxu Fransaya məxsus olsa da, xüsusən Misirin 1882-ci ildə İngiltərə tərəfindan işğalından sonra Süveyş kanalında əsas söz sahibi ingilislər oldu. Misir isə kanalın keçdiyi ərazinin sahibi kimi gəlirlərin yalnız 15 faizi ilə kifayətlənməyi seçdi. Süveyş kanalı iqtisadi əhəmiyyətindən əlavə, həm də mühüm strateji obyekt idi. Yəni bu kanalın 30 milyon kvadrat kilometrdən çox ərazisi olan və dünyanın bütün guşələrinə yayılan Britaniya imperiyası üçün həyati əhəmiyyəti vardı. Ona görə də imperiya xarici siyasətində bu coğrafiyada dominant mövqeyini saxlamağa böyük önəm verirdi. London 1922-ci ildə Misiri müstəqil dövlət kimi tanısa da, qoşunlarını bu ölkədən bir müddət çıxarmadı. 1936-cı ildə imzalanan müqaviləyə əsasən, britaniyalılar Misirdən bütün qoşunlarını çıxarır, yalnız Süveyş kanalı ətrafında 10 minlik yerüstü qüvvə və 400 pilot saxlayırdı. Müqavilənin müddəti 20 il idi. Amma cəmi 15 il sonra Misir parlamenti sözügedən müqavilənin ləğvi barədə qanun qəbul etdi. Bu addımdan sonra baş verən hadisələr və “Qara şənbə” adını almış iğtişaşlar barədə bundan əvvəlki məqaləmdə bəhs olunur. Hərbi çevriliş nəticəsində 1952-ci ilin iyununda hakimiyyətə gələn zabitlər daha bir il sonra monarxiyaya son qoydular və Misir Ərəb Respublikasının yaradıldığını elan etdilər. Yeni hökumət ingilislərlə 1954-cü ilin oktyabrında Süveyş haqqında müqavilə imzaladı. Razılaşmaya görə, İngiltərə hərbçiləri 20 ay müddətində mərhələli şəkildə kanal yaxınlığındakı bazaları tərk edəcəkdilər. Bazalar hələ 7 il qalacaq, ingilis və misirli mülki şəxslər tərəfindən istifadə olunacaqdı. Bu müddət ərzində təhlükə yaranardısa, ingilis hərbçilər bazalara qayıda bilərdilər. Kanal açılışı zamanı imzalanan müqaviləyə əsasən, 1968-ci ilin noyabrın 16-na qədər “Süveyş kanalı kompaniyası”nın idarəsi altında olacaqdı. Bu dövrdə Britaniya imperiyası çöküş dövrünü yaşayırdı. Əvvəllər Süveyş kanalı vasitəsilə əlaqə saxladığı əsas müstəmləkəsi – Hindistan 1947-ci ildən artıq müstəqil idi. Amma indi kanalın əhəmiyyətini azalmağa qoymayan başqa bir amil vardı: Yaxın Şərq nefti və ona artan tələbat. O zaman Qərbi Avropanın neft tələbatının beşdə üç hissəsi Süveyş kanalı vasitəsilə ödənilirdi. 1950-ci illlərin ortalarında regionda mürəkkəb proseslər gedirdi. ABŞ burada öz çətiri altında antisovet hərbi blok yaradırdı. Mərkəzi Müqavilə Təşkilatı (CENTO) və ya Bağdad Paktı kimi tanınan bu təşkilata Böyük Britaniya ilə yanaşı, region dövlətlərindən İraq, İran, Pakistan və Türkiyə daxil idi. Nasir isə artıq özünü ərəb dünyasının və mümkün olarsa, İslam dünyasının lideri kimi görür, regiondakı hər hansı blokun Misir ətrafında fomalaşmalı olduğunu düşünürdü. Yeri gəlmişkən, hərbi blokun yaradılması hələ müzakirə olunarkən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) həmin bloka üzv olmaq üçün Nasirə 3 milyon dollar rüşvət verdiyi iddia olunur. Bu iddialar görə, Nasir pulu aldı, blok yarananda isə daxil olmaqdan imtina etdi. Digər tərəfdən, Misir Fransa əsarətinə qarşı Əlcəzairdə aparılan milli-azadlıq mübarizəsinə dəstək verirdi. Doğrudur, bu dəstək əsasən şifahi idi və Qahirədən yayımlanan “Saut əl-ərəb” radiosu vasitəsilə ifadə olunurdu. Bununla belə, Nasirin əlcəzairli üsyançılara silah əldə etməkdə yardım göstərdiyi ehtimal edilirdi. Bu da Fransanın narazılığına səbəb oldu. Bundan əlavə, Qərb ölkələri 1947-1949-cu illərin Birinci ərəb-yəhudi müharibəsindən sonra regionda yenidən hərbi əməliyyatların başlamasını istəmir və buna uyğun siyasət yürüdürdülər. ABŞ, Böyük Britaniya və Fransanın 1950-ci il mayın 25-də qəbul etdikləri Üçtərəfli bəyannamə regiondakı status-kvonun qorunmasından bəhs edirdi. Üç ölkə 1952-ci ildə Yaxın Şərq silahlanma üzrə koordinasiya komitəsini (NEACC) yaratdılar. Bu qurum İsrail və ərəb ölkələrinə “qanuni özünümüdafiə haqqı”nı nəzərə almaqla silah satılmasına nəzarət edirdi. ABŞ, ümumiyyətlə, region ölkələrinə silah satmırdı. London və Paris isə həmin ölkələrdən gələn sorğuları məhdud və tarazlı şəkildə təmin edirdi. Bir ərəb ölkəsinə silah satanda eyni sayda və eyni keyfiyyətdə silah İsrailə də satılırdı. Camal Əbdül Nasir də əvvəlcə Qərbdən silah almaq istədi. Ancaq onun İsrail əleyhinə davakar ritorikası, Birinci ərəb-yəhudi savaşından sonra Misirin nəzarətinə keçən Qəzzə sektorundan tez-tez İsrail ərazisinə hücumların təşkil olunması NEACC üzvlərini narahat edirdi. Buna görə də Nasirə rədd cavabı verildi. Belə olduqda, Nasir silah əldə etmək üçün sosialist blokuna müraciət etdi. ABŞ, xüsusən də, dövlət katibi Con Foster Dalles Moskvanın Misirə silah satacağına inanmırdı. Çünki Misir hərbi isteblişmentinin İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasına rəğbətlə yanaşması sirr deyildi. Bir çox nasist hərbi cinayətkarlar, gestapoçular Misirdə sığınacaq tapmışdılar. Üstəlik, Misir həbsxanaları yerli kommunistlərlə dolu idilər. Amma gözlənilən kimi olmadı. Moskvanın xeyir-duası ilə Çexoslovakiya Misirə silah satmağa razılıq verdi. Bu silahlar arasında xeyli sayda qırıcı və bombardmançı təyyarələr, tanklar və zirehli transportyorlar, özüyeriyən artilleriya qurğuları, toplar, hətta döyüş gəmiləri və sualtı qayıqlar vardı. Nəticədə Misirlə İsrail arasında qüvvə tarazlığı kəskin şəkildə pozuldu. Bu dövrdə Fransa ilə İsrail arasında yaxınlaşma baş verdi. Əgər Britaniya ərəb ölkələrinin reaksiyasını nəzərə alaraq İsraillə münasibətlərində ehtiyatlı davranırdısa, Fransanın Əlcəzairdəki milli-azadlıq mübarizəsinə qarşı apardığı savaş üzündən onsuz da ərəblər arasında itirəcəyi bir şey qalmamışdı. Ona görə tarazlıq siyasətindən imtina edərək İsraili silahlandırmağa başladı. Suriyada 1955-ci ilin sentyabrında keçirilən prezident seçkilərində bir müddət Misirdə sığınacaq tapmış Nasirlə yaxşı münasibətləri olan Şükri Qüvvətli qalib gəldi. Oktyabrın 20-də Misirlə Suriya arasında, bir həftə sonra isə Misirlə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı müdafiə haqqında müqavilə imzalandı. Bu ittifaq əsasən CENTO-ya qarşı yönəlmişdi və buna görə həm Vaşinqton, həm də London tərəfindən narazılıqla qarşılandı. Nəhayət, Qərbin Nasirə qarşı münasibətinin dəyişməsinə səbəb olan daha bir addım vardı. O zaman dünya dövlətlərinin əksəriyyəti Çin təmsilçisi kimi Tayvan adasında yerləşən, Çan Kayşinin rəhbərlik etdiyi Çin Respublikasını tanıyırdı. BMT-də təmsilçilik də bu dövlətə məxsus idi. Sosialist bloku isə kommunist Mao Tzedunun rəhbərlik etdiyi Çin Xalq Respublikasını tanıyırdı. 1956-ci ilin mayında Misir ÇXR-i tanıyan ilk ərəb dövləti oldu. Bu dövrdə Misirdə Camal Əbdül Nasirin reytinqinin zəifləməsi müşahidə olunur. Hərbi çevrilişdən 4 il keçməsinə baxmayaraq, əhalinin həyat səviyyəsində ciddi irəliləyiş müşahidə olunmurdu. Bu əhval-ruhiyyədən xəbərdar olan Nasirin populyar bir addıma ehtiyacı vardı. Tezliklə belə bir addım üçün imkan yarandı. Misir Nil çayı üzərində tikmək istədiyi Əsvan bəndinin maliyyələşdirilməsindən ötrü Qərbə müraciət etmişdi. ABŞ-la Böyük Britaniya əvvəlcə bu müraciətə isti yanaşdılar, yəni Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı xətti ilə ABŞ 56 milyon, Britaniya isə 14 milyon dollar ayırmağı öhdəsinə götürdü. Amma Nasirin yürütdüyü xarici siyasətin Qərbin istəkləri ilə üst-üstə düşməməsi nəticəsində kreditin ayrılmasında tərəddüdlər yarandı. Bu zaman Misirə səyahət edən SSRİ xarici işlər naziri Dmitri Şepilovun Nasirlə görüşdə bəndin tikilməsi üçün lazım olan maliyyəni SSRİ-nin ayıra biləcəyini söylədiyi iddia olunur. Nəhayət, 1956-cı il iyulun 19-da ABŞ və Böyük Britaniya Əsvan bəndinin tikintisi üçün pul ayırmaqdan imtina etdiklərini açıqladılar. Nasir cavab addımı üzərində çox fikirləşmədi. Zatən, yaddaşında bir neçə il əvvəl İran neftini milliləşdirən Müsəddiq nümunəsi vardı. Misir prezidenti də iyulun 26-da isə Süveyş kanalının milliləşdirildiyini, oradan gələn gəlirin isə bəndin tikintisinə sərf olunacağını elan etdi. İnsafən, milliləşdirilmə bolşeviksayağı həyata keçirilmirdi. Kanalın səhmdarlarına Paris fond birjasındakı son qiymət əsasında kompensasiya ödəniləcəkdi. Buna baxmayaraq, bu addım həm Londonda, həm də Parisdə ciddi etirazla qarşılandı. Nasir elə həmin gün daha bir addım atdı: İsrail gəmilərinə Süveyş kanalından istifadə etmək qadağan olundu. Üstəlik, Qahirə Tiran boğazını İsrail gəmilərinə qapatdı. Beləliklə, İsrailin Əkəbə körfəzindəki mühüm Eylat limanı da blokadaya alındı və Hind okeanına çıxışı bağlandı. Bu hadisələr Misirə qarşı Britaniya, Fransa və İsraildən ibarət koalisiyanın formalaşmasına səbəb oldu və qısa sürən, amma böyük siyasi nəticələr doğuran hərbi konfliktə apardı… Yazar: Yadigar Sadıqlı