ƏSİR DÜŞMÜŞ “SƏRKƏRDƏ”... – “Rusiyanın sərhədləri yoxdur” deyən Putin nəyin girovuna çevrilib?


Ermənilərin nədən əsrlər boyu Rusiya tərəfindən dəstəkləndiyi, himayə edildiyinə dair sualın cavabı təkcə din amili, ermənilərin milli düşüncəsindəki məlum xüsusiyyətlər, Türkiyə, yaxud türk düşmənçiliyi və digər hansısa siyasi səbəblər deyil. Burada hər iki tərəfi və xüsusilə də bu toplumların əhəmiyyətli hissəsini birləşdirən xeyli mental və mənəvi məsələləri var. Məsələn, qıp-qırmızı yalan, böhtan, şər, şərə xidmət edən hiyləgərlik və sair.
Necə ki, əsrlər boyu, xüsusilə də son 30 ildə Azərbaycanın tarixi əraziləri və beynəlxalq hüquq baxımından haqq-halalı olan torpaqları erməni əraziləri kimi qələmə verilib, guya azərbaycanlıların Qarabağda etnik təmizləmələr apardığına dair qırmızı yalanlar danışılıb, eyni mənzərəni də bu gün Rusiya telekanallarında və mediasında, eləcə də ən yüksək hakimiyyət dairələrində Ukraynaya qarşı aparılan təbliğat savaşında görə bilərik. Azərbaycana qarşı aparılan təbliğat nə qədər həyasız və primitivdirsə, Ukraynaya qarşı aparılan informasiya savaşı da bir o qədər həyasız və primitivdir. Hər şey birə-bir təkrarlanır. Guya Donbasdakı rusların sıxışdırılması, qətliama məruz qalması, rusdilli əhalinin bütün haqlarının tapdanması və sair. Bununla yanaşı, məğlubiyyəti az qala parlaq qələbə kimi qələmə vermək cəhdi və “bacarığı”.

İki-üç günə bitməsi planlaşdırılan və Putindən tutmuş ordu generallarına və Kreml təbliğatçılarına qədər yekə-yekə, ədayla elan edilən “kim qarışsa, məhv edəcəyik” kimi yekəbaş bəyanatlara rəğmən, artıq iki aydır davam edən və Moskvanın gözləntilərinin tam əksinin yaşandığı müharibə barədə hələ də “hər şey plan üzrə gedir” kimi qırmızı yalan söylənilir. Bunu Putin də deyir, Lavrov da, Şoyqu da, Zaxarova da, digərləri də. Son olaraq isə iki gün əvvəlPeskov eyni sözü təkrarladı...
Lakin “hər şey plan üzrə gedir” deyən Putin, məsələn, aprelin 12-də, kosmonavtika günü ilə bağlı tədbirdəki çıxışında hazırda Ukraynada yaşananları faciə adlandırdı. Təbii ki, bu faciənin baiskarının kim olduğunu demədi. Ancaq hər halda, belə çıxır ki, “hər şey plan üzrə gedir”sə, özü də Kremlin planı üzrə gedirsə, o zaman Putinin dediyi kimi, Ukraynada faciə törədilməsi də bu planın tərkib hissəsi olub! Deməli, “hər şey plan üzrə gedir”sə, on minlərlə rus əsgərinin “ət maşını”na verilməsi, rus ordusunun bütün dünyanın gözü önündə biabır, rəzil edilməsi, əvəzində NATO-nun dünyadakı nüfuzunun artması və şərqə doğru daha da genişlənməsi, Rusiya iqtisadiyyatının tənəzzülə, defolta doğru sürüklənməsi, rusların boğazından kəsib topladıqları yüzlərlə milyard dolların üzərinə əl qoyulması, rusların bütün dünyada millət olaraq gözdən salınması, vəhşi qaniçən, talançı obrazının yaradılması, onlara qarşı sonsuz nifrət formalaşması, rus və Ukrayna xalqları arasında hələ uzun müddət davam edəcək dərin nifaq salınması, onların az qala əbədi düşmən edilməsi, milyonlarla ukraynalının qaçqın salınması, körpə uşaqların, qocaların qətl edilməsi, qadınların, qızların, hətta uşaqların zorlanması da əvvəlcədən planlaşdırılıb! Bəlkə, Rusiya donanmasının flaqmanı olan “Moskva”-nın batırılması da həmin plana daxil idi? Bu idimi plan? Bütün bunlar göstərir ki, Rusiya, daha doğrusu Kreml iqtisadiyyatda, siyasətdə, diplomatiyada, hərbidə və s. olduğu kimi, təbliğatda da çox pinti, kobud və primitiv davranır, yalanın ağından qırmızısına qədər bütün çalarlarından istifadə etməklə!
Bu gün Ukraynada təkcə imperiya iştahı öz başını yaran Kreml və onun zombiləşdirdiyi kütlə ilə Qərbə can atan Ukrayna dövlətinin, toplumunun və ona arxa duranların yox, həm də keçmişlə gələcəyin savaşı gedir – həm texnologiya, həm iqtisadiyyat, həm dünyagörüşü və zehniyyət, həm də silah sarıdan! Hələ mənəviyyatı demirik. Bu savaşda keçmişin heç bir şansı yoxdur və ola da bilməz. Rusiya tərəfi, onu idarə edən təfəkkür isə yuxarıda sadalanan bütün cəhətlər sarıdan keçmişdir, ona görə də məğlubdur!
Bütün hədə-qorxulara, saxta “hərbi uğur” raportlarına baxmayaraq, Kreml və rus ordusu bu gün Ukraynadan sürünərək, dal-dala və azca da olsa “üzü sulu” çıxmağın yollarını axtarır. Artıq Kremlin təbliğatçıları öz əhalisinə “Ukrayna yox, NATO ilə savaşırıq və NATO-ya uduzuruq” tezisini “yedirtməyə” başlayıb. Lakin rus cəmiyyətinin böyük bir hissəsi bu tezisləri qəbul etmək istəmir. İndi divanda rahat oturub pivə içə-içə qarnını qaşıyan rus “obıvatel”i televizoru açıb, “qəhrəman rus ordusunun axmaq və nasist xaxolları” necə darmadağın etdiyi, NATO-ya meydan oxuduğu, “şanlı qələbələr” qazanmaqda davam etdiyi, hətta Kiyevi tutduğu barədə yeni-yeni xəbərlər, süjetlər gözləyir. Baxmayaraq ki, özü qətiyyən bu savaşda iştirak etmir və etmək də istəmir.
Bu gün Rusiyada hərbi komissarlıqların qarşısında 2020-ci ildə Azərbaycanda gördüyümüz növbələri, sıxlığı, o əhval-ruhiyyəni görməzsiniz. İndi “çağırışçılar cəbhəyə göndərilmir” deyən, lakin məlum səbəbdən canlı qüvvə qıtlığı yaşayan ordu rəhbərliyi “çox ağıllı” tərpənərək, həmin çağırışçılarla dərhal peşəkar, daha dəqiq desək, pullu hərbi xidmət barədə müqavilə bağlayır və 2-3 ayın çağırışçısı çevrilib olur “kontraktnik”. Göndərilir döyüşə, sonra da cəbhədən meyiti gələndə, müqaviləni soxurlar mərhumun valideyninin və mətbuatın gözünə, deyirlər ki, bu əsgər çağırışçı yox, “kontraktnik”dir...

Əvəzində Rusiyadakı divan və klaviatura “qəhrəmanları” - sosial şəbəkələrdə cəsur döyüşçü, real həyatda isə miskin və qorxaq olan böyük bir toplum Putindən, yəni öz “dahi sərkərdə”sindən qan, ölüm, “xaxolların məhvi”, Ukraynanın yer üzündən silinməsi, NATO-nun əzilməsi, bir sözlə, “qələbə” tələb edir. Budur solovyovların, simonyanların və onları bəsləyən Kremlin imperiya təfəkkürünün “əsəri”. Putinsə hazırda özü memarlarından biri olduğu yalanın, saxtakarlığın, ura patriotizmin, açıq şovinizmin və bütün bunlar iliyinə qədər işləmiş kütlənin əsirinə, girovuna çevrilib.
İllərlə “Rusiyanın sərhədləri yoxdur” deyə-deyə, beyni rus ordusunun məğlubedilməzliyi, bütün dünyanın Rusiyadan qorxduğu, “alçaq Qərb”in Rusiyanı məhv etmək istədiyi, ukraynalıların sən demə qatı millətçi və nasist olduqları, Putininsə daxili və xarici siyasəti ilə dünyada tayı-bərabərinin olmadığı, onun istənilən dünya liderinin “ağzını cıracağı” barədə beyni zir-zibillə doldurulan kütlə Putinin yaxasından yapışmaq üzrədir. Müxalif düşüncəli rusların da dediyi kimi, “bıdlo”-ya çevrilən həmin kütlə qələbə istəyir, qanlı qələbə, yeri gəlsə, hətta atom silahının istifadə edildiyi “qələbə”!
Cəlal (Elxan) Məmmədov
“AzPolitika.info”
Tarix: 19-04-2022, 10:56
Xəbəri paylaş





Xəbər lenti