"Rusiya SSRİ-nin varisidir və bunu etməsində qeyri-qanuni heç nə yoxdur" - Nəzakət Məmmədova


Rusiya Federasiyasının Kommunist Partiyası Rusiyanın öz ərazisində varislik prinsipini təmin etmək üçün üçrəngli bayrağı SSRİ bayrağı ilə əvəz etməyi təklif edib. Bu barədə qanun layihəsi Dövlət Dumasının elektron məlumat bazasında dərc edilib. Qanun layihəsinə edilən izahatda qeyd edilib ki, bu dəyişikliklər tarixi boşluq və qanunvericiliyin birmənalı şərh edilməməsi cəhdlərini aradan qaldıracaq, vətəndaşların vətənpərvərlik tərbiyəsinə töhfə verəcək. Məsələyə münasibət bildirən politoloq Nəzakət Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya bayrağının SSRİ bayrağı ilə əvəz edilməsində qeyri-qanuni heç nə yoxdur: “Rusiya SSRİ-nin varisidir və bunu etməsində qeyri-qanuni heç nə yoxdur. Bildiyimiz kimi, bir neçə il bundan əvvəl Rusiyanın dövlət himni SSRİ himni ilə əvəz edilmişdi. Ukraynaya daxil olan Rusiya tanklarının üzərində də SSRİ bayraqları var idi. Ukraynada əsgərləri sovet bayrağı ilə qarşılayan yaşlı qadın artıq müharibədə simvola çevrilib. Rusiyanın müxtəlif şəhərlərində onun şəkilləri müxtəlif yerlərdə çəkilib, hətta Voronej şəhərində heykəlinin qoyulacağına dair məlumatlar var. Rusiya müstəqil dövlətdir və dövlət rəmzlərinin dəyişdirilməsi onun daxili işidir. İstədiyi simvolları dəyişdirmək, yenisi və ya köhnəsi ilə əvəz etmək onun öz hüququdur. Bu qanun Kommunist partiyası tərəfindən təklif edilib. Yəqin ki, yaxın günlərdə nəticəsini biləcəyik”.
 
“Bildiyimiz kimi, Rusiyada bu yaxınlarda SSRİ-nin İkinci dünya müharibəsi zamanı faşizmlə eyniləşdirilməsinə qarşı Dövlət Duması qərar qəbul etdi. Eyni zamanda, Moldova parlamentində SSRİ-nin müharibədə qələbə rəmzi olan Georgiyevsk lentinin, habelə Ukraynada rus hərbi texnikasının üstündəki Z və V simvollarının da qadağan edilməsi ilə bağlı müzakirələr aparılıb. Bütün bunlar göstərir ki, SSRİ artıq Rusiya ilə eyniləşdirilir, bəzi ölkələr hətta öz sovet keçmişindən imtina etməyə hazırdır, bəzi ölkələrdə isə əksinə, SSRİ-2-yə qayıdış arzuları dirçəlir. Putinin məşhur bir sözü var: "SSRİ-nin dağılmasına sevinənlərin ürəyi yoxdur, bərpasına inananların isə ağlı". Lakin Putin həmçinin SSRİ-nin süqutunu 20-ci əsrin geosiyasi fəlakəti adlandırıb. Ona sual verəndə ki, keçmişdə baş verən nəyi dəyişmək istərdiz, cavab vermişdi ki, SSRİ-nin dağılmasının qarşısını alardı. Bütün bunların nə ilə nəticələnəcəyini isə gələcək göstərəcək,”- deyə politoloq qeyd edib.
Tarix: 20-04-2022, 14:26
Xəbəri paylaş





Xəbər lenti