Putin Şoyqunun “qələbə raportu”ndan niyə məmnun qaldı: Rusiya üçün hazırlanan yeni status məlum oldu


Ukrayna savaşından mütləq qələbə əvəzinə, məğlubiyyətlə çıxarsa, Kremllə dünyada heç kim hesablaşmayacaq, Rusiyanın imperiya ambissiyaları isə öz əhəmiyyətini tamamilə itirmiş olacaq; ABŞ və Qərb Kremldən xəbərsiz Rusiyanın gələcək taleyini təyin edib, yeni dünya düzənində bu nəhəng ölkəyə hər hansı aparıcı rol ayrılmayıb və bu baxımdan, dövlət kimi mövcudluğun qorunması maksimal nəticəyə çevrilə bilər...

Rusiya hərbi qələbəyə möhtacdır. Çünki, hərbi qələbə Kremlə dünyada siyasi üstünlüklər verə bilər. Hətta üstünlüklər verməsə belə, Ukrayna savaşına qədər Rusiyanın sahib olduğu siyasi mövqelərin qorunmasına və ya bərpa edilməsinə şans yaradar. Və ona görə də, hazırda Kreml məğlub durumda olduğu Ukrayna savaşında qələbə imitasiyaları etməyə çalışır.

Məsələ ondadır ki, uzun müddət harada olduğu bilinməyən, haqqında bir çox şayiələr yayınlan Rusiyanın müdafiə naziri Sergey Şoyqu nəhayət, cəmiyyət qarşısında peyda oldu. Rusiya prezidenti Vladimir Putin ilə görüşən müdafiə naziri Sergey Şoyqu Ukrayna savaşı ilə bağlı “hərbi qələbə müjdəsi” verdi. O, Kreml sahibinə Ukraynanın Mariupol şəhərinin tam nəzarətə götürülməsi barədə raport verib. Və prezident V.Putin bu raportdan bir xeyli məmnun qalıb.

Ancaq bu “qələbə raportu”nda müəmmalı məqamlar da var. Belə ki, müdafiə naziri Mariupolun Rusiya ordusu tərəfindən alındığını bildirsə də, prezident V.Putinin bu şəhərlə bağlı verdiyi yeni əmr rəngləri tündləşdirir. Kreml sahibi əvvəlcə Mariupolun alınmasının Rusiya ordusunun böyük uğuru olduğunu vurğulayıb. Ardıncasa, Mariupolun sənayə bölgəsinə hücumların davam etdirilməsinin məqsədəuyğun olmadığını bildirib: “Mən şəhərin sənaye bölgəsi ilə bağlı əməliyyatın ləğv olunmasını əmr edirəm”.

Təbii ki, prezident V.Putinin bu əmrinə istinad etməklə, müəyyən nəticələr çıxartmaq mümkündür. Birincisi, belə məlum olur ki, Rusiya ordusu Mariupola müdafiə nazirinin dediyindən fərqli olaraq, heç də tam nəzarət etmir. Çünki, şəhərin sənaye bölgəsini nəzarətə götürmək üçün əlavə hərbi əməliyyata ehtiyac var və prezident V.Putin onu ləğv etdi.

İkincisi, Rusiya ordusu xeyli müddətdir ki, mühasirədə saxladığı Mariupola nəzarəti təmin edəcək hərbi potensiala sahib deyil. Hər halda, Kreml sahibinin əmri ilə də təsdiqlənir ki, bu şəhərin bir hissəsi Ukrayna ordusunun nəzarətində qalır. Heç kəsə sirr deyil ki, Ukraynanın elitar qoşun hissəsi olan “Azov” polku və onunla birləşən dəniz piyadaları şəhərin “Azovstal” zavoduna aid bölgəsində döyüş mövqelərini hələ də qoruyub, saxlayırlar. Rusiya müdafiə naziri isə nə qədər qəribə də olsa, şəhərin alındığnı bildirir.

Bütün bunlardan belə məlum olur ki, Kremlə Rusiya ordusunun kiçik də olsa, hər hansı hərbi qələbəsi lazımdır. Hər halda, 1,5 aylıq müharibədə hansısa nəticənin təqdim olunaması vacibdir. Ona görə də, alınmamış şəhərlə bağlı “qələbə raportu” verilib. Halbuki, bunu Rusiya ordusunun “Azov” polku ilə savaşmaqdan yorulduğu kimi də yozmaq olar. Çünki, Rusiya ordusu bu “Azov” polkuna qalib gələ bilmir, əksinə savaşdıqca böyük itkilər verir. Ona görə də, prezident V.Putinin əmrilə rəsmən “Azov” polkunun mövqeləri istiqamətində hərbi əməliyyatlar dayandırılır.

Bütün bunlar onu göstərir ki, Rusiya ordusu genişmiqyaslı hərbi əməliyyatlara qadir deyil. Kremlə təcili qələbə lazımdır, Rusiya ordusu isə buna nail ola bilmir. Belə anlaşılır ki, Rusiya ordusu Ukrayna savaşında aciz duruma düşüb və Kreml ən yaxşı halda, alayarımçıq “qələbələr” ilə manipulyasiya etmək məcburiyyətində qalıb.

Onu da nəzərə almaq lazımdır ki, ABŞ və Qərb son vaxtlar Ukrayna ordusunu ağır hərbi texnika və hücum silahları ilə təchiz etməyə başlayıb. Bu isə o deməkdir ki, Ukrayna savaşının artıq başlanmış ikinci mərhələsi Rusiya ordusu üçün daha ağır nəticələr verə bilər. Və bu baxımdan, Rusiyanın Ukrayna savaşından planlaşdırılan qələbə ilə çıxacağına inanmaq hazırda çox çətindir.
Maraqlıdır ki, ABŞ və Qərb də Rusiyanın Ukrayna savaşında tam məğlubiyyəti üçün bütün resurslarını hərəkətə gətirib. Əsas hədəf Rusiyanı “savaş bataqlığı”nda mümkün qədər uzun müddət tutmaqdır. Savaş uzandıqca, həm hərbi, həm də maliyyə-iqtisadi cəhətdən zəifləyəcək Rusiyanın Ukraynanı məğlub dövlət statusunda tərk etməsinə çalışılır. Və bu məsələdə kollektiv Qərbin anlaşma içərisində olduğu da müşahidə edilir.

Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu da son açıqlaması ilə üstüörtülü şəkildə belə bir anlaşmanın mövcudluğunu təsdiqləyib. Onun sözlərinə görə, bəzi dövlətlər Ukrayna savaşının uzadılmasında birbaşa maraqlıdırlar. Həmin dövlətlər savaşın uzadılması ilə Rusiyanın tamamilə zəiflədilməsini hədəfləyiblər.

Almaniya kansleri Olaf Şolts açıq mətnlə bəyan edib ki, Rusiyanın Ukrayna savaşından qalib tərəf kimi ayrılmasına imkan verilməyəcək. O, bildirib ki, NATO ölkələri və bu alyansın digər tərəfdaşları arasında Rusiyanın Ukrayna savaşında məğlub edilməsi ilə bağlı əməkdaşlıq anlaşması var. Və bu səbəbdən də, Rusiyanın “savaş bataqlığı”ndan ümidverici nəticələrlə çıxması getdikcə daha da çətinləşir.

Göründüyü kimi, Rusiya elə bir vəziyyətə salınıb ki, “qələbəni uydurmaq” məcburiyyətində qalıb. ABŞ və Qərb Rusiyaya qalib gəlməyə və “savaş bataqlığı”ndan çıxmağa imkan vermir. Belə davam edərsə, Rusiya Ukrayna savaşında mövcudluğunu ciddi təhlükə qarşısına atmış olacaq. Çünki bu savaşdan mütləq qələbə əvəzinə məğlubiyyətlə çıxarsa, Kremllə dünyada heç kim hesablaşmayacaq, Rusiyanın imperiya ambisiyaları isə öz əhəmiyyətini tamamilə itirmiş olacaq.

Belə anlaşılır ki, kollektiv Qərb Kremldən xəbərsiz Rusiyanın gələcək taleyini müəyyənləşdirib. Ağ Evin planlarına uyğun formalaşdırılmaqda olan dünyanın yeni düzənində Rusiyaya hər hansı aparıcı rol ayrılmayıb. İndi Kreml üçün ən böyük hədəf kimi, heç olmasa, Rusiyanın dövlət kimi mövcudluğunu qoruyub, saxlaması maksimal nəticə ola bilər.
Elçin XALİDBƏYLİ,

“Yeni Müsavat”



Tarix: 21-04-2022, 18:32
Xəbəri paylaş





Xəbər lenti