Asiyanın gözü "Zəngəzur koridoru": kimlər nə qazanacaq...


Asiyanın gözü  "Zəngəzur koridoru": kimlər nə qazanacaq...Türk Şurası, İstanbul (Foto: Arxiv)

Rusiya-Ukrayna müharibəsinin ən mühüm təsirlərindən biri də Orta Asiya-Qafqaz xəttinin yeni motivasiya ilə aktivləşməsidir. Rusiyanın təcridindən və Ukraynaya işğal cəhdindən sonra mümkün yeni regional istehkam hədəfi bu ölkələri alternativ və balanslaşdırılmış layihə planlarına doğru aparır. Bəlkə də bu, Rusiya üçün müharibənin ən kövrək nöqtələrindən biri olacaq.

Həmin “kövrək nöqtə”lərdən sonuncusu Azərbaycanla Özbəkistan arasında imzalanmış hərtərəfli sazişdir. Təkcə son beş ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 7 dəfə artıb. İki ölkənin Energetika Nazirliyi avqustun 29-da imzaladığı bu müqavilə ilə 2023-cü ilin sonuna qədər strateji hədəflərini müəyyən edib. Həm yeni ehtiyatların çıxarılması, həm də neft, qaz və bərpa olunan enerji sahələrində birgə layihələrin işlənməsi, eləcə də infrastruktur sahəsində əməkdaşlığı ehtiva edən sazişə əsasən, Özbəkistanın elektrik enerjisi infrastrukturunun qeyri-kafi olması dəstəklənəcək.
Bu son bir neçə ayda Özbəkistan da Qarabağa maraq göstərməyə başlayıb. “Özbəkistan Asiyadan Avropaya ən qısa quru yolu təmin edə biləcək Zəngəzur dəhlizinin bərpasında maraqlıdır”, - deyə Özbəkistan Respublikasının xarici işlər naziri Vladimir Norov ötən ay keçirilən “Özbəkistan – Azərbaycan – Türkiyə” sammitində bildirib.
Əslində, region ölkələri məhdud ticarət imkanlarını genişləndirmək üçün hər fürsətdə yeni nəqliyyat dəhlizləri yaratmaq istəklərini ortaya qoyurlar. Bu kontekstdə Zəngəzur dəhlizindən başqa Bakı-Tbilisi-Qars dəmir yolunun tranzit potensialından istifadə Özbəkistan üçün də böyük əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsinin imzalanma mərasiminin keçiriləcəyini nəzərə alsaq, burada təxminən 700 milyard dollara yaxın nəqliyyat-ticarət qazancından pay almaqdan söhbət gedir. Qırğızıstan bu layihəyə payızda başlamaq fikrindədir. Ancaq 8 milyard dollarlıq xərcin necə bölüşdürüləcəyi bəlli deyil.
İndi Mərkəzi Asiya ölkələrinin daha çox maraqlandığı Zəngəzur dəhlizi də Azərbaycanı Naxçıvanla, yəni Türkiyə ilə fasiləsiz birləşdirəcək. Beləliklə, həm Qarabağın təbii yataqları regionda iqtisadiyyatı canlandıracaq, həm də orta dəhliz Türk Dünyası üzərində formalaşacaq.
Zəngəzur dəhlizi Mərkəzi Asiya ölkələrinin yeni bazarlara və logistika mərkəzlərinə çıxışına mühüm töhfə verəcək. Qarabağın daxili hissələrində davam edən yol tikintisi başa çatdıqdan sonra Zəngəzur dəhlizi əsas marşrutdan başqa yan yollara açılaraq şaxələndiriləcək. Bu marşrutlar arasında Füzuli-Şuşa arasında 101,9 km avtomobil yolu, 123 km Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu, 70 km Xudafərin-Qubadlı-Laçın yolu, həmçinin Kəlbəcər-Laçın yolu və Bərdə-Ağdam yolu var.
İndi önəmli olan bu məsələlərdə qətiyyət və Türk Dünyası arasında uzlaşma zəmininin davam etdirilməsidir. Çünki bu hədəflərə çatmaq heç vaxt asan olmur. Bir tərəfdən Rusiya-İran faktoru, digər tərəfdən Türk Dünyasının fəaliyyət meydanına çatması - bu kim üçün və nə qədər təhlükədir?...
Unudulmamalıdır ki, türk xəttinin dirçəlməsini istəməyən güclər tarixdə olduğu kimi, ümumilikdə bu prosesi öz aralarında və süni arqumentlərlə pozurlar.
Tarix: 5-09-2022, 16:41
Xəbəri paylaş





Xəbər lenti