II hissə (
I hissə)
Coğrafi cəhətdən Cənubi Qafqazda (CQ) Rusiya, Türkiyə, İran təmasdadır. Suriya böhranında əsas oyunçular hesab olunan bu ölkələrin rəqabəti və ya əməkdaşlığı CQ-da təsir edir. CQ Rusiyanın geosiyasi rəqibi olan ABŞ və Aİ-nin enerji təhlükəsizliyi və Mərkəzi Asiyaya (MA) çıxışı baxımından böyük əhəmiyyət kəsb edir. MA ilə birlikdə CQ Rusiyaya təsir etmək üçün əlverişli nöqtələr hesab edilir. Bu səbəbdən Rusiya üçün CQ-da münasib qüvvələr balansının mövcudluğu həyati əhəmiyyət kəsb edir.
Nəhayət, Rusiyanın özü də Qafqaz dövləti hesab olunur, belə ki, Şimali Qafqazda Rusiyanın
7 muxtar respublikası və federal dairələrə daxil iki ərazisi yerləşir.
SSRİ-nin parçalanmasından sonra 30 il ərzində CQ-da qüvvələr balansı Rusiya üçün məqbul idi. Bu dövrdə regionun 3 dövləti (Azərbaycan, Ermənistan, Gürcüstan) qonşu olduğu 3 böyük dövlətlə (Rusiya, Türkiyə, İran) fərqli səviyyəli münasibətlər qurdu.
Riyazi olaraq regionda formalaşan qüvvələr balansını belə ifadə etmək olar: • Rusiya +2, -1. Ermənistanla müttəfiq (+), Azərbaycanla strateji tərəfdaşlıq (+), Gürcüstanla sıfır münasibətlər (-)• Türkiyə +2, -1. Azərbaycanla müttəfiq (+), Gürcüstanla strateji tərəfdaşlıq (+), Ermənistanla sıfır münasibətlər (-).• İran +3. CQ-ın hər üç ölkəsi ilə diplomatik münasibətlər mövcuddur, lakin, müttəfiq və ya strateji tərəfdaşlıq əlaqələri qurulmayıb. Rusiya və Türkiyənin hesabında 1 müttəfiq, 1 strateji tərəfdaş və 1 problemli ölkə var. Əsas fərq bundadır ki,
Türkiyənin problemli münasibətlərə malik olduğu ölkə (Ermənistan) Rusiyanın müttəfiqi, Rusiyanın problemli münasibətlərə malik olduğu ölkə isə (Gürcüstan) Türkiyənin strateji tərəfdaşıdır. Belə vəziyyət CQ-ı Rusiya və Türkiyə arasında yeni qarşıdurma məkanına çevirə bilərdi. Lakin,
Azərbaycanın Türkiyə ilə müttəfiq, Rusiya ilə isə strateji tərəfdaş olması region üçün zəruri olan stabilliyi formalaşdırır. II Qarabağ müharibəsi qüvvələr balansını müəyyən qədər dəyişdi:
-
Türkiyənin müttəfiqi (Azərbaycan) Rusiyanın müttəfiqini (Ermənistan) məğlub edib, öz ərazi bütövlüyünü bərpa etdi;
-
Ermənistan və Gürcüstanda hərbi mövcudluğa malik Rusiya, 10 noyabr razılaşmasına uyğun olaraq Azərbaycanda sülhməramlı kontingent yerləşdirdi;
- Regionun qonşuları və CQ ölkələrinin iştirakı ilə 3+3 formatı yaradılmaqdadır. ABŞ və Ai-nin iştirakı olmayan bu format Rusiyanın marağındadır; - Ermənistan-Türkiyə arasında münasibətlərin normallaşdırılma perspektivləri yarandı. Perspektivin reallığa çevrilməsi qüvvələr balansının yuxarıdakı riyazi nisbətini dəyişdirə bilər.
Yeni şərait Rusiyanın region ölkələri ilə münasibətlərini dəyişməz saxladığı halda, Türkiyənin +3 perspektivi onu regional liderə çevrilməsini tezləşdirəcək. Gürcüstanın 3+3 formatına qatılmaması isə Rusiya üçün +3 vəziyyətinin perspektivini sıfıra endirir. Postmüharibə dövründə
Rusiyanın maraqlarına zidd addımı onun müttəfiqi
Ermənistan atdı. Paşinyan Aİ-ni vasitəçi kimi dəvət etdikdən sonra Rusiyanın bir il ərzində inhisarda saxladığı vasitəçilik rolu zəifləməyə başladı.
Ermənistan Rusiyanın vasitəçiliyi ilə qəbul edilən qərarları ləngidib, Aİ-nin vasitəçiliyinə üstünlük verir.
2022-ci ilin fevralından isə Rusiya diqqəti və resurslarını Ukraynaya yönəltdi.
Bu şəraitdə Ermənistan
Zəngəzur dəhlizində Rusiyaya
xüsusi hüquqlar vermək istəmədiyindən kommunikasiyaların açılması Ermənistan-Rusiya münasibətlərində problemə çevrilib. Rusiya regional proseslərdə əvvəlki qədər iştirak edə bilməsə də, üçtərəfli bəyanatın icra edilməsinin və regional kommunikasiyaların açılmasının tərəfdarıdır.
Beləliklə, hazırda resursların məhdudluğu Rusiyaya regionda əsas rol oynamağa imkan vermir.
Moskva CQ-da yeni reallıqda öz maraqlarını müəyyənetmə prosesindədir. Onun susqunluğunun da əsas səbəbi budur.
Postmüharibə dövrünün bir paradoksu da ondan ibarətdir ki,
CQ-da Rusiya üçün ən proqnozlaşdırıla bilən ölkə Azərbaycandır. Geostrateji perspektivlər və iqtisadi məqsədəuyğunluq Rusiyanı region ölkələrinin və ilk növbədə
Azərbaycanın mövqeyini nəzərə almağa sövq edir.
“Şərqə Baxış” Analitik Mərkəzi
Tarix: 6-09-2022, 10:02