“Siyasi partiyanın vəzifəsi təkcə seçkilərdə iştirak etmək deyil ki...” – İqbal Ağazadə
“Son 20 ildə Azərbaycanda yaşayanlar siyasi partiya təsis edə biləcəklər. Hazırki qanunvericiliyə əsasən, 18 yaşına çatmış Azərbaycan vətəndaşı prezident, deputat seçilə bilir. Bəs niyə partiya yarada bilmir? Gözləməlidir ki, 20 yaşı tamam olsun, partiya yaratsın. 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı siyasi partiyaya üzv ola bilirsə, o, siyasi partiya da təsis edə bilər. Hə, son 5 ildə və ya 10 ildə ölkədə yaşayan, prezident seçkilərində namizəd olanın partiya yaratmağa nə aidiyyəti var? Adam 18 yaşına çatıb prezident seçilə bilir. 18 yaşına çatıb prezident seçilə bilən partiya yarada bilməz? Bu, nə absurd şeylərdir?” Bu sözləri
Pravda.az-a Ümid Partiyasının sədri
İqbal Ağazadə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi barədə danışarkən deyib.
O, üzvlərinin sayını 10 minə çatdırmayan partiyaların ləğv olunacağına da münasibət bildirib: “10 min üzv məsələsini qoyan tərəflər dərhal Seçki Məcəlləsində də dəyişiklik etməlidir. Parlamentdə, prezident seçkilərində və bələdiyyələrdə iştirakla bağlı siyasi partiya nümayəndlərinin imza məsələsi gündəmdən çıxmalıdır. Onda siyasi partiya üzvləri prezident seçkilərində 40 min, parlament seçkilərində 450 nəfər imza toplamamalıdır, müvafiq olaraq 25, 50, 75, 100 imza da bələdiyyə seçkilərində toplamamalıdırlar. 10 min üzvlə qeydiyyata almısansa, 450 nəfərlə, ya 25, 75 nəfərlə hansı məntiqə sığır bələdiyyə, parlament və ya 40 min imza ilə prezident seçkilərində iştirak etsin. Absurddur. Bütün bunların hamısı bir-birinə ziddiyyət təşkil edir”.
İqbal Ağazadə iki seçkidə iştirak etməyən partiyaların qeydiyyatının ləğvi məsələsinin də məntiqsiz olduğunu deyib: “Seçkidə iştirak etmək və ya onu boykot etmək siyasi partiyaların haqqı, hüququdur. Siyasi partiyanın verdiyi qərarları onun ali orqanları alıb. Bunu ali orqanlarının müəyyənləşdirdiyi qərarı inzibati yollarla və ya onu qeydə alan orqan tərəfindən müdaxilə kimi dəyərləndirirəm. Siyasi partiya nə zaman istəsə, seçkidə iştirak edər. Nə vaxt hesab edər ki, seçkini udacaq, onun üçün əlverişli vaxtdır, onda seçkidə iştirak edər. Yox, hesab edər ki, mühit yoxdur, Seçki Məcəlləsi onun qalib gəlməsi üçün uyğun deyil, yaxud hələ təşkilatlanması yerində deyil, onda seçkidə iştirak etməz. Siyasi partiyanın vəzifəsi təkcə seçkilərdə iştirak etmək deyil ki. Siyasi partiya maarifləndirmə işi ilə, ideoloji işlələrlə məşğul olur, insanları öz sıralarına toplayır, fikir və düşüncələrini onlar arasında yayır. Heç bəlkə hakimiyyətə gəlmək istəmir, elə fikirlərini yaymaq, insanları maarifləndirmək istəyir. Onun qeydiyyatı ləğv olunacaqmış. Bu dəyişikliklərin heç biri uyğun dəyişikliklər deyil”.
Tarix: 8-09-2022, 14:57